“CV verəndə cavan idim”

455
İndi bu və ya digər müəssisəyə işə düzəlmək istəyənlərdən, bir qayda olaraq, CV tələb olunur. 
Sözün düzü, bu SV-nin mənasını dəqiqi bilmirəm. Amma eşitdiyimə görə, CV (Curriculum Vitae) bu və ya digər şəxsin təhsili və məşğuliyyəti haqqında yazılı sənəd anlamını verir. Lakin kimi bunu “həyat yolu”, kimi “tərcümeyi-hal” kimi xarakterizə edir. Xülasə, bu, elə bir sənəddir ki, ondan işə düzəlmək məqsədilə istifadə olunur. Onu da deyim ki, səliqəli tərtib olunmuş CV uğurun əlli faizini təşkil edir. Yəni CV elə yazılmalıdır ki, işəgötürən həmin sənədlə tanışlıqdan sonra sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bu yazını yazmaqda heç də məqsədim CV üzərində gəzişmək deyil. Sadəcə, elektron poçtuma daxil olmuş bir məktubda onun adı çəkildiyindən mən belə bir girişlə yazımı başlamaq qərarına gəldim. Yəni məqsədim alayıdır.

İndi gələk həmin məktuba. Məktubda nə yazılıb? Tələsməyin, nöqtəsinə, vergülünə toxunmadan onu sizə də təqdim edirəm. Hə, bir də istədim həmin məktubu azacıq bəzəyib-düzəyib hüzurunuza çıxarım. Amma az sonra anladım ki, məktubun heç bir bəzəyə ehtiyacı yoxdur. Deməli, belə: “Çox hörmətli Qəmiş müəllim? Mən sizin daimi oxucunuzam. Hər yazınızı səbirsizliklə gözləyirəm. Hətta kiçik yazılarınızdan bəzilərini oxuyanda o qədər gülürəm ki… Yeri gələndə onlardan dost-tanışlarıma da söyləyirəm. Nə isə… Heç ağlıma gətirməzdim ki, nə zamansa mən də sizə müraciət etməli olacağam. Amma bəzən həyat adamı elə şeylərə vadar edir ki… Uzun sözün qısası, neçə illər bundan öncə işə düzəlmək məqsədilə bir “xod” gedən müəssisəyə CV-mi təqdim etdim. Lakin bir müddət sonra oradan bir cavab çıxmadığını görüb özüm həmin müəssisəyə yollandım. Məni qapıda qarşılayanlar başa saldılar ki, CV vermisənsə, narahat olma, günlərin bir günü səni dəvət edib söhbətləşərlər. Beləcə, bu vədə aldanıb günlərlə gözləməli oldum. Bir şey hasil olmadığını görüb yenə də ora yollandım. Bu dəfə də eyni sözləri eşitdim. Beləcə, neçə-neçə illər ötməsinə baxmayaraq, mən əlaqəni kəsmədim. Lakin hər dəfə eyni cavabı eşitdim: “CV vermisənsə, narahat olma, günlərin bir günü səni dəvət edib söhbətləşərlər”. Lakin mənim CV-mdən bir cavab çıxmadı ki, çıxmadı.

Günlərin bir günü yuxarıda çalışan tanışımı məsələdən agah etdim. İnsafən, o məni diqqətlə dinlədikdən sonra müdirin qəbuluna düşə biləcəyimi və bu məsələdə vasitəçi ola biləcəyini söylədi. Doğrudan da, bu telefon söhbətindən heç bir həftə keçməmiş müdir məni yanına çağırtdırdı. (Heyif deyil tanışlıq). İçəri girən kimi müdir məni başdan-ayağa süzüb soruşdu:

– Bala, ingilis dilini bilirsən?

– Fikrimi izah etməkdə çətinlik çəkmirəm. Üstəlik, rus dilini də babat bilirəm.

– Valideynlərin harada çalışırlar?

– Orda-burda çalışıb birtəhər çörək pulu qazanırlar.

– Bura işə düzəlmək istəyində əsas məqsədin nədir?

– Bu sahəyə öz töhfəmi vermək.

– Mən xeyli vaxtdır ki, metro xidmətindən istifadə etmirəm. İndi orada xidmətin keyfiyyəti necədir?

– Yaxşıdır.

– Şikayətiniz nədəndir?

– Neçə ildir bu müəssisədən bir iş istəyirəm, məni sabah-sabaha salırlar.

Bu söhbətdən sonra müdir yenidən CV-yə göz gəzdirdi. Mənə elə gəldi ki, handan-hana o, sanki bir rahatlıq tapdı. Hətta dərindən  nəfəs də çəkdi. Mən elə o an barmağımı dişlədim. Çünki onun ürəyindən qopan həmin “evrika”nı açıq-aydın eşitdim. Lakin büruzə vermədim. Az sonra müdir dilləndi:

– Axı bizə 25 yaşa qədər işçi tələb olunur, sənin isə yaşın 25-dən çoxdur.

– Zati-aliləri, – dedim, – mən bu müəssisəyə qulluq üçün CV təqdim edəndə lap cavan idim, yəni heç 25 yaşım yox idi.

Müdir məni tərs-tərs süzərək başını buladı. Və deyəsən, elə həmin tanışımın xatirinə məni gülə-gülə yola saldı.

Hörmətlə, sizin pərəstişkarınız Ümbilnisə xanım”.

Hə, indi siz deyin. Möhtərəm oxucunun bu yazısına hansısa bəzək vurmağın bir mənası vardımı? Təbii ki, yox. Bir də bəzi məmurlar elə bilərdilər ki, bu yazını mən yazmışam. Heyif deyil, özgə əli ilə ilan tutmaq.

Qvami Məhəbbətoğlu