Çıxhaçıxlar

570
Vallah, son günlər qorxu içindəyəm.
 Bu qorxu zəhləmgetmiş də elə bir bəladır ki, adamı o dünyalıq edər  (Məncə, o dünyadan qorxmayan olmaz). Bu qorxunu da məndə yaradan çıxhaçıxlardır. Yəqin, deyəcəksiniz, yenə bunun başına hava gəlib, heç çıxhaçıxlardan da adam qorxuya düşər? Yenə deyirəm, sizi bilmirəm, şəxsən mən onlardan yaman qorxuram. Elə bu səbəbdən neçə gündür ki, təzyiqim kəlləçarxa çıxıb. Özü də çəkilib oturub lap kəlləmdə. Nə qədər yalvarıram, yaxarıram, düşmək bilmir ki, bilmir.Bəli, son vaxtlar bu çıxhaçıxlarla bağlı bir-birindən bəd xəbərlər aləmi başına götürüb. Eşidirsən ki, bəs filankəs anasının, filankəs atasının, filankəs qonşusunun, filankəs həyat yoldaşının, filankəs qardaşının, filankəs bacısının, filankəs övladının… axırına çıxıb. Özü də nə sirdirsə, bu səpkili çıxhaçıxların sayı həndəsi silsilə üzrə artır. Elə mən bu sətirləri yazarkən məlumat aldım ki, bəs yüksək sürətlə hərəkət edən avtomobil yolundan çıxaraq, səkidə dayanmış piyadanın üzərinə çıxıb. Nəticədə piyadanın canı elə yerindəcə çıxıb. Sürücü isə aradan çıxıb.

Bəli, iş o yerə çatıb ki, indi hər yerdən, hər şeydən, hər işdən bir xoşagəlməz şey çıxır. Özü də elə gözlənilməz halda qarşımıza çıxır ki, qalırsan mat-məəttəl. A kişi, mən iti, pişiyi demirəm… Qarşıya çıxan it-pişiyin el arasında, heç olmasa, bir yozumu var: uzağı, çıxacağın səfəri təxirə sal, vəssalam. Elələri var ki, onları yozmaq qeyri-mümkündür, gərək günlərlə baş sındırasan. İndiki zəmanədə əksər başlar dərdi-sər əlindən elə vəziyyətə düşüb ki, belə şeylərdən də baş çıxara bilmir.

A kişilər, bu gün vəziyyət o həddə gəlib çıxıb ki, hətta limonad qabından (“Caillou” nişanlı limonaddan) siçan çıxır (Mən hələ, demək olar ki, satışda olan çörəklərin içindən çıxanları demirəm). Bu yerdə, məncə, “nə tökərsən aşına, o çıxar qaşığına” misalını xatırlatmaq lap yerinə düşərdi. Bu isə o deməkdir ki, biz qazancımız xatirinə hər cür oyunlardan çıxmağa hazırıq. Yəni bir çoxları qaşığına çıxanların fərqində belə deyillər. Bəli, bu gün vəziyyət o həddə gəlib çıxıb ki, mədəniyyətdən, etikadan belə xəbəri olmayan, lakin müəyyən sahələrdə “ad çıxarmış” adamlar ekranlara çıxır, millətə ədəb dərsi keçirlər. Onların da əksəriyyəti şou nümayəndələridir. Bir sözlə, sanki “lap ağını çıxarmaq” ifadəsi onların boyunlarına biçilib. Amma bu da bir həqiqətdir: bir tanışımın dediyi kimi, bu gün vəziyyət o həddə gəlib çıxıb ki, indi küçəyə çıxanda oğlanlar, qızlar elə geyinirlər ki, şou əhli heç risk edib o qələti eləməz. Qələt demişkən, bəli, a kişilər, bu gün vəziyyət o həddə gəlib çıxıb ki, hətta canavarlar belə kəndlərimizə rahatca gəlib çıxır, kasıb-kusubun çörək ağacı kimi baxdıqları qoyun-quzusunun axırına çıxırlar.

Bəli, a kişilər, bu gün vəziyyət o həddə gəlib çıxıb ki, insanlar arasındakı səmimiyyət, mehribançılıq yoxa çıxır. Sizi bilmirəm, şəxsən bu məni çox incidir. Axı niyə biz belə sərvətlərimizi əldən çıxarırıq? Mənə elə gəlir ki, bunun səbəbini aradan çıxardığımız adi bir meyvə sortunda belə axtarmalıyıq. Mənə elə gəlir ki, bunun səbəbini ekrana çıxıb millətə dərs deməyə çalışanlarda axtarmalıyıq. Kim bilir, bəlkə elə bu kimi səbəblərdən insanlıq, humanistlik sıradan çıxır?! Hər halda, mənim qənaətim belədir. Bu çıxhaçıxların digər səbəblərindən də məmnuniyyətlə söz açardım. Amma bu yazımın axırına çıxa bilməməyimdən ehtiyatlanaraq elə buradaca aradan çıxıram. Bir də onu da dərk edirəm ki, indi bu kimi çıxhaçıxlardan üzüağ çıxmaq müşkül məsələdir. Bu qədər çıxhaçıxlar içində adam özündən çıxmasın neyləsin bəs? Amma hərdən mənə elə gəlir ki, bu çıxhaçıxları təbii qarşılamaq olardı, əgər Qarabağa gedib çıxa bilsəydik. Məncə, elə bu dərd də çoxlarının axırına çıxır. Bəs görəsən biz nə vaxt bu dərdin axırına çıxacağıq?

Qvami Məhəbbətoğlu