Çörək də var, “yoğurmağa” kombayn da…

0
535

Ötən il bu vaxtı ölkədə bir gərginlik var idi – kəndlilər, fermerlər şəxsi təsərrüfatlarında əkdikləri taxılları biçmək üçün kombayn tapmırdılar.

Tapmırdılar o mənada ki, həm taxıl əkənlərin sayı çox idi, həm də buna rəğmən kombaynların sayı az idi. Kəndlilər kimi, kombayn sürücüləri də gərginlik içərisində idilər. Çünki həm əvvəlkindən qat-qat çox işləyirdilər, həm də zənglərinə cavab verə bilmədikləri, sahələrini çatdırıb biçə bilmədikləri, taxılları yerlə bir olan insanlarla göz-gözə gəlməkdən çəkinirdilər. Bəli, həqiqətən, o ərəfədə sahələrdə taxıl zəmiləri batanlar az olmadı. Halbuki həmin kəndlilərin, bəlkə, də dolanışıq baxımından yeganə ümid yerləri həmin sahələr idi. Həm qışda bu taxılı çörəyə çevirib keçinəcək, həm də biçindən sonra bir hissəsini satıb, borc-xərclərini ödəyəcəkdilər…

Qeyd edək ki, həmin dövrdə ölkədə ümumilikdə 1,6 milyon hektar ərazidə taxıl əkilmişdi. Ölkədə isə cəmi 1980 kombayn var idi.

O dövrdə mətbuat, bu mövzuda çox yazdı, kəndlilərin giley-güzarlarını və xahişlərini gündəmə gətirdi.

Nəhayət, gözlənilənlər baş verdi, Prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra hər şey aydın oldu. Belə ki, dövlət başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzaladı. Sənədə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 (on beş) milyon manat ayrıldı.

Həmin sərəncamdan sonra ölkəmizə yüzlərlə taxılbiçən kombayn gətirilib və bu işin müsbət nəticəsi artıq göz önündədir. Belə ki, bir neçə müddətdir ölkəmizdə, xüsusən aran rayonlarında arpa biçininə başlanılıb və proses uğurla davam edir. Bu günlərdə isə buğda biçininə başlanılacaq. Artıq nə ötənilki kimi gərginlik var, nə də kombayn çatışmazlığı. Nə sahələrdə arpa, buğda batır, nə də kombayn sürücüləri narahatlıq keçirirlər.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, əgər aran rayonlarında taxıl biçini zamanı kombayn çatışmazlığı yaşanarsa, Xaçmaz Regional Nümayəndəliyinin balansındakı 50 taxılyığan kombayn aran bölgəsində biçinə cəlb olunacaq. Belə ki, göndərilən kombaynlar, əvvəlcə, Kürdəmir rayonunda taxıl biçinini həyata keçirəcək. Şimal bölgəsində taxıl biçini iyun ayının ikinci ongünlüyündə başlayır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən, buradakı kombaynlar taxıl biçini başlayan rayonlara köməyə göndərilir. Aran rayonlarında biçin prosesi itkisiz və vaxtında başa çatdırıldıqdan sonra kombaynlar geri qayıdacaq.

Füzulidə də taxıl yığımına başlanılıb. Füzuli rayonunda cari ilin məhsulu üçün 31 min 794 hektarda taxıl, o cümlədən 19 min 116 hektarda buğda, 12 min 678 hektarda arpa yetişdirilib. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır. 60-dan çox taxılbiçən kombayn, habelə xeyli sayda küləş presləyən, taxıl təmizləyən, nəqliyyat vasitəsi, qoşqu və digər texnika saz vəziyyətə gətirilib.

Ağcabədi rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Rayonda cari ilin məhsulu üçün 21 min 482 hekratda taxıl, o cümlədən 16 min 745 hektarda buğda, 4737 hektarda arpa yetişdirilib. Havaların əlverişli keçməsi, zəmilərə normal qulluq göstərilməsi, sahələrə vaxtında mineral və üzvi gübrələrin verilməsi, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi bol məhsulun yetişməsinə səbəb olub. Taxıl biçininə rayonda olan 65 kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb ediləcək.

Ağsu rayonunda cari mövsümdə 33 min 131 hektarda məhsul yetişdirilib. Bunun 14 min 270 hektarı buğda, 18 min 861 hektarı isə arpadır. Bir neçə gündür rayonun cənub ərazilərində arpa biçilir. Artıq 1000 hektaradək sahənin məhsulu yığılıb. Orta məhsuldarlıq 33-36 sentner təşkil edir. Biçin kampaniyasına 70-dən çox kombayn cəlb olunub. Kömək üçün respublikamızın şimal dağlıq rayonlarından da texnika göndərilib. Rayonun Padarqışlaq, Kəndoba, Gəgəli, Çaparlı, Xəlilli, Ərəbmehdibəy və bir sıra digər kəndlərində taxılçılar yaxşı nəticələr əldə edirlər.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür taxıl biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Şəkikənd, Suçma, Kiçik və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda, hələlik, arpa biçilir. İlk günlər 3800 hektara yaxın arpa sahəsi biçilib, 9500 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 25 sentner təşkil edir. Bu göstərici ötən illə müqayisədə 4-5 sentner yüksəkdir.

Xatırladaq ki, ötən ilin payızında rayonda 2015-ci ilin məhsulu üçün 61 min 231 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 39 min 144 hektarını buğda, 21 min 917 hektarını arpa, qalanını isə xəsillik arpa sahələri təşkil edir.

Biçin kampaniyasına, ümumilikdə, 60 təzə, 40 köhnə kombayn, həmçinin 69 küləş presləyən aqreqat, 210 şum traktoru, məhsulun sahələrdən daşınması üçün 300-dək yük maşını, traktor və qoşqu cəlb olunub.

Bərdədə cari ilin məhsulu üçün 11 min 979 hektar sahədə taxıl əkilib. Zəmilərin 8956 hektarında buğda, 3023 hektarında isə arpa yetişdirilib. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Qısa müddətdə arpa sahələrinin 1210 hektarı (40 faizi) biçilib. Hər hektardan məhsuldarlıq orta hesabla 32,5 sentner təşkil edir ki, bu da ötən illə müqayisədə 1,1 sentner çoxdur.

Tərtər rayonunda bir neçə gündür taxıl biçininə başlanılıb. Cari ilin məhsulu üçün Tərtərdə 10 min 843 hektar sahədə taxıl becərilib. Bunun 5610 hektarı buğda, 5233 hektarı arpa zəmiləridir. Keyfiyyətli toxumlardan istifadə olunması, eləcə də zəmilərə düzgün aqrotexniki qulluq göstərilməsi, vaxtında gübrə verilməsi nəticəsində bol məhsul yetişib. Artıq arpa sahələrinin 481 hektarında biçin aparılıb, 1692 ton məhsul götürülüb.

Biçin digər rayonların ərazilərində də davam etdirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here