Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından 2 ay keçir

0
140

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından 2 ay keçir

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi respublikamızda  bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zərurətə çevirdi. Odur ki, bu istiqamətdə müvafiq qabaqlayıcı addımlar atıldı. Nəticədə koronavirus pandemiyası  ölkəmizdə geniş yayılmadı. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsi olaraq hazırda ölkəmiz bu bəladan minimum insan itkisi ilə çıxmaqdadır. Halbuki bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün onlarla insan vəfat edir.

Ölkə başçısının 19 mart tarixli Fərmanına əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Digər Sərəncamla isə bu fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq iyirmi milyon manat ayrıldı. Bəli, Azərbaycan bu sahədə də birincilik göstərdi. Məhz bundan sonra bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradıldı.

Fonda köçürmələrə gəldikdi isə, ilk təşəbbüs yenə də Prezident İlham Əliyevdən gəldi. Belə ki, dövlət başçısı bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da belə bir addım atdı. Bu humanist təşəbbüs xalqımız tərəfindən rəğbətlə qarşılandı və prosesə qoşulanların sayı tezliklə artdı. Belə ki, ictimaiyyətin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirməyə başladılar. Bu yerdə Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə dediyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir.”

Qeyd edək ki, ianələrin məbləğindən və ödənişi həyata keçirənin sosial statusundan asılı olmayaraq fondda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən rəsmi internet saytında yerləşdirilir. 18  may 2020-ci il tarixinə fonda edilən ianələrin ümumi məbləği 113,295,480 manat,  156, 982 ABŞ dolları, 87,453, 7 avro və 150 000 rubl təşkil edir. İanə köçürən şəxslər arasında 3336 hüquqi, 11 678 fiziki şəxs var.  Bu faktları həm də koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin və xalqın milli həmrəyliyinin yeni bir nümunəsi kimi də dəyərləndirmək olar.

Xatırladaq ki, fondun bu vəsaitlərindən istifadə edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir. İndiyədək fondda toplanmış vəsaitlərdən hər hansı formada istifadə edilməyib. Prezident İlham Əliyevin mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında  bildirdiyi kimi, hələ ki, 1 manat da xərclənməyib.  Bu isə o deməkdir ki, dövlət hazırda pandemiya ilə mübarizədə nə lazımdırsa edir. Yəni, bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır. Bu və digər tədbirlərə isə bütövlükdə 3,5 milyard manat vəsait ayrılıb.

Fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə – xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu