Çörəyin qiymətini “gizli” artırırlar…

975

Azərbaycanda çörəyin qiyməti bahalaşmayıb, ancaq həm də bahalaşıb. Söhbət ondan gedir ki, son vaxtlar çörəyin qiyməti rəsmən bahalaşmasa da, çəkisi xeyli azalıb. Bəzi sahibkarlar bunu gizli etdiklərini düşünürlər. Lakin çəkinin azalması hər bir istehlakçının diqqətini cəlb edir. Məsələn, marketlərdə satılan 30 qəpiklik çörək (qablaşdırılmadığından istehsalçısı göstərilmir-red) son vaxtlar xeyli “arıqlayıb”. Bunu gündəlik istehsal zamanı da hiss etmək olur. Məsələn, əgər bir ailədə gündəlik bu çörəkdən 3-ü istifadə olunurdusa, “arıqlamadan” sonra 4-nü almaq lazım gəlir. Çörək istehsalçıları bu yola əl atmalarını ölkəmizdə baş verən devalvasiya ilə əlaqələndirməyə çalışırlar…

Çörəyin qiymətini “gizli” artıranlara İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də xəbərdarlıq edib. Nazirliyin açıqlamasında deyilir: “İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə Tədbirlər Planına uyğun olaraq, manatın üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Aparılmış birgə tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 69 ünvanında fəaliyyət göstərən “Muğan” firması və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü köndələn küçəsi, 3 ünvanında fəaliyyət göstərən “Səma” firması tərəfindən ədədlə satılan dairəvi “zavod çörəyi”nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin “gizli” artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub. Yol verilmiş qanun pozuntuları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Muğan” firmasının direktoru Tahir Mirişovun və “Səma” firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə, barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edirlər”.

Anbarlarda saxladıqları unun qiymətini süni şəkildə artıranlar…

Qeyd edək ki, son günlər ölkəmizdə unun qiymətində də kəskin artım müşahidə olunurdu. Bəzi rayonlarımızda hətta unun bir kisəsinin qiyməti 30-32 manata satılırdı. Belə ki, devalvasiyanı fürsət bilən bəzi işbazlar bir neçə ay öncə aldıqları və anbarlarda saxladıqları unun qiymətini süni şəkildə artırırdılar. Halbuki həmin un məhsulları bir neçə ay öncə alındığından onun indiki devalvasiya ilə heç bir əlaqəsi ola bilməz. Artıq bəzi rayonlarda bu yolla süni qiymət artıran sahibkarlara qarşı tədbirlər görülməsinə başlanılıb.

Bəzi yerli rayon icra hakimiyyətlərində keçirilən toplantılarda isə müvafiq qanunvericiliyə uyğun olaraq, sahibkarlara qiyməti artırmamaq, artıracaqları təqdirdə, məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.

Yəqin ki, bu da çörəyin qiymətinə öz müsbət təsirini göstərəcəkdir. Çünki bölgələrdə çörək istehsalçılarının bəziləri unun qiymətinin artmasını əsas göstərirdilər.

Vurğulayaq ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilib.

“Çəkisi 680 qram göstərilsə də tərəzidə ölçərkən 570 qram gəlib”

Tədbirlər Planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, çörəyin çəkisinin azalmasını “Report”un bir neçə gün öncə apardığı bir araşdırma da təsdiq edir. Belə ki, “Nur” Çörək Zavodunun qiyməti 40 qəpik olan çörəyi üzərində çəkisi 680 qram göstərilsə də, 560 qram olmuşdu. “Günəşli” Çörək Zavodunun qiyməti 40 qəpik olan çörəyinin üzərində çəkisi 680 qram göstərilsə də, tərəzidə ölçərkən 570 qram gəlib. “Ucal” Çörək Zavodunun da eyni qiymətə satılan çörəyinin üzərində qiyməti 680 qram göstərilsə də, faktiki çəkisi 590 qram gəlib. “Əhmədli” Çörək Zavodunun çəkisi üzərində 670 qram göstərilən çörəyinin çəkisi isə 540 qram təşkil edib.

“Bu çörəklərin ticarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir”

Məlumat üçün bildirək ki, hazırda ticarət mərkəzlərində çörəyin qiyməti növündən asılı olaraq, 30-80 qəpik arasında dəyişir. Bəs çörək alarkən nələrə diqqət etməliyik? Bu suala da İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatı əsasında cavab verməyə çalışacağıq: “Çörəyin tipi istifadə olunan unun əmtəə sortu ilə müəyyən edilir. Buğda çörəyinin – əla, 1-ci, 2-ci sort, kəpəkli və ya kəpəkli unla 2-ci sort unun qarışığı ilə bişirilən, çovdar çörəyinin – kəpəkli, kəpəksiz çovdar unundan, çovdar-buğda çörəyinin – çovdar-buğda və buğda çovdar unundan və 2-ci sort buğda unu ilə kəpəksiz çovdar unu qarışığından hazırlanan cörək tipləri vardır. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışan olmamalıdır, yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır, yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və linc yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli çörək orqanizmdə yaxşı mənimsənilir. Çörəyin səthi hamar, parıltılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif və s. olmamalıdr. Bu nöqsanlar aşkar edilərsə, belə çörəyin alınmasından imtina edilməlidir.

Çörəyin saxlanılma müddəti sobadan çıxan vaxtdan hesablanır. İstifadə müddəti ötmüş çörək məmulatlarının ticarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir. Çörəyi saxladıqda bir çox mikroorqanizmlərin inkişafı nəticəsində çörəkdə xəstəlik baş verir. Kartof xəstəliyi kartof çöpləri və s. bakteriyalar vasitəsilə çörəyin içliyində inkişaf edir. Bu xəstəlik ən çox yay zamanı 2-ci sort buğda çörəyində olur. Çörək bişdikdən 12-24 saatdan sonra içlik qaralır, yapışqanvari yumrular əmələ gəlir. Kartof xəstəliyinə tutulmuş çörək istifadə üçün yararsızdır.

“Çörək alarkən əl vurmaq yolverilməzdir”

Çörəyi kəskin iyli məhsullarla, məsələn, balıq, tütün məmulatları, sabun, ətriyyatlar və s. bir yerdə saxlamaq olmaz. Çörək məmulatlarının yaxşı və təzə qalması üçün onların üstü örtüklə örtülməlidir. Çörək alarkən əl vurmaq yolverilməzdir. Özünəxidmət mağazaları alıcıların çörək və çörək-bulka məmulatlarını seçmələri üçün xüsusi maşalarla təmin olunmalıdır.

Qüvvədə olan standartların, texniki şərtlərin tələblərinə uyğun gəlməyən, habelə düzgün saxlanılmadığı üçün korlanan çörək və çörək-bulka məmulatlarının satışına yol verilmir. Çörək və çörək məmulatları məcburi sertifikatlaşdırılmalı olan ərzaq məhsuludur. Əks təqdirdə bu malların satışı qadağandır”.

Əgər sizin də istehlakçı hüquqlarınız pozularsa, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 0124981501, 0124981504 nömrəli telefonlarına zəng vurub məlumat verə bilərsiniz.

Nicat İntiqam