Dədə Qorqudun ilk tədqiqatçısı: Əmin Abid (2)

0
799

“Dədə Qorqud”la bağlı araşdırmaları Əmin Abid sonralar, yəni vətənə qayıdandan sonra da davam etdirərək dastanı daha hərtərəfli şəkildə araşdırdı. O, bununla bağlı araşdırmalarını məqalələr şəklində çap etdirdi. Ümumiyyətlə, Əmin Abidə kimi heç bir araşdırmaçı “Dədə Qorqud”u bu qədər dərindən araşdırmamışdı. Bununla bağlı Əmin Abidin həyat və fəaliyyətini araşdıran tədqiqatçı alim Əli Şamilin fikrincə, o bununla da sanki, öncədən Dədə Qorquda rejim tərəfindən qadağa qoyulacağını və onun tədqiqinə icazə verilməyəcəyini hiss edibmiş… Yenə də maraqlı məqamlardan biri Əmin Abidin “Kitab-Dədə Qorqud” dastanını ayrıca götürülmüş bir dastan deyil, “Oğuznamə”nin bir hissəsi kimi tədqiq etməsidir. Tədqiqatçı alim Əli Şamil bunun səbəbinə toxunmasa da, zənnimizcə Əmin Abid bunu hər iki dastan arasnda olan yaxınlıq və baş verən hadisələrin birinin digərinin davamı təsiri bağışlaması ilə bağlı edib. Ola bilsin ki, Əmin Abid bununla “Kitab-Dədə Qorqud”u gələcəkdə ortaya çıxa biləcək hansısa təhlükələrdən qorumaq istəyib. Çünki ötən əsrin 20-ci illərində bolşevik rejimi keçmişə aid nə varsa məhv etməyə, yeni bir proletar mədəniyyətini tərənnüm edən ədəbiyyat yaratmaq istəyirdi. Əmin Abid eyni zamanda orta əsrlərin tanınmış ədəbi simaları olan Xətai, Qaracaoğlan, Kuhi, Dərdli, Quloğlu, Aşıq Əmrah və digərlərinin həyatını araşdıraraq onlar barəsində həm ədəbi aləmə, həm də geniş oxucu kütləsinə ətraflı məlumat çatdırıb. Azərbaycan ədəbiyyatı tarixinə bir tam kimi baxan alim orta əsrlər saray şairlərilə xalq arasından çıxan və sevilən ədəbi simalar arasında fərq qoymayıb. Bu da təbii ki, hər şeydə sinfi bölünmə axtaran bolşevik rejiminin xoşuna gəlmirdi. Bununla belə Əmin Abid istər saray, istərsə də sadə xalq arasında yaşayıb yaradan şairlərə Azərbaycan ədəbiyyatının bir parçası kimi baxır, onların ədəbiyyatımızın zənginləşdirilməsində böyük rolu olduğunu qeyd edirdi.
“Gültəkin” təxəllüslü ilə tanındı və sevildi
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra siyasi xadimlərimizin bir çoxu, o cümlədən vətənpərvər ruhlu soydaşlarımız xaricə, qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldı. Onlar Türkiyədə “Yeni Kafkasiya” adlı dərgi nəşr edərək Azərbaycanda baş verənləri geniş analiz edir və bu yolla sovet rejiminə qarşı mübarizə aparırdılar. “Yeni Kafkasiya” həm də bolşevik rejiminə qarşı sərt, tənqidi, eyni zamanda milli vətənpərvərlik ruhunda şeirlər dərc edilirdi. Bu şeirlər arasında “Gültəkin” təxəllüslü şairin yazdıqları daha çox diqqəti cəlb edirdi. Rəsulzadə Gültəkinin yazdığı şerilərdən ürəkdolusu danışaraq şairi milli istiqlal mücahidi adlandırırdı. Şair Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfindən işğalına, repressiyalara, təqib və həbslərə qarşı yazdığı şeirlərində istibdadın və əsarətin ömrünün az olacağına inam bəsləyir və alovlu misraları ilə insanları yeni azadlıq mübarizələrinə səsləyirdi. Onun bu şeirlərində vətənpərvərlik, Azərbaycana sevgi o qədər qabarıq şəkildə verilirdi ki, mühacirətdə olan soydaşlarımız onunla nəfəs verib nəfəs alırdılar. Məhz buna görə də Rəsulzadə Gültəkinin xalqımızı milli azadlıq mücadiləsinə səsləyən, onları əsarətə boyun əyməməyə çağıran şeirlərinə yüksək qiymət vermiş, hər misrasını millli azadlıq ruhumuzun himni adlandıraraq onu dövrünün ən böyük vətənpərvər şairi adlandırmışdı. Məhəmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Gültəkinə yüksək qiymət verərək yazır: “Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şeir bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda –
İstiqlal, o yaşayan
millətin qəlbində can,
İstiqlal, o səadət,
həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən
müəbbəd bir məşalə
Könüllərdə tutuşur,
gözlərdə sönsə belə!
– deyə “Gültəkin” adını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardı. Bunlardan Sənan və Yayıcılı Kərimi göstərə bilərik”.
Rəsulzadənin Gültəkinin ədəbi yaradıcılığına yüksək qiymət verməsini şairin “Bayrağım və istiqlalım”, “Buzlu cəhənnəm” şeirlərini öz əsərinə daxil etməsi də sübut edir.
