“Çixura” 0:0-lara abunəsini “Neftçi” önündə də davam etdirdi

0
482

“Neftçi” – “Çixura” 0:0

“Neftçi” (Azərbaycan): 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev (21. Samir Məsimov, 67), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (25. Cavid İmamverdiyev, 82), 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 72)

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov

Baş məşqçi: Böyükağa Hacıyev

“Çixura” (Gürcüstan): 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jiqauri, 15. Georgi Koripadze (5. Laşa Txelidze, 81), 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze (24. Laşa Çikvaidze, 89)

Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze

Baş məşqçi: Samson Pruidze

Sarı vərəqə: G. Datunaişvili, 48

Hakimlər: Kristian Balaj, Sebastian George, Ovidiu Artene, Katalin Popa (hamısı Rumıniya)

31 iyul 2014. Bakı, “Baksell Arena”

“Qarabağ”dan sonra dünən də bütün diqqətlər “Neftçi”yə yönəlmişdi. Çünki “flaqman” Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Gürcüstan təmsilçisi “Çixura”nı qəbul edirdi. Baş məşqçi Böyükağa Hacıyev standart heyətə etibar etsə də, taktiki düşülüşdə müəyyən dəyişikliyə yer vermişdi. Belə ki, sağ cinah müdafiəçisi Məqsəd İsayevi ehtiyatda saxlayan Hacıyev üçlü müdafiə taktikasına üstünlük vermişdi. Meydançaya əks-hücum taktikası ilə gürcülər isə ön xətdə 2 hücumçunun sürətinə bel bağlayırdılar.

İlk dəqiqələr kəşfiyyat xarakteri daşıyırdı. Getdikcə hər iki komanda sürətli oyuna üstünlük verməyə başladı. Düzdür, “Çixura” hücuma çıxarkən da arxada çox oyunçu saxlayırdı. Ancaq etiraf etmək lazımdır ki, rəqibin əks-hücumları heç də təhlükəsiz olmurdu. Sadəcə, hücumçuların bir qədər “dişsizliyi” və Karlos Kardosonun günündə olması Stamenkoviçi xeyli rahatladırdı. Bununla belə, ilk qol vəziyyətini də qonaqlar yaratdılar. Bir hücumda düz 3 qapıya zərbə qeydə alındı ki, bunun hər üçüncü Stamenkoviç əla çıxış etdi. Komandamızın cavabı isə daha təhlükəli oldu. Araz Abdullayevin standart vəziyyətdən havalandırdığı topu Kardoso ideal ötürmə ilə Flavinyonun önünə atdı. Lakin kapitan cəmi 1 metrlik məsafədən boş qapını dəqiq nişan almaqda aciz qaldı. Bundan sonra “Neftçi” futbolçuları orta sahədə tez-tez top itkilərinə yol verirdilər ki, bu da həm hücumların yarımçıq kəsilməsi, həm də gürcülərin təhlükəli həmlələr etməsinə şərait yaratdı. Rəqibin hücumçusu Qabedava hissənin ortalarında iki dəfə yerli azarkeşəri həyəcanlandırdı. Xoşbətlikdən hər iki vəziyyətdə top qapıya ünvanlanmadı. Xüsusən də, ikinci epizodda Kardosonun avtoqol müəllifi olmasına cüzi qeyri-dəqiqlik mane oldu. “Neftçi” yalnız hissənin sonlarında təşəbbüsü ələ aldı ki, fasiləyə qədər də yalnız Bertuççinin standart vəziyyətdən qeyri-dəqiq zərbəsi yaddaqalan oldu.

İkinci hissədə isə meydançada daha dinamik “Neftçi” gördük. Dəqiqələr keçdikcə “Çixura” da bütünlüklə müdafiəyə çəkilirdi. Rəqibin müdafiə xəttini yarmaq çətin olduğundan, futbolçularımız uzaq məsafədən zərbələrə bel bağlayırdılar. İki belə epizodda “Çixura”nın qapıçısı əla oynadı. O, əvvəlcə Bertuççinin, bir qədər sonra isə Vobayın qüvvətli zərbəsini çətinliklə zərərsizləşdirdi. “Neftçi” qarşılaşmada son real qol şansını isə 74-cü dəqiqədə yaxaladı. Onda da Samir Məsimovun sağ cinahdan yaxın küncə ötürməsi zamanı Flavinyonun başla zərbəsini qapıçı dizi ilə qaytardı. Bu, eyni zamanda qarşılaşmanın son təhlükəli hücumu idi. Beləliklə, II mərhələdə “Bursaspor”la hər iki qarşılaşmada 0:0-lıq hesabla yadda qalan “Çixura” bu ənənəni “Neftçi” önündə də davam etdirdi.

