Çinin əfsanəvi sərkərdəsi və dövlət xadimi: Çan Kayşi

662

Əziz Mustafa
Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.
Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarixboyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəngirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.
Bu baxımdan ötən yüzillikdə Çin səmasında üç böyük ulduz parladı. Onlardan biri monarxiyanın devrilməsinə rəhbərlik edən Sun Yatsen, digərləri isə böyük hərbi sərkərdəlik bacarığı nümayiş etdirdiyinə görə generalissimus rütbəsinə yüksələn Çan Kayşi və xalq tərəfindən “Ellər atası” adlandırılan Mao Tszedun idi. Adətən, müasir Çində Çan Kayşidən danışarkən: “Mao tərəfindən Çindən qovulan, ancaq Maonu məğlub edən adam” ifadəsini işlədirlər. Həqiqətdə isə əsl adı Tszyan Çjunçjen olan Çan Kayşi 25 il ərzində milyonlarla çinlinin rəhbəri olmuşdur. Lakin o, sonralar SSRİ tərəfindən külli miqdarda hərbi texnika və canlı qüvvə ilə yardım göstərilən Mao Tszedunla döyüşdə məğlub olmuş və Tayvana qaçaraq oranı idarə etmişdi. Çan Kayşini Çində “Böyük adam” adlandıraraq, məşhur filosof Konfutsi ilə müqayisə edirdilər. Çin xalqı dəfələrlə döyüşlərdən qalib kimi çıxan Çan Kayşi qarşısında göylərdən göndərilmiş xilaskar kimi səcdə edirdi. Ona görə də hələ sağlığında ikən Çan Kayşinin şəxsiyyəti ilə bağlı əfsanələr yaranmışdı.
Kasıb ailədə doğulan, ancaq hökmdar nəslindən olan uşaq
1887-ci il oktyabrın 31-də liman şəhəri olan Ninbo yaxınlığında anadan olan Çan Kayşi ailənin yazılı şəkildə saxladığı nəsil şəcərəsinə görə, məşhur hökmdar Çjou Hunun nəslindəndir. Onun atası adi kəndli idi və ailəsini dolandırmaq üçün duz alveri ilə məşğul olurdu. Bu nəslin mənsub olduğu adamların çoxu vətənpərvərlikləri ilə şöhrət qazanmışdılar. Gələcək generalissimus da məhz belə bir ruhda böyümüşdü. Anası ona “qızıl adam” mənasını verən Çjunçjen adını verərkən elə adı kimi də olmağı arzulamışdı.
Çan Kayşinin 6 yaşı olanda onu özəl məktəbə qoyurlar. O, uşaqlar arasında həm biliyi, həm də tez-tez öz gücünü nümayiş etdirməsi ilə diqqəti cəlb edirdi.10 yaşı olmamış o, əvvəlcə, babasını, sonra isə atasını itirir. Amma anası oğlunun təhsilini başa çatdırması üçün əlindən gələni edir. Kənd məktəbini bitirdikdən sonra Çan əyalət mərkəzində təhsil alır. Burada o, Çin klassiklərinin əsərləri ilə tanış olur. Həmin əsərlərin təsiri altında Çan Kayşi hərbci olmaq fikrinə düşür. Bu məqsədlə də Yaponiyaya gedərək hərbi məktəbə daxil olur. Yaponiyada o, inqilabçı qüvvələrə qoşulur və Sun Yatsenlə görüşür. Qeyd edək ki, Yaponiya o vaxt Çindəki monarxiya əleyhinə çevrilən hər cür hərəkatı dəstəkləyirdi. Ona görə Yaponiyanın yardımı ilə 1911-ci ildə Çində monarxiya əleyhinə çevrilmiş inqilab baş verir. Vətənə qayıdan Çan Kayşi də bu inqilabda yaxından iştirak edir. İnqilab nəticəsində monarxiya devrilir və Sun Yatsen yeni hökumətin rəhbəri seçilir. Amma az sonra monarxiyaçılar qüvvələrini toplayaraq Sun Yatseni məğlub edirlər. İnqilabın rəhbəri təcili Yaponiyaya mühacirət etməli olur. Çan Kayşinin Sun Yatsenlə dostluğu onu daha da mətinləşdirir. 1912-ci ildə Sun Yatsenin başçılıq etdiyi Tumnmenxoy partiyası liberal burjua təşkilatları ilə Homindan partiyasında birləşir. Bundan sonra Çan Kayşi Sunun tapşırığı ilə Şanxaya gedərək orada inqilabi hərəkata başçılıq edir. O, Şanxayda inqilabi hərəkata maliyyə yardımı etmək üçün birjada işə düzəlir, eyni zamanda Sun Yatsenin tapşırığı ilə mövcud rejim əleyhinə bir neçə üsyan təşkil edir. Amma hər dəfə də üsyanlar ordu tərəfindən yatırılır. 1917-ci ildə Sun Yatsen Çan Kayşini özünün hərbi məsələlər üzrə məsləhətçisi təyin edir. Ümumiyyətlə, həmin dövrdə Sun Yatsen Çan Kayşiyə çox inanır və etibar edirdi. Sun Yatsen Çan Kayşinin hərbi işi çox gözəl bilməsinin və onun özünü peşəkar hərbçi kimi aparmasının heyranı idi. O bu insanın simasında gələcəkdə qurmağı planlaşdırdığı yeni sosialist dövlətin müdafiə nazirini, sərkərdəsini görürdü. Sun Yatsen bunu ətrafındakılardan da gizlətməmiş və fəxrlə: “Çan Kayşi mənim quracağım dövlətin ən böyük dahi sərkərdəsi olacaq. Qoy buna heç kim şübhə etməsin. Mən xoşbəxtəm ki, ətrafımda belə istedadlı insanlar var”,-demişdi.

