Cırıq əl çantası hələ ki moda minməyib…

585

(Olmuş əhvalat)
Bu dəfə alayı bir şeydən danışmaq istəyirəm: cırıq şalvardan, daha doğrusu, cırıq cinsdən və onu geyinənlərdən… Bilmirəm, fikir vermisiniz, ya yox; son günlər cırıq cins geyinənlərin sayı yaman artıb. Elə bil gənclərimiz “cırıq” üzrə yarışa çıxıblar. Bilmirəm, sanki it ağzından çıxmış belə şalvarlarda onlar nə görüblər? Məşədi İbadın, bağışlayın, müğənni Vasif Məhərrəmlinin sözü olmasın, mən də gündəlik həyatda cins geyinirəm, amma daha cırıq yox da, iynə boyda deşik olsa, atıram zibilliyə ki, bu, cırıqdır.

Bəli, son günlər cırıq cinslər dəb adı ilə keçib boğazımıza, yenə bağışlayın, keçib əynimizə… İndi əksəriyyət cır-cındır geyinir, üstəlik, təşəxxüs də satır. Belə getsə, deyəsən, sabah hələ çox geyimimizdə cırıqlar peyda olacaq. Hətta növbəti cırıqları səbirsizliklə gözləyənlər də var (Sözün düzü, mən əvvəllər elə güman edirdim ki, cırıq cins geyinənlər imkansız adamlardır, yaxud onların balalarıdır. Lakin müəyyən araşdırmalarımdan sonra əmin oldum ki, sən demə, bu heç də belə deyilmiş).

Bəli, bir neçə gün öncə metro ilə işdən evə qayıdırdım. Sözün düzü, yorğun olduğum üçün hərdən mürgü də vururdum (vaqonda adam az idi). Növbəti dəfə ayılanda üzbəüz oturacaqda oturmuş iki gənc qızın bərkdən güldüyünü gördüm. Fərqinə varmadım. Lakin az sonra qızlardan birinin mənə tərəf baxaraq uğunub getməsi yuxumu qaçırdı. Tələsik üst-başıma nəzər yetirdim. Əlhəmdüllah, hər şeyim yerli-yerində idi. Ciddi bir nöqsan tapa bilmədim. Buna rəğmən, üstümə bir də əl gəzdirdim. Lakin qızların gülüşü yenə səngimədi. Özümü təhqir olunmuş kimi zənn etdim. Odur ki, qızlara üzümü tutub dedim:

– Ay qızlar, bəlkə, nəyə güldüyünüzü mənə də deyəsiniz?

Qızlardan biri gülə-gülə rəfiqəsinin qulağına nə isə pıçıldayıb, tələsik dilləndi:

– Sizin əl çantanıza, əmi.

– Ay bala, mənim əl çantamda gülməli nə var axı?

Qızlardan biri:

– Əmi, əl çantanızın cırığı var, qələminizin başı da oradan çıxıb…

“Əl çantanızın çırığı” ifadəsi, daha doğrusu, qızların gülüş obyekti məni yaman tutdu. İnandırım sizi, elə bil məni ildırım vurdu. Özümü saxlaya bilmədim:

– Ayıb olsun sizə, – dedim.

Qızlar bir ağızdan: “Bizə niyə ayıb olsun? Gülməli şeyə gülərlər də…” deyərək bir ağızdan dilləndilər və əlavə etdilər:

– İmkanınız yoxdursa, sizə bir çanta alıb bağışlaya bilərik.

Bu yerdə daha özümü saxlaya bilmədim. Odur ki, onların əyinlərindəki cins şalvarları göstərərək dedim:

– Qızlar baxın, əyninizdəki cins şalvarların hər birində mənim gözəyarı hesablamalarıma görə 29 cırıq var. Həmin cırıq yerlərdən də bədəninizin əzaları açıq-aydın görünür. Belə çıxır ki, mən də sizin bu cırıq şalvarınıza baxıb gülməliyəm?

– Gülə bilməzsən, əmi?

– Niyə?

– Çünki indi mod belədir… Amma cırıq əl çantası hələ ki moda minməyib. O, moda minəndə gülmərik.

Bu zaman qatarın növbəti dayanacağa çatması elan olundu. Qızlar gülə-gülə ayağa durub qapıya yaxınlaşdılar. Vaqonu tərk edərkən onlardan biri məni acı-acı süzüb dedi:

– Cırıq şalvarlar moddadır, cırıq corablar da modda olsaydı, dərdimiz olmazdı…