Çulım türkləri

513

Çulım türkləri Sibirin ən yerli və qədim xalqlarından hesab edilirlər. Onlar Sibirin bolsulu çaylarından biri hesab edilən Ob (Ov) çayının qollarından olan Çulımın ətrafında yaşayırlar. Adətən onları Tomsk  karaqası, Çulım adamları, Çulım tatarları da adlandırırlar. Çulımlar isə özlərinə “iyus kijilər” (Çulım kişiləri) və ya “pestın kijilər”(bizim kişilər) deyirlər. Elmi ədəbiyyatda isə Çulımlar, Çulım türkləri adı altında tanınırlar. 2002-ci ilə kimi Çulımlar rəsmi sənədlərdə xakaslar adı altında qeyd olunublar.

 Etnogenezis

Çulım türklərinin əcdadlarının Sibirin ucsuz-bucaqsız çöllərində eramızdan bir neçə min il əvvəl yaşadıqları məlumdur. Amma Çulımların tarixin səhnəsinə çıxması 16-18-ci əsrlərdə baş verdi. Buna səbəb Rusiyanın Sibir xanlığını işğal etməsi və bu dövlətin varlığına son qoyması oldu. İşğaldan sonra Cənubi Sibirdən şimala və şərqə, Ob çayı ətrafına qaçan türk tayfaları, özlərinə qohum oan teleutlar, Yenisey qırğızları, yerli selkuplar və ketlərlə, sonra isə xakaslarla və qisməndə ruslarla qaynayıb qarışdılar. Nəticədə yeni bir etnik xalq formalaşdı və onları ətrafında yaşadıqları çayın adı ilə (Çulım) çağırmağa başladılar. Çulımlar həmçinin vaxtı ilə Tutal və Melets tatarları adı altında da tanınıblar. Qeyd edək ki, Çulım türklərinin əcdadları 14-15-ci əsrlərdə Sibirin böyük ərazisində, o cümlədən indiki Krasnoyarsk, Tomsk və Kemerovo vilayətlərində yaşayırdılar. Çulımların etnogenezısının formalaşmasının son mərhələsində xakaslar, Narım selkupları və Tomsk tatarları da önəmli rol oynadılar.

Rusiya tərəfindən Sibirin işğal edilməsindən sonra Çulımların yaşadıqları ərazilər tədricən azalmağa başladı. Ruslar Çulımların əkin və otlaq yerlərini zorla əllərindən alır və onları tarixboyu yaşadıqları yerləri zorla tərk etməyə, daha da şimala və şərqə üz tutmağa məcbur edirdilər. Hazırda Çulımların böyük hissəsi Tomsk vilayətinin Tequldet və Krasnoyarsk Vilayətinin Tüxtət (Tyuxtet) rayonun Paseçnoe və Çindat kəndlərində yaşayır.

 Dilləri

Çulım dili Altay türk dillləri ailəsininin uyğur qrupuna aiddir. Lakin ruslar tərəfindən həyata keçirilən assimilyasiya siyasəti nəticəsində dillərini tədricən itirməkdədirlər. Belə ki, iri şəhərlərdə yaşayan çulımlılar əsasən rus dilində danışırlar. Lakin kəndlərdə və kompakt halda yaşadıqları ərazilərdə Çulım dilinin Tutal və Melet ləhcələrindən istifadə edirlər. Çulım dilinin əlifbası yoxdur və bu dil məktəblərdə heç vaxt tədris edilməyib. 1996-cı ildə Tomsk vilayət rəhbərliyinin qərarı ilə bölgədə yaşayan əhalinin siyahıya alınması keçirilib. Siyahıya alma zamanı məlum olub ki, bölgədə yaşayan 742 Çulım türkündən yalnız 184 nəfər ana dilində danışa bilir. 557 nəfər Çulım türki isə ana dilinin rus dili olduğunu bildirib. 10 yaşdan aşağı uşaqların isə cəmisi 1-2 faizi ana dilini başa düşür.

