Colan neft-qazı kimə qismət olacaq?

536

Son illərdə Yaxın Şərqdə baş verən hadisələr və bu müstəvidə “ərəb baharı” adı altında İraq, Suriya, Liviya və digər ölkələrin qanlı toqquşmalar meydanına çevrilməsi dünyanın yenidən bölüşdürülməsi uğrunda iri dövlətlər arasında gedən mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərməkdədir. Təbii ki, dünyanın istənilən ölkəsində baş verən hər hansı bir toqquşmanın arxasında xarici güclərdən hər hansı birinin dayandığı şübhə doğurmur. Bu müstəvidə də Yaxın Şərqdə son 55-60 il ərzində baş verənlər və bölgənin dünyanın sağalmaz yarasına çevrilməsinin arxasında uzaqgedən siyasi və iqtisadi, hərbi-strateji maraqların dayanması ilk baxışdan hiss olunmaqdadır. I Dünya müharibəsindən sonra Osmanlının tarixin siyasi səhnəsindən silinməsinə nail olan ingilislərin bunun ardınca İraqın türkmanlar yaşayan bölgələrində nəzarəti ələ almasının arxasında sonralar həmin bölgədə zəngin neft-qaz yataqlarının dayanmasının olması ortaya çıxdı. II Dünya müharibəsindən sonra Fələstinin tarixi torpaqlarında yaradılan və başda İngiltərə, ABŞ olmaqla onların müttəfiqləri tərəfindən dəstəklənən İsrailin bir dövlət kimi dünyanın siyasi arenasına çıxmasının arxasında məhz bölgənin neft və qaz yataqlarına nəzarəti ələ almağın dayandığı məlum olub. Belə ki, İsrail tərəfindən işğal edilən Suriyaya məxsus Colan təpələrinin neft və qazla zəngin olduğu məlum olub. Hazırda İsrailin işğalı altında olan Colan təpələrinin neft-qaz ehtiyatlarının istismar edilməsinə beynəlxalq hüquq normalarının yol vermədiyini nəzərə alanda Suriyada baş verənlərin arxasında məhz bu amilin dayandığı ehtimal edilir. Suriya daxili çəkişmələr nəticəsində parçalanacağı təqdirdə, Colanın neft-qazla zəngin strukturlarından İsrailin istismarı üçün əlverişli siyasi, iqtisadi və strateji imkanlar əmələ gələcək. Bununla bağlı Yaxın Şərqin tanınmış araşdırmaçılarından olan Uilyam F. Endqalın yazdığına görə, hələ on illər bundan əvvəl Buş-Çeyni administrasiyası bölgənin neft-qaz ehtiyatları üzərində nəzarəti ələ keçirmək üçün oradakı mövcud rejimlərin dəyişdirilməsi və ya müxtəlif yollarla onların devrilməsi barədə plan hazırlamışdılar. Bu müstəvidə də Suriya-Türkiyə və Livan ərazisi vasitəsilə inşa ediləcək yeni neft-qaz kəmərlərinin Aralıq dənizinə çıxış əldə edilməsi planlaşdırılmışdı. Amma bu yolda ən ciddi əngəllərdən biri 1967-ci ildə 6 günlük müharibə nəticəsində İsrail tərəfindən işğal edilən Colan təpələrinin neft-qaz ehtiyatlarının istismar edilməsinə Suriyanın mane olması idi.