Araşdırmalar və həqiqət
Sovet dövründə “Gültəkin” təxəllüsü ilə yazan şairin kim olması barədə qəti fikir yox idi. Bununla bağlı məsələni araşdıraraq Gültəkinin məhz Əmin Abid olduğunu ortaya çıxaran tədqiqatçı alim Əli Şamil yazır: “Hələ Azərbaycan Dövlət Universitetində oxuduğum illərdə (1968-73) Əmin Abidin ömür yolu, yaradıcılığı ilə maraqlanırdım. 1926-36-ci illərdə Azərbaycan mətbuatında dərc etdirdiyi dərin məzmunlu elmi məqalələrinə heyran qalmışdım. Onun xidmətinin layiqincə qiymətləndirilməməsi məni narahat edirdi. Ancaq nədənsə onun ömür yoluna işıq saçacaq, ipucu olacaq bir sətirə belə rast gəlmirdim. Bu boşluğu doldurmaq üçün Əmin Abidi tanıyanlara müraciət etmək qərarına gəldim. Dərin biliyinə sayğım olan professor Abbas Zamanova üz tutduqda, “Mən Bakı Pedaqoji Texnikumunda oxuyanda (1927-29) Əmin Abid orada müəllim idi, ancaq bizim kursa dərs demirdi. Sonra oradan uzaqlaşdı. Çox savadlı, yüksək mədəniyyətli insan idi. “Gültəkin” imzası ilə şeirlər yazmışdı” – deyə məlumat verdi. Uzun illər Abbas Zamanovdan başqa bir kimsədən Əmin Abidin “Gültəkin” imzası ilə şeirlər yazdığını bir daha eşitmədim”.
Bununla belə inadla araşdırmalarını davam etdirən Əli Şamil sonda “Gültəkin”in məhz Əmin Abid olduğunu sübuta yetirə bildi. Əmin Abidin “Gültəkin” imzası ilə şeir yazmasını isə Əli Şamil onun bolşevik təqibindən qorunmaq üçün etdiyi qənaətindədir. Onun sözlərinə görə, Rəsulzadə və ətrafındakılar da həmin dövrdə İstanbulda təhsil alan Əmin Abidin həyatını təhlükə qarşısında qoymamaq üçün onun əsl adını gizlədiblər: “Əmin Abid irticadan qorunmaq üçün “Gültəkin” imzası ilə şeirlər yazdığını gizlədib”
Əli Şamil araşdırmaları zamanı Əmin Abidə aid olduğu şübhə doğurmayan və müəllifi “Gültəkin” olan “Buzlu cəhənnəm” kitabını ortaya çıxardı. Bu kitab 1929-cu ildə ərəb, 1948-ci ildə isə latın əlifbası ilə nəşr edilib. Əli Şamil yazır: “Buzlu cəhənnəm” kitabı İstanbul “Kayabal-güresin” mətbəəsində 1948-ci ildə latın qrafikası ilə basılıb. Müəllifi Gültəkindir. Ancaq kitabı yayına müəllif deyil, tanınmış siyasi xadim, “Müsavat” partiyasının katibi Mirzə Bala hazırlayıb, ona “Gültəkin” başlıqlı geniş bir ön söz də yazıb. Orada deyilir: “Azərbaycan türkünün milliyyət, hürriyyət və istiqlal uğrunda sovet imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir”.
Gültəkinin hürriyyət və istiqlal hayqıran şeirləri 1923-1928-ci illərdə İstanbulda Rəsulzadə Məhəmməd Əmin bəy tərəfindən nəşr olunan “Yeni Kafkasya” məcmuəsində çıxıb. Bəziləri daha o zamanlar, rus imperializmi ilə çarpışan əsir millətlər tərəfindən öz dillərinə tərcümə edilib və bir örnək alınmış bu şeirlər, Milli Azərbaycan nəşriyyatının səkkizincisi olmaqla 1928-ci ildə İstanbulda çıxan “İstiqlal uğrunda” adlı şeirlər məcmuəsində toplanıb. Mühacirətdə yetişən “Millətçi azəri şairləri” seriyasından yayınlanmış ilk kitab “Buzlu cəhənnəm”dir. Tərtibçi birinci şeirin adını da kitabın üz qabığına çıxarmışdı”.
Gültəkinin qəti şəkildə Əmin Abid olduğunu sübut etmək üçün Əli Şamil onun öz imzası və Gültəkin təxəllüsü adı altında yazdığı şeirləri müqayisə etməyə başladı. Nəticədə Əmin Abid və Gültəkinin eyni adam olduğu ortaya çıxdı. Gültəkinin Əmin Abid olduğunu digər bir fakt da sübut etdi. Belə ki, “Gültəkin” təxəllüslü şair sonuncu şeirini 1926-cı ildə yazıb və bundan sonra onun imzasına rast gəlinməyib. Əmin Abid də Türkiyədən Azərbaycana 1926-cı ildə qayıdıb. Bundan sonra isə Gültəkinin-Əmin Abidin imzası mühacirətdə çıxan qəzet və jurnallarda görünməyib. Bu da aydın məsələdir ki, vətənə qayıdandan sonra Əmin Abid mühacirətdəki dərgilərə “Gültəkin” imzası altında şeir göndərə bilməzdi. Çünki sovet rejimi xaricə göndərilən bütün yazışmaları nəzarətdə saxlayırdı. Bu məktublar xüsusi adamlar tərəfindən açılaraq oxunur, hər söz, hər kəlmə diqqətlə araşdırılırdı. Belə ehtimal etmək olar ki, Əmin Abid də bunu bildiyi üçün risq etmədi və bununla da minlərlə mühacirin sevimlisinə çevrilən “Gültəkin” müəmmalı şəkildə “yoxa” çıxdı…
Əziz Mustafa