Çörəkdən az, kartofdan daha çox istifadə etməliyik

444
Minimum istehlak səbətinin tərkibinə dəyişiklik edilib. Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycanda minimum istehlak səbətinin tərkibi”nin təsdiq edilməsi haqqında qərarına edilən dəyişikliklər 2015-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək. Hökumətin istehlak səbətinə etdiyi dəyişiklik iki qrupu – ərzaq və xidmətləri əhatə edir. Qeyri-ərzaq məhsullarını əhatə edən minimum normalarda isə heç bir dəyişiklik olmayıb.
Əvvəlki “istehlak səbəti” ilə sonuncunu müqayisə etdiyimiz zaman belə görünür ki, çörək və çörək məhsullarına olan tələbat aşağı düşüb. Əvvəllər əməkqabiliyyətli bir adam üçün il ərzində 150 kiloqram çörək və çörək məhsulları norma hesab edilirdisə, indi bu rəqəm 13,2 kiloqram azalaraq 136,8 kiloqrama düşürülüb. Pensiyaçılar üçün nəzərdə tutulan norma isə daha az, cəmi 1,1 kiloqram azaldılıb. Əvvəllər pensiyaçılar üçün il ərzində 109 kiloqram çörək və çörək məhsulları nəzərdə tutulurdusa, 2015-ci ilin yanvarın 1-dən etibarən bu göstərici 107,9 kiloqram olacaq. Əvəzində isə 0-15 yaşlı uşaqlar üçün nəzərdə tutulan norma artırılıb. Belə ki, əvvəllər 0-15 yaşlı uşaqlar üçün il ərzində 98 kiloqram çörək və çörək məhsulları norma hesab edilirdisə, bu rəqəm 2,5 kiloqram artırılaraq 100,5 kiloqrama qaldırılıb.

 Pensiyaçılar kərə yağından daha çox istifadə etməlidirlər

Minimum istehlak səbətinin tərkibində əməkqabiliyyətli bir adamın illik istehlakı üçün nəzərdə tutulan kartofun, tərəvəz və bostan məhsullarının, ət və ət məhsullarının, süd və süd məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın, həmçinin şəkər və qənnadı məmulatlarının çəkisi artırılıb. Meyvə və giləmeyvənin norması dəyişməyib. Bitki yağı, marqarin və kərə yağının norması isə aşağı salınıb. Onu da qeyd edək ki, pensiyaçı və uşaqlar üçün normaların dəyişməsi fərqli olub. Məsələn, əməkqabiliyyətlilər üçün kərə yağının norması azaldığı halda, pensiyaçılar üçün artırılıb, uşaqlar üçün dəyişməz qalıb. Norması yaşından asılı olmayaraq, hər kəs üçün artırılan ərzaqların arasında ət və ət məhsulları, kartof,  süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları yer alır.

 İctimai nəqliyyatdan minimum 692 dəfə istifadə olunmalıdır

Xidmətlərlə bağlı yalnız su, kanalizasiya və nəqliyyatla bağlı nəzərdə tutulan minimum normalara dəyişiklik edilib. Əvvəllər adambaşına ildə minimum 6 m3 isti və soyuq su nəzərdə tutulurdusa, 2015-ci ilin yanvarın 1-dən etibarən bu göstərici 5 m3 olacaq. Kanalizasiya xidmətləri də eyni qaydada 6 m3-dən 5 m3-ə endirilib. Nəqliyyat xidmətlərində isə dəyişiklik bir qədər fərqli olub. Belə ki, əvvəllər nəzərdə tutulurdu ki, əməkqabiliyyətli bir adam il ərzində ictimai nəqliyyatdan minimum 606 dəfə istifadə etməlidir. İndi bu rəqəm artırılaraq 692-yə yüksəlib. Pensiyaçılar üçün dəyişiklik olmayıb.Əvvəllər olduğu kimi, bundan sonra da pensiyaçılar il ərzində ictimai nəqliyyatdan minimum 365 dəfə istifadə etməlidirlər. Uşaqlar üçün də norma artırılıb və 307-dən 406-ya çatdırılıb. Digər normalarda isə dəyişiklik olmayıb.

 Yaşayış minimumunun 60 faizindən çoxu  ərzağa xərclənməlidir

Bir məsələni də qeyd edək ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əməkqabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar və uşaqlar üçün isə 103 manat məbləğində müəyyən edilib. Mövcud bazar qiymətlərinə nəzər salsaq, minimum istehlak səbətində nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətləri satın almaq üçün yaşayış minimumu üçün nəzərdə tutulan məbləğ yetərli deyil. Əməkqabiliyyətli əhali üçün yaşayış minimumu  bir il üçün 1612 manata (ayda 136 manat) bərabərdir. Minimum istehlak səbətində əməkqabiliyyətli bir adamın payına minimum 136,8 kiloqram çörək və çörək məhsulları,  54,8 kiloqram kartof, 97,2 kiloqram tərəvəz və bostan məhsulları, 38 kiloqram meyvə və giləmeyvə, 32,9 kiloqram ət və ət məhsulları, 223,6 kiloqram süd və süd məhsulları, 7,7 kiloqram balıq və balıq məhsulları, 150 ədəd yumurta, 16,9 kiloqram şəkər və qənnadı məmulatları, 10,9 kiloqram bitki yağı və marqarin, 7 kiloqram kərə yağı düşür. Bu sadalananları bazar qiymətləri ilə hesablasaq, təxminən 1000 manat pul xərcləmək lazımdır. Yaşayış minimumundan geri qalan 600 manat isə qeyri-ərzaq məhsullarına və xidmətlərə xərclənməlidir.

 Ermənilər çörəyi az, meyvəni bizdən çox yeyirlər

Müqayisə apara bilmək üçün qeyd edək ki, Ermənistanda minimum istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarının norması bəzi məhsullar üzrə bizdəkindən çox, bəziləri üzrə isə az olub. Məsələn, bədnam qonşumuzda əməkqabiliyyətli bir adamın payına il ərzində minimum 91,3 kiloqram çörək və çörək məhsulları düşür ki, bu da bizdəki normadan nə az, nə çox, düz 45,5 kiloqram azdır. Əvəzində ermənilərin “istehlak səbətində” meyvə və giləmeyvənin çəkisi bizimkindən 35 kiloqram çox – 73 kiloqram təşkil edir.

 Geyimlə bağlı minimum tələblərimiz dəyişməyib

Yuxarıda qeyd etdiyimiz kimi, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalar dəyişməyib. Xatırladaq ki, bu normaya görə, əməkqabiliyyətli bir adam 8 ildə 3 palto tipli üst geyimi, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, ilyarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı və digər mallardan istifadə etməlidir. Xidmətlərə gəlincə, əməkqabiliyyətli bir adam minimum 12 m2 mənzildə yaşamalı, 12 ayda 5 m3 isti və soyuq su işlətməli, ayda 50 kv/s enerjidən, 21 kubmetr qazdan və ildə 692 dəfə nəqliyyatdan istifadə etməlidir. ALLAHVERDI CƏFƏROV