“Dəmir at”ım mənə çoxlu dostlar qazandırıb”

399

Bu günlərdə 67 yaşlı mingəçevirli səyahətçi ilə elə səyahətə hazırlıq ərəfəsində görüşdük. Abid İsmayılov ixtisasca müəllimdir. 30 il pedoqoji sahədə çalışıb. Təqaüdə çıxdıqdan sonra ömrünün qalan hissəsini, belə demək mümkünsə, idmana sərf edib. Belə ki, o, ilk dəfə 64 yaşında velosipedlə, özünün dediyi kimi, “dəmir atı” ilə səhayətə çıxıb. 67 yaşlı səyahətçinin velosipedlə gəzdiyi ölkələr siyahısında İran, Gürcüstan, Türkiyə və Rusiya var.
Artıq Abid müəllim 5-ci veloturuna hazırlaşır. Onunla söhbətdən aydın oldu ki, əgər viza almaq baş tutsa, bu dəfə Avropa ölkələrinə üz tutacaq. O daha sonra dedi: “Bu idman növünü seçməkdə heç də yanılmamışam. Ona görə ki, uzun illər idi ki, həm şəkər, həm də qan təzyiqi xəstəliyindən əziyyət çəkirdim. Bu idman növünün sayəsində mən onlardan qurtula bildim”. “Gündəlik həyat tərzim səhər saat 6-da oyanmaq, hər gün 11-12 km piyada yol qət etməkdir”, – sözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz bildirdi ki, dostları da bu idman növü ilə maraqlanırlar: “Onlar hətta mənə deyirlər ki, biz də səninlə səyahətə çıxacağıq. Təəssüflər olsun ki, vaxt tamam olub səyahətə getmək vaxtı çatanda yenə tək qalıram. Məlum olur ki, onlar öz fikirlərindən vaz keçiblər”.
Səyahətçi səfərləri zamanı başına gələn əhvalatlardan da qısaca danışdı. Bildirdi ki, hara gedirsə, insanlar onun başına yığışır, onunla maraqlanırlar, hətta evlərinə qonaq da aparırlar: “İndi bilirsiniz, dünyanın bir çox ölkələrində nə qədər dostlarım var? Gürcüstanın Batum şəhərində Rüstəm, Dağıstanın İzberbaş Murad, Çeçenistanda Alivi, Almavirdə Sultan, Nalcikdə Əhməd və sairə. Bu siyahını uzada da bilərəm. Onlar mənə çox dəstək olublar. Həta Soçi yaxınlığındakı Djubka şəhərində velosipedimi də oğurladılar. Çox çətin vəziyyətə düşdüm. Avtobusla Soçiyə, oradan da gəmi ilə Batuma gəldim. Burada özümə yeni bir “dəmir at”aldım. Amma onu da deyim ki, o velosipedim köhnə idi”. Az sonra isə gülərək əlavə etdi: “Bəlkə də velosipedim məndən canını qurtarmaq üçün başını götürüb qacdı”.
Sonda onu da qeyd edək ki, Abid müəllim həm də gözəl ailə başçısıdır. 3 övladının üçü də həkimdir. Onlar ataları ilə fəxr edirlər və həmişə atalarını belə sağlam və gümrah görmək istəyirlər.
Esmira Hidayətova, Mingəçevir.