Çıxhaçıxlar

Məmləkətimizdə çıxhaçıxlar da yaman dəbə düşüb.
 Bu çıxhaçıxların əhatə dairəsi o qədər genişdir ki, onlar haqqında düşünəndə adamın başından tüstü çıxır. Bu tüstü də ətrafdakı bəzi şəxsləri narahat edir. Çünki elə bilirlər ki, sən ictimai yerdə siqaret çəkərək onları dumanda boğursan. Təbii ki, belələrini görəndə adam lap özündən çıxır. Yox, mən kiçik çıxhaçıxlardan söz açıb çax-çuq etmək fikrində deyiləm. Çünki məndə çaxçuqla ova çıxmaq, yəni bir yerə çıxmaq fərasəti yoxdur. Odur ki, keçirəm başqa çıxhaçıxlara. Məsələn, adam var, etikadan başı çıxmır, di gəl, ekrana, efirə çıxıb insani keyfiyyətlərdən söz açır. Bununla da lap ağını çıxarır. Təbii ki, günah onlarda yox, belələrini ekranlara, efirlərə çıxaranlardadır. Bu mənada, mənim fikrimcə, qınaq obyekti ekrana, efirə çıxanlar yox, onları ora çıxaranlar olmalıdır. Nə yazıq ki, biz hələ də bunu dərk edə bilmirik. Odur ki, yalnız ekrana, efirə çıxanlara qarşı çıxırıq.Başqa bir misal, elə ki bu və ya digər bayram yaxınlaşır, qiymətlər kəlləçarxa çıxır. Onları nizamlamaq üçün neçə-neçə reydlərə çıxırlar ki, bu da əksər hallarda öz bəhrəsini vermir. Bunun da səbəbi bəllidir: görünür, belələrinə arxa çıxanlar var. Yoxsa onlar cızığından çıxarlarmı? Bu yerdə deyiblər də, adam var daşdan, torpaqdan pul çıxarır, adam da var, belə-belə şeylərdən pul çıxarmaqla ağ günə çıxır. Cızığından çıxmaq demişkən, bu gün mənzil bazarında etibarlı şirkətlərlə yanaşı, dələduzlar da fəaliyyət göstərirlər. Onlar olmayan bir mənzili bir neçə şəxsə satırlar. İşin üstü açılanda dələduz şirkətlərin rəhbərləri məsuliyyətə cəlb olunurlar. Bununla da onlar çox “mədəni” şəkildə aradan çıxırlar. Lakin vətəndaşların verdiyi pullar batır, yəni ödənilməmiş qalır. Onların ah-naləsi isə yalnız göylərə çıxır. Daha dərinə gedib bu məsələnin üstündə dayanmaq istəmirəm. Çünki elə məsələlər var ki, onlardan mənim başım çıxmır. Bir sözlə, hara baxırsan çıxhaçıxdır.Son illər ərzaq məhsullarının içindən nələr çıxmır? Çörəkdən daş, taxta qırıntısı, kolbasadan kəndir, limonaddan siçan çıxmırmı? Bütün bunlar isə, mənim fikrimcə, hər şeydən əvvəl, nələrinsə cızığından çıxmasından xəbər verir. Bu nələrin içində məsuliyyətsizlik də ola bilər, vicdansızlıq ola bilər. Lakin bunların heç biri kimlərə isə bu və ya digər vətəndaşın axırına çıxmağa əsas verə bilməz. Hə, bir də görürsən ki, yolda yaranmış probkanı əsas gətirərək avtobus sürücüsü marşrut xəttindən çıxıb ayrı səmtə yönəlir. Bununla da probkanın acığını sərnişinlərdən çıxır. Bunu ona irad tutanda da elə oyun çıxarır ki, sanki onun iş rejiminə mane olan məhz sərnişinmiş… Belə olan halda da biçarə sərnişin də yuxarılara çıxmaq istəyir. Lakin son anda yuxarı çıxmağın çətinliklərini görüb bu fikri başından çıxarır.

Bəzən də vətəndaş üzləşdiyi problemdən çıxa bilmir, nəticədə hirslənir. Bu hirs də bir yerdən vurub çıxmalıdır axı. Odur ki, bəzən vətəndaş hirsini yaxınlarından, tanışlarından, ailəsindən çıxarmağa çalışır. Zənnimcə, elə son günlər xoşagəlməz hadisələrin baş alıb getməsini elə bu çıxhaçıxlarda axtarmaq lazımdır.

Bəli, insan yaşlandıqca daha çox istirahətə meyilli olmalıdır. Lakin bu gün pensiya yaşına çatmış şəxslərin əksəriyyəti könüllü şəkildə öz işindən çıxmaq istəmir. Çünki qorxur ki, bu çıxhaçıx onun yaşayış düzənini sıradan çıxarar. Təbii ki, burada əsas məsələ ondadır ki, pensiyaların məbləğinin çox aşağı olması ən az maaş alan insanı belə pensiyaya çıxmaqdansa, işində qalmağa vadar edir. Bir sözlə, gəlirlilik səviyyəsi yüksək olmadığı üçün vətəndaşlar pensiyaya həvəsli deyillər. Son illər “işdən çıxsam, canım çıxar” məsəlinin formalaşmasında da məhz bu amil durur desək, cızığımızdan çıxmış olmarıq. Di gəl, Moskva göz yaşlarına inanmadığı kimi, bu məsələ ilə məşğul olanlarımız  belə bir vəziyyətə inanmaq istəmirlər. Vətəndaş səsini çıxaranda da onu borclu çıxarırlar. Odur ki, əksər vətəndaşlarımız banklardan yüksək faizlə kredit almaqla yaşamağın, əgər belə demək mümkünsə, ləzzətini çıxarmağa çalışırlar.

Bəli, neçə ildir ki, bu və ya digər rayonumuzun ermənilər tərəfindən işğal olunmasının ildönümlərində oxuya-oxuya “Yaddan çıxmaz Qarabağ” deyirik. Lakin belə şeylərlə donuzun darıdan çıxmamağını hər kəs bilir. Biz isə hələ də bu şablondan çıxa bilmirik ki, bilmirik. Bir tərəfdən də ATƏT-in Minsk qrupu bu məsələni ədalətli şəkildə bir yana çıxarmaqdansa, onlar öz dindaşlarına arxa çıxmaqla bizim gözümüzü çıxartmağa çalışır. Deyirəm, bu çıxaçıxların hamısını bir kənara qoyub, bəlkə, bu problemin axırına özümüz çıxaq?

Qvami Məhəbbətoğlu