2001-ci ildə Corc Buşdan sonra ABŞ-ın ikinci adamına çevrilməzdən öncə Çeyni dünyanın neft-qaz sahəsində aparıcı kompaniyalarından biri olan “Halliburton”un baş direktoru olduğu vaxtda Colanın nef-qazla zəngin yataqlarının işlədilməsi məsələsi gündəmə gəlmişdi. O vaxt “Halliburton”un Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqədə olduğu barədə şayiələr dolaşmaqda idi. Həmin dövrdə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Ceyms Vulsi Colan təpələrinin neft-qazla zəngin strukturlarından istifadə edilməsi və bunun beynəlxalq hüquq normalarına uyğun gələ bilməsi üçün müxtəlif planlar hazırlamağa başladı. Suriyanın Colan neft-qazından istismarında İsrailə mane ola bilməməsi üçün də MKİ tərəfindən o dövrdə adıçəkilən ölkəninin parçalanması və Əsəd rejiminin devrilməsi üçün planlar hazırlandığı və bu işə Çeyninin də cəlb edildiyi ehtimal edilir. Hazırda ABŞ Demokratiyanın Müdafiəsi Fondunun sədri vəzifəsini icra edən Vulsi həm də mərkəzi Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitutunun və Yeni Amerika əsri layihəsinin üzvüdür. Ümumiyyətlə, adıçəkilən layihələrdə iştirak edənlər arasında ABŞ-ın keçmiş energetika naziri Bill Riçardsonun, dünyanın media maqnatı Rupert Merdokun, ABŞ-ın maliyyə naziri Larri Sammersin də olması neft-qazla zəngin Colandan istifadə məsələsində hökumətin qəbul etdiyi qərarlara ciddi təsir göstərilməsinə yol açdı. Məhz ərəb baharının da adıçəkilən qrup tərəfindən hazırlandığı güman edilir.
Rusiyanın neft maqnatı Xodorkovskinin tərəfdaşı olan və birgə “Genie Energy” şirkətinin həmsahibi Ceykob Rotşildin Vulsi komandası ilə birgə çalışdığı məlumdur. Xodorkovski həbs ediləndən sonra öz payını Rotşildə verib. Rotşild isə 2013-cü ildə Colanın zəngin neft-qaz strukturlarının işlədilməsi üçün Netanyahu hökumətindən icazə aldı. Dik Ceyni, Ceyms Vulsi, Bill Riçardson, Ceykob Rotşild, Rupert Merdok və Larri Sammers “Genie Energy” neft-qaz kompaniyasının Strateji Məsləhət Şurasının üzvüdürlər. Yəni mərkəzi qərargahı Nyu-Cersi ştatının Nyuark şəhərində yerləşən “GenieEnergy” neft-qaz kompaniyasında neft-qazla zəngin Colanın strukturlarının işlədilməsindən milyardlarla dollar gəlir götürməyi planlaşdıran kifayət qədər nüfuzlu şəxslər toplaşıblar. Onların Obamanın və neft-qaz siyasətinin müəyyən edilməsi üzərində böyük təsir gücünə malik olduqları məlumdur. Bu gün Suriyada baş verən və on minlərlə insanın öldürülməsində, minlərlə kənd və şəhərin dağıdılmasında, xarabazarlıqlara çevrilməsində adıçəkilən şəxslərin əli olduğu istisna edilmir.