 Sayları

Çulımların dəqiq sayı barədə məlumat yalnız 18-ci əsrin əvvəllərinə aiddir. Rusiya mənbələrində onların sayı 18-ci əsrin əvvəllərində 830 nəfər göstərilib. Hərçənd ki, bu inandırıcı görünmür. 19-cu əsrin sonlarında Çulım türklərinin sayları 4800 nəfər idi. Amma ruslar və yerli xakaslar tərəfindən assimişyasiyaya uğramaları nəticəsində Çulım türklərinin sayı sürətlə azalmağa başladı. Yuxarıda qeyd etdiyimz kimi 1996-cı ildə Tomsk vilayətində keçirilən əhalinin siyahıya alınması zamanı cəmisi 742 nəfər özünü Çulım türk adlandırmışdı. Onlardan da ki, cəmisi 184 nəfəri Çulım dilini ana dili olduğunu bildirmişdi.

1986-cı ildə keçirilən siyahıya alma zamanı Krasnoyarskın Paseçnoe və Çindat kəndlərində 134 Çulım türkünün yaşadığı məlum oldu. 1995-ci ildə “Çulımlılar” Assosiasiyası da çulımlıların siyahıya alınmasını həyata keçirdi. Siyahıya alma zamanı Çindat və Paseçnoe kəndlərində 448 nəfərin yaşadığı üzə çıxdı. Çulım türkləri arasında ölüm səviyyəsi olduqca yüksəkdir. Belə ki, ötən əsrin 90-cı illərində Tequldet kənd soveti orada yaşayan əhalinin ölümü ilə bağlı araşdırma aparıb. Məlum olub ki, kənddə yaşayan 349 nəfər arasında ölənlərin sayı 19,5 faiz təşkil edir. Bu olduqca yüksək rəqəm hesab  edilir. Nəticədə yaşlı adamların sayı sürətlə azalmaqdadır. Məsələn, Çulımlar arasında yaşı 60-dan yuxarı olan əhalinin sayı 11,7 faizdir. Çulımlılar arasında doğum səviyyəsi də xeyli azdır və cəmisi bir neçə faiz təşkil edir.

 Din

Çulım türkləri Rusiyanın bölgəni içğal etməsinə qədər şamanizmə inanırdılar. Lakin işğal və assimilyasiya siyasəti çulımlıların şamanizmdən uzaqlaşmasına gətirib çıxardı. 17-18- ci əsrlərdə Rusiya zorla Çulım türklərinə xristianlığı qəbul etdirdi. Buna baxmayaraq kəndlərdə yaşayan Çulım türklərinin adət-ənənələrində günümüzə qədər şamanizmin təsiri özünü göstərməkdədir.

 Məşğuliyyətləri

Çulım türkləri adətən cayların və göllərin ətrafında yaşayırlar. Ruslar Sibir xanlığını işğal edənə kimi və ondan sonrakı dövrlərdə Çulımlıların əsas peşələrindən biri əkinçilik və heyvandarlıq idi. İşğaldan sonra əkin və otlaq sahələrinin azlaması balıqçılığı çulımlıların əsas məşğuliyyətlərindən birinə çevirdi. Eyni zamanda onlar meşələrdə xəzdərili heyvanların ovu ilə də məşğul olurlar. 18-19-cu əsrlərdə və 20-ci yüzilliyin ilk 30 ilində çulımlı ovçular Rusiyanın əsas xəzdəri tədarükçüləri hesab edilirdilər. Bundan əlavə onlar meşələrdən yeməli meyvələr, o cümlədən dərman bitkiləri tədarük edirdilər. İndi də əsas peşələri balıqçılıq və ovçuluqdur. Çulım qadınlarının əsas peşəsi isə kustar toxuculuq hesab edilir. Onlar indi də milli ənənyə uyğun olaraq müxtəlif jaketlər, corablar toxumaqdadırlar.

 Milli paltarları

 Çulımlıların milli geyimləri göynək və şalvar hesab edilir. Gündəlik həyatda istifadə edilən qadın köynəkləri qalın kətandan tikilir. Amma bayram paltarları çit və ya ipək parçadan hazırlanır. Kişi şalvarları adətən kətandan tikilib. Üst paltarının hazırlanmasında isə aşılanmış dəridən istifadə edilib. Qışda qadınlar tülkü dərisindən hazırlanan kürklər geyinir, başlarına ağ və ya qırmızı papaqlar (tas tar) örtür, qışda isə bu məqsədlə dəri şapkalar qoyurlar.

Əziz Mustafa