Çuxur hamam da bərpa olunur

406

Ötən ilin dekabrından Quba şəhərindəki XVIII-XIX əsrlərə aid tarixi abidədə – Çuxur hamamda bərpa işlərinə başlanılıb. Restavrasiya ABŞ Dövlət Departamentinin Səfirləri Mədəni İrsinin Qorunması Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində görülür. Biz orada olarkən səfirliyin əməkdaşları da işlərin gedişi ilə maraqlanırdılar.

Söhbət zamanı səfirliyin mədəniyyət məsələləri üzrə mühəndisi bildirdi ki, bu səfirliyin regionlarda ilk layihəsidir. Bərpa işi 3 mərhələdən ibarətdir. Layihənin direktoru “LİRA” Gənc İstedadlar Cəmiyyətinin sədri Lalə Abasova burada sənətkarların, dulusçuların, xalçaçıların və başqalarının əl işlərinin sərgilənəcəyini və eyni zamanda satışının təşkil olunacağını qeyd etdi. Beləliklə, rayona gələn və abidəyə üz tutan yerli və xarici turistlər həm bizim sənətkarlıq nümunələri ilə tanış olacaq, həm də alış-veriş edəcəklər.

“İnşaat” MMC-nin iş icraçısı İsrail Cabbarov 11 ildir ki, bərpa işləri ilə məşğuldur. Bakıda “Atəşgah” məbədinin, “Şaqan qala” qəsrinin bərpasında çalışıb. Hazırda Çuxur hamamla yanaşı, Qız Qalasının arxasında, İçərişəhərdə də bərpa işləri görür. Söhbət zamanı o bildirdi ki, abidədə o qədər incəliklər, tikinti sirləri var ki, naşı usta adi bir səhv üzündən qədim tikilini korlaya bilər: “Necə ki, sovet dövründə təmir adı ilə necə gəldi iş görüblər. İndi də onun əziyyətini biz çəkirik. Çox təəssüf ki, o vaxt aparılan təmir işləri buranın ümumi ansamblı ilə harmoniyanı pozub və hamamın ümumi daxili görünüşünə xələl yetirib.

O vaxti qaynaq aparatları, dəmir beton məmulatları olmayııb. Lakin tikinti elə aparılıb ki, əsrlərin sərt sınağından çıxaraq öz varlığını qoruyub saxlaya bilib. Şərq memarlıq üslubunda inşa olunan abidədə hörmə işində bişmiş kərpicdən, gildən, yumurta ağından istifadə edilib. Lakin bununla yanaşı, elə sirlər var ki, biz də onların açarını tapmaqda çətinlik çəkirik”.

İş icraçısı ilə söhbətdən öyrəndik ki, artıq abidənin fasad hissəsinin bütün uçulmuş hissələri, giriş qapıları, hücrələr və s. bərpa edilib. Hər bir iş zərgər dəqiqliyi ilə görülüb. Bərpa zamanı sement məhlulundan, laboratoriyada hazırlanmış xüsusi qatqıdan, şəffaf, su keçirməyən, Almaniya istehsalı olan “Defama” adlı məhluldan istifadə edilib ki, bu da hər bir kərpicin öz təbii rəngini və davamlılığını saxlayır, uzunömürlülüyünü artırır. Doğrudan da iş icraçısının sözündən sonra biz hamamın fasad hissəsində aparılan bərpa işlərinə nə qədər diqqət yetirdiksə də, köhnə ilə təzəni ayıra bilmədik.

Haşiyə. İş icraçısı elektrik lampalarını söndürdükdən sonra qarşımızda çox gözəl bir mənzərə açıldı. Çölün işığı ilə buradan heç bir fərq yox idi. Bəs səbəb nə idi? İşıq seli gümbəzin yuxarısında, tam mərkəzdə təxminən diametri 1 metr olan dairəvi dəlikdən və yanlardakı 20-30 santimetrlik yarımdairəvi beş pəncərədən süzülürdü. Bunların arasındakı məsafə elə dəqiqliklə hesablanıb ki, günəşin hərəkət trayektoriyasından asılı olaraq hamamın işıqlandırılması eyni vəziyyətdə qalır.

Məlumat üçün bildirək ki, hamamın ümumi sahəsi 630, həyəti isə 300 kvadrat metrdən çoxdur. Daxildə 14 hücrə var. Ümumi yuyunma otağının sahəsi 67 kvadratmetrdir. Hamam ötən əsrin 80-cı illərinədək əhalinin istifadəsində olub. Lakin sonradan kanalizasiya sisteminin bağlanmasu ucbatından fəaliyyətini dayandırıb. O vaxtdan hamam baxımsız qaldığından uçub-dağılırdı.

Qvami Məhəbbətoğlu,

Qəhrəman Qasımov Əməkdar jurnalist