“Çox sayda sübutlar var ki…”

492
İstifadə olunan qida məhsullarının tərkibi hər kəsə maraqlıdır. Dövlətimiz də vətəndaşlarının sağlam və təhlükəsiz qidalarla təmin etmək istiqamətində bir çox tədbirlər həyata keçirir. 
Bu qəbildən olan tədbirlərdən biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Halal” qida. Ümumi tələblər” dövlət standartının təsdiq edilməsidir. Məlumat üçün bildirək ki, Azərbaycanda “Halal” qida. Ümumi tələblər” dövlət standartı 2012-ci il avqustun 1-dən tətbiq olunmaqdadır. Halal qida mövzusuna yenidən müraciət etməyimizin səbəbi ölkəmizdə toy mövsümünün başlanmasıdır. Bu yazımızda araşdırmağa çalışdıq ki, qohum-əqrəbanın, dost-tanışın toyu münasibətilə qonağı olduğumuz şadlıq saraylarında xırda və iribuynuzlu heyvanların kəsimində, hazır ətin və ya ət məhsullarının alınmasında, kolbasa məhsullarından istifadə olunmasında “Halal” qida. Ümumi tələblər” dövlət standartının tələblərini hansı səviyyədə nəzərə alırlar.“Sifarişçi heyvanların kəsilməsi işlərində iştirak və nəzarət edə bilər” “Golding ring” şadlıq sarayının administratoru Əbdül Qasımov qəzetimizə açıqlamasında bildirdi ki, kəsim sexlərində ətlərin kəsilməsi prosesinə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən birbaşa nəzarət olunur. Adıçəkilən şadlıq sarayına lazım olan ətləri fermerdən aldıqlarını dilə gətirən Əbdül Qasımov əlavə etdi ki, heyvanların kəsilməsi, ətlərin daşınması və saxlanması işlərinə əməkdaşları tərəfindən birbaşa nəzarət olunur: “Toy sifarişçiləri toyuqların, xırda və iribuynuzlu heyvanların kəsilməsi işlərinə nəzarət edə bilərlər. İstəsələr, toy sahibləri əti özləri də gətirə bilərlər”. Müsahibimizdən onu da öyrəndik ki, insanların halal olub-olmaması ilə bağlı daha çox narahat olduqları kolbasa məhsulları “Golding ring”in menyusunda yoxdur. “Süfrədə hansı kolbasanın olmasını  sifarişçinin özü də seçə bilər” Mövzumuzla bağlı suallarımızı cavablandıran “Real” şadlıq sarayının müdiri Hafiz Əzimov isə qeyd etdi ki, toy menyusunda istifadə olunan qida məhsullarının halalığına bilavasitə nəzarət edir: “Ətləri fərdi sahibkardan alırıq. Hansı ki, uzun illərdir həmin fermeri tanıyırıq və onun gətirdiyi ətdən heç bir narazılığımız olmayıb. Onu da qeyd edim ki, bizə ət satan fermerin tanış adam olmasına baxmayaraq, həkimdən sənəd gətirməyini mütləq şəkildə tələb edirik. Heyvanların halal şəkildə kəsilməsinə, ətin təmiz saxlanmasına isə əməkdaşımız Mir Əhməd nəzarət edir. O, dindar olduğu üçün bu işləri ona həvalə etmişik”. Hafiz Əzimov toy menyusunda kolbasa məhsullarından istifadə məsələsinə də aydınlıq gətirdi: “Sifarişçi tərəfindən seçim şadlıq sarayı rəhbərliyinə həvalə olunduqda, “Hala qida. Ümumi tələblər” dövlət standartı sertifikatı olan firmaların məhsullarını alırıq. Daha çox “SAB” şirkətinin məhsullarına üstünlük veririk. Süfrədə hansı kolbasa firmasının məhsulunun olmasını sifarişçinin özü də seçə bilər”. “Neolit” şadlıq sarayının administratoru Akif Məmmədov bizimlə söhbətində bildirdi ki, heyvanları öz əməkdaşları kəsirlər: “Heyvanlar şadlıq sarayında kəsilir. “Halal qida. Ümumi tələblər” dövlət standartı sertifikatımız var. Sifarişçinin özü də heyvanların kəsim işlərində iştirak və nəzarət edə bilər”. Hansı kolbasa şirkətinin məhsullarından istifadə etdiklərinə də aydınlıq gətirən A. Məmmədov bunları dedi: “Kral”, “Halal nemət, min bərəkət” və “Hacı Turqay” kolbasalarından istifadə edirik”. “Çox sayda sübutlar var ki”… Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şadlıq sarayları ilə bağlı  müəyyən standartların işlənib hazırlanmasına ehtiyac var: “Hazırda şadlıq sarayları üçün heç bir standart yoxdur. Halbuki buna böyük ehtiyac var. Musiqinin səsindən tutmuş servisə qədər, hər şey standarta salınmalıdır. Kimsə şadlıq sarayında süfrələrindəki qida məhsullarının hamısının halal olmasını iddia edirsə, inanmıram. Çox sayda sübutlar vardır ki, şadlıq saraylarının verdiyi qida məhsullarının heç də hamısı halal deyil”. Son vaxtlar Azərbaycanda dini toyların sayının artdığına diqqət çəkən E. Hüseynov istehlakçıların aldadıldığını vurğuladı. Qeyd edək ki, “Meridian”, “Xəmsə”, “Yeganə” və “Sonalar sonası” şadlıq saraylarının administratorları müxtəlif bəhanələr gətirərək, mövzumuzla bağlı suallarımızı cavablandırmadılar. Elvin Əliyev