“Çirklənmiş göllər… dövlətə gəlir gətirəcək”

0
730

“Torpaqların və göllərin bərpası məsələləri də öz həllini tapmalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır. Ancaq eyni zamanda bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik”. Bu sözləri Prezident İlham Əliyev 5 il öncə keçirdiyi müşavirədə səsləndirmişdi. Prezident qeyd etmişdi ki, Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır: “Bu göllərin abadlaşdırılması üçün konkret təkliflər vardır. İndi biz gərək maliyyə mənbələri müəyyən edək ki, bu işləri də aparaq. Beləliklə, biz bu gün Bakının ətrafında, yəni çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləməliyik”.

Həmin vaxtdan 5 ildən də çox vaxt ötür. Bu istiqamətdə görülmüş işlər və layihənin əhəmiyyəti barədə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Oktay Məmmədov məlumat verdi.

“9 gölün bərpası layihəsi çox önəmli layihələrdəndir”

Qeyd edək ki, Böyükşor gölü Abşeron yarımadasının ən böyük gölüdür. 1060 hektar ərazini əhatə edən göl tarixən, xüsusilə də Sovet dövründə neft, çirkab suları, məişət və tikinti tullantıları ilə aşırı dərəcədə çirklənib. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir.

Oktay Məmmədovun sözlərinə görə, 9 gölün bərpası layihəsi çox önəmli layihələrdəndir: “Dövlət Proqramından irəli gələrək biz artıq ilk gölün – Böyükşor gölünün bərpasını yekunlaşdırmışıq. Böyükşor gölünün ərazisi 1000 hektardan çoxdur. Böyükşor gölü bərk məişət tullantıları ilə, sənaye tullantıları ilə, neft məhsulları, tullantı suları ilə çirklənmişdi. Artıq gölün bərpası işi başa çatıb”.

“300-400 hektar ərazi Torpaq Fonduna geri qayıdacaq”

Oktay Məmmədov dedi ki, digər layihə Zığ gölünün layihələndirilməsi ilə bağlıdır: “Hazırda bu cür göllər – neftlə çirklənmiş ərazilər dövlət üçün bir yükdür, dövlət üçün bir məsuliyyətdir. Lakin onların bərpası, istifadəyə verilməsi, turizm və əmlakın orada yer alması gələcəkdə dövlət üçün gəlir mənbəyinə çevriləcək”.

Şöbə müdiri bu prosesi belə şərh etdi: “Dediyim kimi, Böyükşor gölünün ərazisi 1000 hektardan bir qədər çoxdur. Bizim apardığımız bərpa işlərindən sonra 600-700 hektar ərazi tam gölün ərazisi olacaq. Yerdə qalacaq 300-400 hektar ərazi Torpaq Fonduna geri qayıdacaq, dövlətin mülkiyyətinə çevriləcək”.

O. Məmmədovun dediyinə görə, dövlət bu göllərin ərazisini təmizləməklə və ya investorları cəlb etməklə orada yaşayış kompleksləri və ya turizm kompleksləri də yarada bilər: “Bunlar yaradılandan sonra dövlət gələcəkdə onlardan vergi əldə edə bilər. Bu gün ora dövlət üçün əgər xərc mənbəyidirsə, gələcəkdə gəlir mənbəyinə çevrilə bilər”.

Nicat İntiqam