Colan neft-qazı və beynəlxalq hüquq
İsrail hökuməti “Genie Energy” kompaniyasına beynəlxalq aləmdə Suriya ərazisi kimi tanınan Colan neft-qazının istismarına 2013-cü ildə icazə verməsi heç də təsadüfi deyil. Hələ o vaxt, yəni 2013-cü ildə tezliklə Əsəd rejiminin devriləcəyi gözlənilirdi. “Genie Energy” kompaniyasının təhlükəsiz şəraitdə Colanın neft-qazla zəngin strukturlarının işlədilməsi məqsədi ilə İsrail hərbi mühəndisləri 45 millik məsafədə tikanlı məftillərdən hasar çəkdilər. Bununla belə, beynəlxalq aləm həmin ərazini Suriya torpağı hesab edir. 1981-ci ildə İsrail Colan təpələrinin idarə edilməsi və oranın məskunlaşdırılması barədə qərar qəbul etdi. Lakin BMT Təhlükəsizlik Şurası buna cavab olaraq, 242 saylı qətnamə qəbul etdi. Qətnamədə Colan təpələrinin Suriya torpağı olduğu qeyd edilir və İsrailin işğal edilmiş ərazilərdən öz qoşunlarını çıxarması tələb edilir. Lakin İsrail BMT TŞ-nin bu qətnaməsinə məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirdi. 2008-ci ildə BMT Baş Assambleyasının plenar iclasında Colan təpələrinin Suriyaya qaytarılmasını nəzərdə tutan 161-1 saylı qətnamə qəbul edildi. Həmin ildə də BMT TŞ bu sənəd əsasında 497 saylı qətnamə qəbul edildi. Buna baxmayaraq, İsrail yenə də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Bu müstəvidə də Netanyahu hökumətinin naziri Naftali Bennetyaxın 5 il ərzində Colan təpələrinə 100 min nəfər yəhudi köçürülməsi planı ilə çıxış edib. O, belə hesab edir ki, Suriyanın parçalanması qaçılmazdır və onlar bundan sonra bir daha Colan təpələrinə iddia qaldıra bilməyəcəklər. O, belə hesab edir ki, Suriya parçalanacağı təqdirdə, Colan təpələrinə olan hüququnu itirmiş olacaq və bu ərazinin beynəxalq hüquq normaları əsasında İsrail toprağı elan edilməsinə imkanlar yaranacaq. Məhz bu amili nəzərə alaraq, İsrail hökuməti ötən ilin oktyabr ayının 8-də Rusiyanın Suriyada hərbi hava əməliyyatlarına başlamasının ikinci həftəsində Colanın neft-qazla zəngin strukturlara malik olduğunu rəsmi şəkildə elan etmiş oldu. Bununla bağlı “Genie Energy” kompaniyasının törəmə şirkəti olan “Afek Oil & Gas” İsrailin “Channel 2” telekanalına verdiyi müsahibəsində Colan təpələrinin cənubunda 350 metr qalınlığında neft ehtiyatlarının aşkar edildiyini bəyan etdi. O: “Dünyada neft laylarının qalınlığı 20-30 metr hesab edilir. Bizim aşkar etdiyimiz neft laylarının qalınlığı isə bundan, demək olar, 10-dəfə çox, 350-360 metrdir”,-deyib.
Necə deyərlər, Suriyada baş verən proseslərin arxasında məhz regionun, o cümlədən Qətər qazının Suriya ərazisi ilə Aralıq dənizinə nəqlinin reallaşdırılması nəzərdə tutulurdu. Bununla bağlı Qətər rejimi hələ 2009-cu ildə Suriya yeni qaz kəmərinə qoşulmağı təklif etmişdi. Lakin İranla sıx münasibətlərdə olan Əsəd rejimi buna cvab olaraq, İran qazının İraq-Suriya ərazisilə dünya bazarına nəqli barədə danışıqlara başladı. Bununla bağlı İraq, İran və Suriya arsaında 2012-ci ildə müvafiq memorandum da imzalandı. Həmin dövrdə İranı şər yuvası hesab edən ABŞ isə buna cavb olaraq, Suriya münaqişəsini daha da körüklədi. Məqsəd bu yolla Suriyanın mövcud rejiminin devrilməsinə nail olmaq və orada onlara sərf edən şəxsin prezident kürsüsündə əyləşdirmək idi. Bu isə Colanın neft-qazla zəngin strukturlarının işlədilməsi yolundakı, maneələrin aradan qaldırılması demək olacaqdı.

Rusiyanın oyunları
Qərbin Rusiyanın enerji asılılığından qurtarmaq üçün Suriyada körüklədiyi daxili toqquşmalar Rusiya tərəfindən də həssaslıqla izlənilirdi. Qərbin Rusiyanın qaz asılılığından qurtarmasına imkan verməmək məqsədi ilə Kremlin Əsədə dəstək verməsi də bununla bağlıdır. Bu əsasda da Rusiya Əsədin devrilməsinə imkan verməmək və Qərbi qazdan asılı saxlamaq üçün bölgədə hava əməliyyatlarına başladı.
Necə deyərlər, Suriya Rusiya və Qərb arasında gedən neft-qaz savaşının qurbanına çevrilib. Bu müstəvidə də Colan təpələrindəki zəngin neft-qaz yataqlarından İsrailin və onun Qərbdəki müttəfiqlərinin istifadə edə bilməsi və buna beynəlxalq hüquq çərçivəsində haqq qazandırması bölgədə münaqişənin necə başa çatmasından asılı olacaq.

Əziz Mustafa