 

“Çixura” azarkeşləri təxribata əl atdılar

Oyunun ilk hissəsinin sonlarında azarkeşlər arasında qarşıdurma olub. Hər iki komandanın azarkeşləri arasında baş vermiş qarşıdurma nəticəsində gürcü azarkeşlərdən birinin vəziyyəti pisləşib. Gürcü azarkeşə ambulansda ilkin tibbi yardım göstərilib. Qarşıdurmaya səbəb gürcü azarkeşləri olublar. Belə ki, “Çixura” azarkeşləri Gürcüstanın xəritəsi olan pankart açıblar. İş burasındadır ki, həmin pankartda Qax, Balakən və Zaqatala Gürcüstanın ərazisi kimi göstərilib. Bundan öncə isə “Çixura” fanatları “Neftçi”nin azarkeşlərinin əyləşdiyi sektorlara plastik su qabları atmağa başlayıblar.

 

Oyunsonrası açıqlamalar

Sadıq Sadıqov (“Neftçi”nin prezidenti): “Nə deyim? Hər şey göz qabağındadır. Oyunumuz alınmadı. Səbəbini də bilmirəm. Əminəm ki, Gürcüstanda qələbə qazanacağıq. Məgər “Çixura” komandadır? “Çixura” nə komandadır ki… Hələ qarşıda cavab oyunumuz var. Bu rəqibi də yüz faiz keçəcəyik. “Koper”lə ilk matçdan sonra da hamı deyirdi ki, qurtardı. Amma mərhələ keçdik. Azarkeşlərin çoxluğu yaxşı haldır, bu amil rəqibə də təsir göstərir. “Qarabağ”ın oyunundan ləzzət aldım. Çox gözəl oyun getdi. Belə oyun futbolumuzun inkişaf göstəricisidir”.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Mən həmişə açıq futbol oynayan komandalara hörmət etmişəm. “Çixura” qapalı futbol oynadı. Amma əminəm ki, Tbilisidə daha çox qol vurmağa çalışacaqlar. Bu gün üç müdafiəçi ilə oynadıq. Bertuççinin yaxşı sürəti, zərbələri var. Oyunun gedişi zamanı dəyişiklik etdik. Mən ondan daha dəqiq zərbələr gözlədiyim üçün əvəzləmədim. Əlbəttə, hesab bizi qane etmir. Tbilisidəki oyunda ilk qolu vuran qalib gələcək. Vobay bundan əvvəlki matçda özünü yaxşı tərəfdən göstərmişdi. Nforun oyunundan isə narazıyam – bunu gizlətmirəm. Hücumçunun işi qol vurmaqdır. Əgər o, bunu bacarmırsa, deməli, nəsə qaydasında deyil. Ola bilər ki, biz yaxın günlərdə sizin də tanıdığınız məşhur bir futbolçu ilə müqavilə imzalayaq. Bu, Kanalesdir. “Çixura”nı keçsək, onu gətirməyə çalışacağıq. Kaue universal futbolçudur, o da bu gün çox çalışdı. Hər şeyə bir həftə sonra aydınlıq gələcək. “Koper” “Çixura”dan güclü idi”.

Samson Pruidze (“Çixura”nın baş məşqçisi): “Çox yaxşı, gərgin oyun oldu. Bilirdik ki, “Neftçi” güclü komandadır. Onlara hörmətlə yanaşırdıq. Çox yaxşı baş məşqçiləri, gözəl futbolçuları var. Uğur bu gün bizim tərəfimizdə oldu. Cavab oyununa daha ciddi hazırlaşacağıq. Biz bugünkü oyunumuzla göstərdik ki, “Neftçi”dən zəif komanda deyilik. Gürcüstandan bura gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onlar bizi çox yaxşı dəstəklədilər. “Neftçi”nin bu cür azarkeşlərinin olmasına da şad oldum. Cavab oyununda da sonadək “döyüşəcəyik”. Baxaq, görək, necə alınacaq. Biz “Bursaspor”la oyunla müqayisədə açıq futbol sərgiləməyə çalışdıq. Evdə daha çox hücuma diqqət ayıracağıq”.

Saşa Stamenkoviç (“Neftçi”nin qapıçısı): “Bəxtimiz gətirmədi. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma eybi yox. Qarşıda cavab oyunu da var. Biz “Çixura”ya səfərdə qalib gələ bilərik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here