Dədə Qorqudun ilk tədqiqatçısı: Əmin Abid (1)

0
328

Onun haqqında geniş ədəbiyyat həvəskarlarına çox az sey məlumdur. İndinin özündə araşdırmaçılar istisna olmaqla ədəbiyyat aləmimizdə adı az-az hallanır. Halbuki, onun seirləri və ədəbi fəaliyyəti ötən əsrin 20-30-cu illərində milli mənəviyyatımızın qorunub saxlanılmasında və yeni nəsil milli azadlıq mücahidlərimizin yetişdirilməsində böyük rol oynayıb. O başdan ayağa türkçülük ruhunda yetişən və ya obrazlı şəkildə desək türk millətinin azadlığı və gələcəyi uğrunda canını hər an qurban verməyə hazır olan bir milli istiqlal fədaisi idi. O istiqlalı çox sevirdi və ona görə də seirlərinin birində azadlığa susayan şair yazırdı:
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
Mənsub olduğu millətinin milli istiqlalı yolunda da ölümə getməyi özünə şərəf bildi və repressiya illərində bolşevik cəlladları tərəfindən gedər-gəlməzə göndərildi. Bu böyük milli azadlıq mücahidi şeirləri ilə bolşevik sisteminə qarşı amansız savaş açan alovlu vətənpərvər “Gültəkin” təxəllüslü şair Əmin Abid idi.
İstiqlal mücadiləsinə aparan yol
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, adı Azərbaycan ədəbiyyati tarixinə tənqidçi, ədəbiyyatşünas alim kimi düsən Əmin Abid-Əhmədov Əmin Mütəllib oğlu 1898-ci ildə Bakıda anadan olub. Onun soykökü sonuncu Bakı xanı Hüseynqulu xana gedib çıxır. Balaca Əminin alovlu vətənpərvər kimi yetişməsində və dünyagörüsünün formalaşmasında o dövrün savadlı qadınlarından olan anası Reyhan xanımın böyük rolu olub. O, ibtidai təhsilini də anası Reyhan xanımın evdə təskil etdiyi məktəbdə alaraq özünün elmə olan marağı ilə diqqəti cəlb edib. Valideynləri Əminin dövrünün müasir elmlərini, o cümlədən rus dilini dərindən öyrənməsi məqsədi ilə balaca Əmini III Aleksandr gimnaziyasında oxumağa qoyurlar. Rusdilli gimnaziyada oxumasına baxmayaraq Əmin Osmanlıya-İstanbula getmək və orada ali təhsil almaq arzusunda idi. Amma həmin arada 1914-cü ildə I Dünya müharibəsinin başlaması Əminin İstanbula təhsil almağa getməsinə imkan vermədi. Amma o boş dayanmadı. Hələ gimnaziyada oxuduğu illərdən ədəbiyyata və tarixə böyük həvəsi olan Əmin 13-14 yaşlarından bədii yaradıçılıqla məsğul olmağa başladı. Əminin ədəbiyyata marağı da təsadüfi deyildi. Belə ki, həmin dövrdə Əminin qardaşı, tanınmış vətənpərvər şair Əlabbas Müznib “Dirilik”, “Babayi-Əmir” jurnallarının həm naşiri, həm də redaktoru idi. Əmin də 1912-ci ildən başlayaraq ədəbi yaradıcılığa “Dirilik”, “Babayi-Əmir” jurnalları, həmçinin Bakıda nəşr edilən müxtəlif qəzetlərdə dərc etdirdiyi məqalələr, hekayələr, şeirlər və tərcümələrlə başladı. O, yazdığı məqalələrin altına adətən “Abid”, “Abid Mütəllibzadə”, “Abid Alp Mütəlliboğlu”, “Qozqurab bəy” və başqa imzalarını qoyurdu. Bu qəzet və jurnallarda çap etdirdiyi məqalələr o vaxt 14-15 yaşı olan Əminin siyasi dünyagörüşünün formalaşmasında və onun ədəbi baxımdan daha da püxtələşməsində önəmli rol oynadı.
Azadlıq nəğməkarı
1918-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra gənc Əmin həyatını bu müqəddəs amal, gənc dövlətimizin daha da möhkəmlənməsi uğrunda mübarizəyə həsr etdi. Həmin dövrdə yazdığı məqalələrində Əmin azərbaycanlıları milli dövlətçiliyimizin ətrafında daha sıx birləşməyə, azadlığın qədrini bilməyə çağırırdı.
Osmanlı əsgərlərinin-Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik qətliamından xilas etməsini ruh yüksəkliyi ilə qarşılayan Əmin bununla bağlı məqalələrinin birində yazırdı: “Nəhayət ki, Azərbaycanın üzərinə gözlənilən günəş doğdu, Osmanlı əsgərləri Azərbaycanın başı üzərini alan qara buludları qovaraq şirin canlarından keçdilər, axıtdıqları qanları hesabına qan qardaşları Azərbaycan türklərinə əbədi səadət və xoşbəxtlik gətirdilər, onları zalımdən və zülümlərdən xilas etdilər”.
Ona görə də o, Azərbaycanın milli istiqlalına həsr edilən şeirlərinin birində müstəqilliyimizi tərənnüm edərək müəllifinə şöhrət gətirən bu misralarını yazmışdı:
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
Bu misralar Əminin bütün varlığı ilə milli istiqlalımıza sarıldığını, həyatının mənasını bunda gördüyünü bir daha sübut etməkdədir. Onun üçün vətən hər şeydən əzizdir, milləti millət edən onun varlığını tanıdan onun azad, müstəqil yaşamasıdır. Hürr azad və müstəqil yaşamaq: Bu amal idi gənc Əmini yeni zirvələrə səsləyən. Bu amal idi onun sinəsini coşduran və daşdıran, azadlıq şeirləri yazdıran. O həmin dövrdə özü də bilmədən yazdığı istiqlalı tərənnüm edən şeirləri ilə azadlıq nəğməkarına çevrilməyə başlamışdı.
Həmin dövrdə Azərbaycanın savadlı kadrlara böyük ehtiyacı vardı. Bunu nəzərə alan M. Ə. Rəsulzadənin təşəbbüsü ilə bir qrup gənc xaricə oxumağa göndərilir. Onların arasında gənc Əmin Abid də vardı. Əmin Abid əvvəlcə İstanbuldakı “Darülmüəllimeyi-Aliye”də oxudu. Sonra isə İstanbul Darülfünunun ədəbiyyat fakültəsini bitirdi. Onu da deyək ki, Əmin Abid İstanbulda təhsil aldığı illərdə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu isə istiqlal mücahidi olan və ana vətənini ürəkdən sevən Əmin Abiddə ağır izlər buraxşa da, o bir müddət özünə gələ bilməyərək düşgünlüyə qapılmışdı. Amma o özündə güc tapa bilərək vətən uğrunda mübarizəsini yeni müstəviyə keçirmək qərarına gəldi. Bu müstəvidə də 6 cildlik Azərbaycan ədəbiyyatı tarixini yazmağa, xalqımızın folklor nümunələrini toplayaraq tədqiq etməyə başladı.
İlk Qorqudşünas tədqiqatçı
Əmin Abid Türkiyədə ali təhsil aldığı illərdə bədii yaradıcılıqla bərabər həm də ədəbi tədqiqatla məşğul olmaq qərarına gəldi. O əvvəlcə Azərbaycan xalq folklorunu toplamağa girişdi. Onun topladığı ilk folklor nümunələri 1923-cü ildə “Kommunist” qəzetində dərc edildi. Amma həmin dövrdə o yalnız folklor araşdırmaları ilə deyil, həm də ədəbiyyatımızın tədqiqi ilə məşğul olurdu. İstanbul universitetində oxuduğu illərdə Əmin Abid yazdığı “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndə ədəbi tədqiqatçılarımız arasında “Kitabi-Dədə Qorqud” dastanını elmi şəkildə araşdıran ilk araşdırmaçı oldu. “Dədə Qorqud” dastanının nəinki Azərbacan, həm də bütün türk dünyası üçün xüsusi önəminə diqqəti cəlb edən Əmin Abid bununla da türkşünaslıq elmində yeni bir mərhələ açmış oldu. Əslində həmin dövrdə Əmin Abidin “Dədə Qorqud” dastanının tədqiqini önə çıxarması heç də təsadüfi deyildi. Belə ki, Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra milli mənəviyyatımız, milli varlığımız da təhlükə altına düşməkdə idi. Bolşevik rejimi ilk günlərdən Azərbaycanın tarixi keçmişini, mədəniyyətini, zəngin ədəbi irsini xalqa unutdurmağa, onu keçmişindən ayrı salmağa çalışırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqının ədəbi, mənəvi və tarixi həyatında böyük bir iz buraxan “Dədə Qorqud”un tədqiqini gündəmə gətirməklə vətənpərvər şair milli varlığmızın zənginliyini, Azərbaycan xalqının mənəvi irsinin işğalçılardan qat-qat yüksəkliklərdə dayandığını sübuta yetirmək, həm də milli varlığımızın qorunub saxlanılmasına çalışırdı. Təsadüfi deyil ki, tanınmış tədqiqatçı Əli Şamil Əmin Abidin ilk qorqudşünas tədqiqatçı olduğunu bildirib. Əli Şamil: “Azərbaycanda Dədə Qorqudun tədqiqi ilə ik dəfə İstanbul Universitetində oxuyan Əmin Abid məşğul olmağa başladı. O bununla da qorqudşünaslıqda yeni cığır açan tədqiqatçılardan oldu”,- deyib.
Əziz Mustafa