“Dədə-babalarımızın bellərinə küpə qoydurmaları onları ani ölümlərdən qoruyurdu”

0
702
Bəzi insanların kürəklərindən qan aldırmaları barədə yəqin siz də eşitmisiniz. Bakının Nizami rayonunda bu işlə məşğul olan şəxslə yenicə tanış olmuşam. Özünəməxsus kiçik bir yerdə belə küpə qoymaqla məşğul olan Hüseyn Məmmədov bu işin sirlərini Rusiyada öyrəndiyini deyir. Onun sözlərinə görə, son dövrlər müştərilərinin sayı xeyli artıb. Həmsöhbətimizin bildirdiyinə görə, belə küpə qoyma, yəni qan aldırma 3 seansda aparılır. Əvvəl kürəkdən, sonra ayaqlardan, daha sonra isə başdan qan alınır. Başdan qan aldırmaq üçün saçlarını mütləq qırxdırmalısan.
Bir seansın qiyməti 15-20 manatdır

Müsahibimizin sözlərinə görə, bu seanslar şəxslərin istəyinə görə həyata keçirilə bilər, yəni həm eyni vaxtda, həm də ayrı-ayrı. Bir seans təxminən 30-40 dəqiqə, bəzən 1 saat davam edir. Bir seansın qiyməti bu işi gördürənin tələbinə görə dəyişir. Məsələn, H. Məmmədov bir seansın müqabilində 15-20 manat əziyyəthaqqı alır. Bundan başqa, kürəkdən qan almaq üçün istifadə edilən kiçik bankalar və xüsusi avadanlıq da müştəriyə ayrıca satılır. Yəni bunun seansa dəxli yoxdur. Bunun müqabilində isə müştəridən 15 manat alınır.

 

“Bu metod keçmişdə də

mövcud olub”

Kürəkdən qan almaq üçün istifadə edilən küpələr apteklərdə və müxtəlif ticarət mərkəzlərində satılır. Hətta yuyulub təmizlənsə belə, təkrar başqası üçün istifadə edilə bilməz. Hər halda Hüseyn Məmmədov elə deyir: “Küpələrin təkrar istifadə edilməsində problem yoxdur. Amma əvvəl kimin kürəyindən qan almaq üçün istifadə olunubsa, təkrar yalnız həmin şəxs üçün istifadə edilə bilər”.

Kürəkdən insan orqanizmi üçün zərərli hesab edilən qanın alınması ənənəsi yüzilliklər öncə də mövcud olub. Hətta İslam dininə aid bəzi mənbələrdə bu işin görülməsinin sünnət olduğu bildirilir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Zaman-Azərbaycan”a açıqlamasında xalqımızın uzun illər tətbiq etdiyi bu metodun indiki dövrdə unudulmasından təəssüfünü bildirdi. Telman Zeynalovun sözlərinə görə, ölkəmizdə qəfil ölümlərin səbəbinin artmasının biri də son vaxtlar kürəkdən qan aldırma ənənəsinin unudulmasıdır: “Deyirlər ki, filan insanın damarını tromb tutdu, öldü. Nəyə görə? Çünki qanı çirklənib, karbon qazı insan bədənində azalıb. Nəticədə, qan təmizlənmir. Hətta gənclər arasında da bu cür ani ölüm hallarına tez-tez rast gəlinir”.

 

“Tromba səbəb olan

zəhərli, çirkab qandır”

Telman Zeynalovun sözlərinə görə, əvvəllər kənd yerlərində də, şəhərdə də bir insan sətəlcəm olanda onun belinə banka qoyardılar. Bundan başqa, belə küpə qoyurdular. Beli də bir balaca çərtirdilər. Küpələr tədricən insanın kürəyində olan çirkab qanı sovurub çəkirdi. O dövrdə tromb xəstəliyi yox idi. 1950-ci ilə qədər ölkəmizdə belə küpə qoyma metodundan geniş istifadə olunduğuna görə, tromb xəstəliyi yox idi. Amma tədricən unudulmağa başladı. İndi isə, demək olar, tamamilə unudulub. Nə qədər ki, dədə-babalarımızın verdiyi öyüd-nəsihətləri biz yadımızdan çıxarmışıq, problemlərimiz də çox olacaq. Belə küpə qoyulanda insanın kürəyini sovurur, sovurur və görürsünüz ki, qapqara qan çıxır. Bu həmin tromba səbəb olan zəhərli, çirkab qandır. Onu təmizləyəndən sonra səhərisi gün insanın qızdırması da düşür, təzyiqi də normallaşır, yuxusu da bərpa olunur, bədəni gümrahlaşır və s. Qədimdə insanları belə sağaldırdılar, müalicə edirdilər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here