Dəm qazı ilə bağlı bilmədiklərimiz

0
516

Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzıbağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı, yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən, oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı saniyələr ərzində bütün orqanizm boyu yayılır. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: gözlər yaşarır, baş ağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürək bulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir. Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayaq ki, ev və mənzillərdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir. Unutmayın ki, qızdırıcı soba mənzilin ölçüsünə uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyükölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır.