Con Kennedinin anası Roza Kennedi

0
409

XX əsrə öz damğasını vuran məşhur siyasətçilərin meydana çıxmasında onların analarının böyük rolu olub.

Bu baxımdan müəmmalı şəkildə qətlə yetirilmiş ABŞ Prezidenti Con Kennedinin anası Roza (Rouz) Kennedinin adı xüsusi hörmətlə çəkilir. Bu da təsadüfi deyil. 9 övlad doğaraq tərbiyə edən və onlardan biri ABŞ Prezidenti olan, digərləri senatorlar səviyyəsinə qədər yüksələn Roza Kennedi nəinki ABŞ-da, həm də dünyada ən mənəviyyatlı və mədəni analardan biri hesab edilir. Təsadüfi deyil ki, layiqli, vətənpərvər övladlar yetişdirdiyinə, tərbiyə etdiyinə görə Roza Kennedi Roma Papası tərəfindən nümunəvi və xeyriyyəçi ana tituluna layiq görüldü. Həqiqətən, Roza Kennedini bu baxımdan dünyanın ən xoşbəxt, eyni zamanda hələ sağlığında ikən iki oğlu qətlə yetirilən dərdli bir ana hesab etmək olar. Roza Fitscerald-Kennedi 1890-cı ildə Massaçusets ştatının varlılar yaşayan Boston rayonunda anadan olub. Roza ailənin 6-cı övladı idi. Rozanın atası Con Fitscerald irland-ingilis mənşəli idi və iki dəfə Senata seçilmişdi. O tanınmış konqresmen, alovlu siyasətçilərdən hesab edilirdi. Con Fitscerald iki dəfə Boston şəhərinin meri seçilmişdi. Rozanın uşaqlıq illəri katolik ailəsində keçdiyindən onu ailədə dindar böyütməyə, təhsil verməyə çalışmışdılar. Roza kilsə məktəbini bitirmişdi. 16 yaşı olanda isə Hollandiyadakı orta təhsil verən kilsə məktəbində təhsilini tamamlamışdı. Roza uşaqlıqdan bir o qədər də gözəlliyi ilə yaşıdlarından fərqlənmirdi. Rozanın 16 yaşı olanda atası Con onu və bacısı Aqnesi özü ilə ABŞ-ın o dövrdəki prezidenti Uilyam Mak-Kinlinin qəbuluna aparmışdı. Roza ilə müqayisədə Aqnesi qəbulda daha səmimi qarşılayan prezident Mak-Kinli : “Siz bu günə kimi Ağ Evə qədəm qoyan ən gözəl qızsınız”,-deyə onu tərifləmişdi.

Prezidentin bacısı Aqnesi tərifləməsi Rozaya olduqca ağır təsir göstərmişdi. O tərifə görə bacısına paxıllıq etmirdi, sadəcə olaraq, uşaq ağlı ilə anlayırdı ki, gözəl olmadığı üçün həyatda hər şeyə yalnız zəhməti ilə çatmalı olacaq. Orta təhsil alandan sonra Roza sənədlərini elit təbəqənin övladlarının təhsil aldığı məşhur Uelsli Humanitar Elmlər Kollecinə verdi. Lakin o bu məktəbə daxil ola bilmədi. Qızının ali kilsə təhsili almasını arzulayan ata Con onu Boston katolik monastırının nəzdindəki kollecdə oxumağa məcbur etdi. Sonralar Roza dəfələrlə dünyəvi təhsil ala bilməməsindən təəssüfləndiyini bildirmiş və hər dəfə də onu zorla kilsə təhsili almağa məcbur edən atasından gileylənmişdi.

Atlantik sahillərində tanışlıq

Rozanın 17 yaşı olanda atası Con ailəsini Atlantik okeanı sahillərindəki məşhur Old-Orçard-Biç kurort şəhərinə dincəlməyə apardı. İş elə gətirdi ki, Fitsceraldın ailəsi Kennedi ailəsi ilə qonşuluqda ev tutdu. Bu təsadüfi qonşuluq Rozanın gələcək həyatının müəyyən edilməsində ona bəxş edilən talenin bir qisməti oldu. Kennedilər ailəsinin gənc 19 yaşlı oğlu Cozef Rozanı görən kimi ona vuruldu. Halbuki Roza digər bacıları kimi bir o qədər də gözəl hesab edilmirdi. Gənc oğlanın gözəl olmayan Rozaya vurulması Kennedilər ailəsində də birmənalı qarşılanmamışdı. Onlar Cozefin nəyə görə Rozaya vurulmasının səbəblərini anlamaqda çətinlik çəkiridlər. Kennedi ailəsi Roza ilə müqayisədə daha zərif və şirin təsir bağışlayan Aqnesin öz gəlinləri olmasını, bəlkə də, daha çox arzulayırdılar. Kennedilər ailəsi ilə həmin dövrdə Aqnes arasında olduqca isti münasibətlər formalaşmışdı. Ancaq Cozef üçün Roza Aqnesdən daha gözəl və təmizqəlbli qız təsiri bağışlayırdı. Roza da, əvvəlcə, gözəl olmadığı üçün Cozefin ona vurulmasını adi bir imkanlı gəncin şıltaqlığı kimi qəbul etmişdi. Lakin Cozefi daha yaxından tanıyandan sonra Roza anladı ki, o, gələcək həyat yoldaşının gözəl qadın olmasını arzulamır və gözəlliyin ərə xəyanət gətirə biləcəyindən ehtiyat edir. Həmin dövrdə Cozefin Rozaya vurulmasını və qızlarını haraya getsə müşayiət etməsini Fitsceraldlar ailəsi həzm edə bilmirdi. Onlar Cozef Kennedinin qızları üçün layiqli ər ola biləcəyinə inanmırdılar. Ona görə də Con Fitscerald Cozeflə Rozanın ailə həyatı qurmasının əleyhinə idi. Onlar hər vasitə ilə Rozanın Cozeflə münasibətlərini kəsməsinə çalışırdılar. Buna nail olmadığını görən Ata Con Fitscerald Roza ilə açıq söhbət etmək qərarına gəldi. Con Fitscerald: “Qızım Cozefdən sənə ər olmayacaq. Onun ürəyi səndə, gözləri isə kənardadır. O, ailəyə sədaqətli ər olmayacaq, xəyanət edəcək. Bunu öncədən bilməyən yaxşıdır. Ər həyat yoldaşına xəyanət edəcəksə, onda ailədə hüzur olmayacaq. Nə qədər gec deyil, Cozefdən kənar durmağın məsləhətdir”, – dedi.

Roza atasına cavabında: “Cozefdə heç xoşunuza gələn müsbət bir cəhət tapa bilmirsinizmi?” – deyə soruşdu.

Con Fitscerald isə Cozef Kennedinin ən müsbət cəhətinin əməksevər olduğunu söylədi: “Cozef zəhmətdən qorxmur, işləməyi sevir, tənbəl deyil, ambisiyalıdır. Bu ona cəmiyyətdə yüksək yer tutmağa imkan verəcək. Ancaq ondan sədaqətli ailə başçısı çıxmayacaq. Ona görə də ailə həyatının öncədən zəhərə dönməsini, əzab-əziyyət çəkməyini istəmirəm!”

Əslində Con Ftscerald uzaqgörən bir adam idi və o gözəl Cozefin istənilən məclisdə qadınların diqqət mərkəzində olacağını anlayırdı. Hər halda dəfələrlə bunun da şahidi olmuşdu. Ərin ailəyə xəyanət etməsinin də onun həyat yoldaşını dərdə salacağını və ya xəyanətə əl atmağa məcbur edəcəyini də bilirdi. Ona görə də qızının gələcəkdə ərinin xəyanətinə görə əzab çəkməsini və ya ona xəyanət etməyə məcbur olmasını arzulamırdı.

Roza atasının son sözləri qarşısında sussa da, Cozefə olan məhəbbətini qəlbindən çıxara bilmədi. O, gənc və gözəl olan bu oğlanla rastlaşmasını talenin xoş bir hədiyyəsi hesab edirdi. Bununla belə, Cozef və Roza uzun müddət ailə həyatı qura bilmədilər. Buna səbəb isə hər iki ailənin bu izdivaca mane olması oldu. Hər iki ailənin gəncləri ayırmaq istəməsinə baxmayaraq, onlar görüşməkdə davam edirdilər. Cozef Rozanın yanından ayrılmır, onunla mütəmadi olaraq görüşürdü. Nəhayət, 7 illik əzablı tanışlıqdan sonra, 1914-cü ildə Roza və Cozef bütün tərəddüdlərə son qoyaraq ailə həyatı qurdular. Valideynləri razı olmadıqlarından onların toyları olduqca sakit və təmtəraqsız şəraitdə keçdi. İlk illərdə Roza və Cozef özlərini olduqca mehriban aparırdılar. Hətta onların ailədə belə xoşbəxt olmaları onların izdivacını arzulamayan valideynləri tərəfindən belə qəribə qarşılanmışdı. Təzə ailə quran zaman Cozef Kennedinin ildə 10 min dollar gəliri olurdu. Bu pul o vaxt üçün böyük məbləğ hesab ediliridi. Cozef olduqca çalışqan, sahibkarlıq fəaliyyətinə ciddi yanaşan olduğundan onun gəlirləri sürətlə artmaqda davam edirdi. Ailə həyatı qurduqdan on il sonra Cozef artıq ABŞ-ın multimilyonerlərindən birinə çevrilmişdi. Roza Cozefə 9 övlad bəxş etdi. Gələcəyin prezidenti olacaq Con ailənin ikinci övladı idi.

Ailə əzabları

Con Fitsceraldın öncədən dedikləri doğru çıxdı. Cozefin getdiyi elit məclislərində yüzlərlə qadın pərəstişkarı olurdu və o, tədricən Rozaya xəyanət etməyə başladı. Cozef evə gec-gec-gəlməyə başladı. Bütün bunlar isə Rozanı üzməkdə idi. Cozef özü də həyat yoldaşına xəyanət etdiyini gizlətmirdi. Onun məşhur kinoaktrisa Qloriya Svenson ilə münasibətdə olduğu bütün Amerikada dillər əzbəri idi. Buna dözməyən Roza dördüncü uşağını dünyaya gətirməsi ərəfəsində ər evini tərk edərək doğma ata evinə qayıtdı. O bu hərəkətinin atası tərəfindən təqdirlə qarşılanacağını gözləyirdi. Lakin onun gözlədiyinin əksi oldu. Ata Con: “Qızım, sənə öncədən xəbərdarlıq etmişdim, Cozefdən ər çıxmayacaq. Bu yolu özün seçdin, sözümə baxmadın. İndi mən nə etməliyəm, ailənimi dağıtmalıyam? Bir də kilsə qanunlarına əsasən, ər sənə xəyanət etsə belə ondan ayrıla, boşana bilməzsən. Boşana bilmədiyin halda yenidən ailə həyatı da qura bilməyəcəksən. Ona görə də yaxşısı budur, ailənə qayıt, onun xəyanətinə döz, başqa çıxış yolun yoxdur”,-dedi.

Belə bir vəziyyətdə Rozanın yenidən ər evinə qayıtmaqdan başqa çarəsi qalmadı. Amma onun ailə əzabları davam edirdi. Roza hər gün Cozefin kiminləsə ona xəyanət etdiyi barədə xəbər eşidirdi. Belə bir vəziyyətdə o bütün mehrini uşaqlarına salmışdı, xüsusilə Roza Conu çox sevirdi.
dƏrinin ailəyə xəyanətindən doğan əzablarını azaltmaq və özündə bir yüngüllük tapmaq məqsədi ilə Roza Kennedi bütün mehrini doğma övladlarına salmışdı.

O övladlarının əsl siyasətçi kimi yetişməsi üçün əlindən gələni edir, onları gələcəkdə yüksək yerlər tutacaq adamlar olacaqlarına inam yaradırdı. Roza oğlanlarına, belə demək mümkünsə, hər gün evdə siyasi dərslər keçir, onları ABŞ-ı idarə edən prezidentlərin fəaliyyəti, müsbət idarəetmə təcrübəsi ilə yaxından tanış edir, səhvlərini izah edirdi. Senata keçirilən seçkilərdə necə qalib gəlmək barədə övladlarına atasının təcrübəsindən söz açan Roza eyni zamanda seçkiqabağı mübarizə zamanı rəqibin zəif cəhətlərini tapmağı, onu hansı vasitələrlə seçicilərin gözündən salmaq taktikasını anladırdı. Roza sevimli övladlarına, xüsusən Cona, Edvarda, Robertə və digərlərinə dönə-dönə: “Əgər siz siyasətlə məşğul olmağı qərara alıbsınızsa, onda müntəzəm olaraq zirvəyə can atmalısınız. Məqsədiniz siyasətdə ən azı birinci, ikinci adam olmaq olmalıdır”,-deyirdi.

Bir dəfə Rozanın övladlarını siyasi mübarizəyə hazırlama dərsinin təsadüfən şahidi olan atası konqresmen Con Fitscerald heyrətə düşərək: “Sən bütün bunları haradan bilirsən. Mən təcrübəli bir konqresmen, idarəedici olsam belə yenə də sənin siyasi mübarizə metodlarının çoxunu bilmirəm. Sənin övladlarına keçdiyin bu dərslər hökmən onların arasından məşhur siyasətçilərin, hətta prezidentin çıxmasına gətirib çıxaracaq”,-demişdi.

Con Fitscerald yenə də səhv etmirdi. Həqiqətən də, Rozanın siyasi mübarizəyə hazırladığı övladlarının hamısı, demək olar, tanınmış siyasətçilər oldular. Onlardan biri Con Kennedi isə ABŞ-ın 35-ci prezidenti olmaq şərəfinə nail oldu.

Yeri gəlmişkən, onu da deyək ki, mühafizəkar katolik ailəsində böyüdüyündən və kilsə təhsili aldığından Roza övladlarını da qatı katolik kimi tərbiyə edərək böyütmüşdü. Onun mühafizəkar katolik olduğunu qızı Ketlinə münasibətdə atdığı addım da sübut edir. Ketlin katolik olmayan digərinə ərə getmişdi və Roza buna görə onu ömrünün sonuna kimi bağışlamadı. Hətta Ketlin aviaqəza nəticəsində həlak olanda belə Roza onun dəfn mərasimində iştirak etmədi.

Sevinc və göz yaşları

Roza Kennedinin ailəsi ara-sıra ağır itkilərlə qarşılaşırdı. Məsələn, ailənin qızı Rozmari 1941-ci ildə dəlixanada dünyasını dəyişdi. Ailə başçısı Cozef isə iflic olaraq əlil arabasında yaşamağa məhkum oldu. Rozanın övladlarından birinin ABŞ Prezidenti olmaq arzusunu oğlu Cozef həyata keçirməli idi. Lakin 1944-cü ildə təyyarə qəzası nəticəsində o, müəmmalı şəkildə həlak oldu. Roza Kennedinin övladlarını siyasi ruhda böyütməsi və onlara hakimiyyət zirvəsinə gedən mübarizə yolunu öyrətməsi sonda öz nəticəsini verdi. Rozanın gələcəyinə böyük ümidlə baxdığı və ləqəbi Cek olan Con Kennedi 1961-ci ildə keçirilən prezident seçkilərində rəqiblərinə qalib gələrək, ABŞ-ın 35-ci prezidenti seçildi. Conun prezident seçilməsi Rozanın xüsusi sevincinə səbəb olmuşdu. O bu qələbəni xüsusi bayram edirdi. Zarafat deyildi, Roza prezident anası olmaq şərəfinə nail olmuş, çəkdiyi əzablar hədər getməmişdi. Lakin Con Kennedinin prezidentliyi olduqca çətin dövrə təsadüf etdi. Həmin dövrdə SSRİ-nin ballistik raketlərini Kubada yerləşdirməsi nəticəsində Karib böhranı baş verdi. Yalnız son anda müharibədən yaxa qurtarmaq mümkün oldu. Bununla belə, Karib böhranında SSRİ ilə baş verən qarşıdurma zamanı Con Kennedinin daha yumşaq davranması və prinsipial məsələlərdə qarşı tərəfə cüzi şəkildə güzəştə getməsi ABŞ-dakı bəzi radikal güclər tərəfindən xoşagəlməz qarşılandı. Nəticədə Con Kennedi müəmmalı şəkildə sui-qəsdin qurbanı oldu. Oğlunun öldürülməsi Rozaya həyatında ona vurulan ən ağır bir zərbə oldu. Onun sevinc dolu göz yaşlarına qısa müddətdən sonra sinəsinə vurulan oğul dağının göz yaşları qarışdı.

Bununla belə, Roza Kennedinin digər oğlanları onun özünün dediyi kimi, siyasi mübarizələrini, zirvə yürüşünü davam etdirdilər. Edvar Mur Kennedi qardaşı Con Kennedinin öldürülməsindən sonra onun yolunu davam etdirməyi qərara aldı. Amma o, Con kimi prezident seçilə bilmədi. Buna səbəb isə Edvardın şəxsi həyatındakı bəzi xoşagəlməz faktların olması oldu. Lakin anasının məsləhətləri nəticəsində Edvard 8 dəfə senator seçilə bildi və ABŞ-ın siyasi həyatında ən məşhur siyasətçilərdən biri kimi şöhrət qazandı. Rozanın digər oğlu Robert isə ABŞ-ın Ədliyyə naziri vəzifəsinə qədər yüksəldi. 1968-ci ildə o ABŞ prezidentliyinə əsas namizədlərdən biri hesab edilirdi. Lakin seçkiqabağı təbliğat zamanı o da qardaşı Conun taleyini yaşadı. “Ambassador”otelindəki çıxışı zamanı Robertin həyatına sui-qəsd edildi və nəticədə o öldürüldü. Onun ekstremist Serxan Serxan tərəfindən öldürüldüyü məlum oldu. Amma bu günə kimi qətlin hansı motivlər əsasında baş verdiyi məlum deyil. Üstəlik, qatilin, həqiqətən də, Serxan Serxan olub-olmadığı da şübhə altındadır. İki böyük oğlunu itirmək, həqiqətən də, Roza üçün ağır dərd idi. Ana qəlbinin buna dözə bilməsi, doğrudan da, çətindir. Ancaq Roza çəkdiyi ağrılara, əzablara baxmayaraq iki oğul itkisinə dözməyə özündə güc və cəsarət tapa bildi. Bununla bağlı sonralar Roza Kennedi “Los-Anceles-Tayms” qəzetinə verdiyi müsahibəsində belə demişdi: “Əgər mən bu dərdlərə dözməsəydim, onda ailəmiz də dözə bilməyəcəkdi”,-demişdi.

Roza Kennedi alın yazısından qaçmağın mümkün olmadığını, övladlarının böyük işlər naminə özlərini qurban verdiklərini xüsusi qeyd etmişdi. Roza Kennedi – bu mərd qadın: “Mən taleyimdən narazı deyiləm, ona minnətdaram”,-demişdi.

Rozanın digər övladlarının da taleyi ağır oldu. Edvard da sui-qəsd nəticəsində öldürüləndən sonra ailə daha siyasi karyera uğrunda mübarizədən kənara çəkildi. 4 qardaşdan sonuncusu Ted yalnız uzun illər yaşaya bildi və 2009-cu ildə dünyasını dəyişdi. Roza Kennedinin nəvələrinin də taleyi xoşagəlməz faciəli şəkildə başa çatdı. Robert Kennedinin oğlu Devid gənc yaşlarından narkotikaya aludə oldu və 1984-cü ildə gənc yaşlarında ikən dünyasını dəyişdi. Onun qardaşı Devid 1973-cü ildə avtomobil qəzası keçirsə də, sağ qaldı. Robertin digər oğlu Maykl 1979-cu ildə xizəklə sürüşərkən yıxılaraq dünyasını dəyişdi. Con Kennedinin oğlu kiçik Con 1999-cu ildə aviaqəza nəticəsində öldü. Bir neçə il bundan əvvəl isə Robert Kennedinin (oğul Robert Kennedi) həyat yoldaşı evində asılmış vəziyyətdə aşkar edildi.

Kennedilər ailəsi lənətlənmişdimi?

Kennedilər ailəsinin başına gələn faciələrlə bağlı bəzi ehtimallar mövcuddur. Belə bir fikir söylənilir ki, bu nəsil vaxtilə ağır şəkildə lənətləyiblər. Bu iddiaların ortaya çıxmasına səbəb isə ailənin ulu babası əslən irland olan Patrik Kennedinin vaxtı ilə ağır cinayət işləməsi olub. Belə ki, 1850-ci ildə Patrik Kennedi özünün qarətçi dəstəsi ilə Maknorman ailəsinin toy karvanına hücum edib. Quldur dəstəsi oğlan evinə cehiz aparan toy karvanını qarət edəndən sonra oradakıların hamısını, o cümlədən Maknormanı və qızını qətlə yetirib. Qətlə yetirilməzdən əvvəl ana və qızı öz qatillərinə ağır qarğışlar edərək onlara lənət yağdırıblar. Nəticədə Patrik Kennedinin nəslindən öz əcəli ilə ölən cəmisi bir neçə nəfər olub. Patrik Kennedi 35 yaşında gənc ikən gözlənilmədən ölüb. Onun nəvəsi Cozef, Rozanın əri isə əlil arabasına məhkum olaraq əzablı günlər yaşayıb.

104 il yaşadı

Dünyada çox tanınan və hörmətə layiq olan bir qadın kimi 1951-ci ildə Roza Kennediyə XII Papa tərəfindən “Roma qrafinyası” titulu verildi. Anadan olmasının 100 illiyi ərəfəsində isə məşhur müşənni Patrisiya Kaas Roza Kennediyə xüsusi mahnı bəstələdi və onu dünyanın konsert salonlarında uğurla ifa etdi. Bu məşhur qadının həyatı haqqında “Oskar mükafatına layiq görülən sənədli “Rose Kennedy: A Life to Remember” filmi çəkilib.

Həyatında çox ağır günlər yaşamasına baxmayaraq, Roza Kennedi 1995-ci il yanvar ayının 22-də dünyasını dəyişdi. O özündən sonra 5 övlad, 48 nəvə və 41 nəticə qoydu.

ƏZIZ MUSTAFA,