Çan Kayşinin sərkərdə kimi ilk uğurları
1921-ci ildə Çində baş verən dəyişikliklər nəticəsində Sun Yatsen ölkənin prezidenti seçilir. Bundan bir il sonra Çan Kayşi ölkədə baş verən bir neçə qiyamı yatırır. Lakin növbəti dəfə Sun Yatsendən narazı olan hərbçilər onun əleyhinə üsyan qaldırırlar. Vəziyyət olduqca ağırlaşır. Sun Yatsen hökuməti çətin vəziyyətə düşür. Belə bir vəziyyətdə dövlətə sadiq azsaylı qüvvələrlə üsyançıların üzərinə yeriyən Çan Kayşi qəfil zərbə ilə onları darmadağın edir. Bu qələbə Sun Yatseni o qədər riqqətə gətirir ki, o, dövlət rəsmilərinin gözü qarşısında Çan Kayşini özünün kiçik qardaşı və varisi adlandırır. 1923-cü ildə Sun Yatsen Çan Kayşini Moskvaya göndərir. Çan Kayşi Moskvada Trotski və Çiçerinlə görüşür və ordu quruculuğu ilə tanış olur. O, geriyə qayıdandan sonra Moskvada gördükləri barədə Sun Yatsenə məlumat verir və yeni ordu qurulmasını təklif edir. Bu iş üçün o, ilk mərhələdə sovet mütəxəssislərindən istifadə etməyin də faydalı olacağını söyləyir. Amma o, Sun Yatsenə: “Bu gün Rusiya bizim dostumuzdur, lakin sabah düşmənimiz olacaq. Onların siyasəti xalqları köləyə döndərməyə və yeni imperiya yaratmağa yönəlib”,-deyir.
Sun Yatsen isə hazırkı mərhələdə ruslarla əlaqə saxlamağın daha düzgün olduğunu vurğulayır. 1924- cü ildə Sun Yatsen Çan Kayşini yeni qurulan ordunun komandanı təyin edir. Ordu quruculuğunu sürətləndirmək üçün hərbi zabit məktəbi açılır. Bu məktəbdə dərs demək üçün Rusiyadan hərbi mütəxəssislər dəvət edilir. 1925-ci ildə Sun Yatsen vəfat edir. Onun yerini müvəqqəti olaraq Çan Kayşi tutur. Bununla belə, Çan Kayşi Sun Yatsendən fərqli olaraq, ruslara və onların sosializm ideyalarına inanmırdı. O, sövqi təbii hiss edirdi ki, rusların məqsədi heç də sosializm qurmaqda çinlilərə yardım etmək deyil; bu yolla böyük və qədim milləti özünün siyasi hərbi təsiri altında saxlmaq, bu ölkədən özünün dünya ağalığı niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ona görə də Çan Kayşi, ətrafındakılara: “Hamıya, hətta ingilislərə belə inanmaq olar, ancaq ruslara yox. İngilislər gəldi-gedərdi, onların zəncirini qırıb atacağıq. Ancaq ruslar qonşumuzdur, onlar heç vaxt bizim simamızda güclü və qüdrətli Çin dövlətinin dünyanın siyasi səhnəsinə çıxmasını qəbul etməyəcək, buna hər vasitə ilə mane olacaqlar”,-demişdi. Hadisələrin gedişi Çan Kayşinin uzaqgörənliyini bir daha sübut etdi.
Bolşeviklərin əlaltıları olan yerli kommunistlərə qarşı sərt tədbirlərə əl atılır
Həmin dövrdə ölkənin müxtəlif vilayətlərdə hakimiyyəti əldə toplayan qüvvələr vardı və onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Bunu nəzərə alaraq, ölkəni birləşdirmək və vahid idarəçilik tətbiq etmək üçün Kayşi hökumətə tabe olmayan əyalətlərə qoşun yeridir. Qoşunla birgə rus-bolşevik generalı Blyuxerin rəhbərliyi altında rusiyalı zabitlər də döyüşlərdə işltrak edirlər. Eyni zamanda bolşevik Rusiyası da Kayşiyə silahla yardım göstərir. Qanlı döyüşlərdən sonra Çan Kayşi dövlətə qarşı çıxan qüvvələri darmadağın edə bilir. Bundan sonra özünü daha sərbəst hiss edən Çan Kayşi Moskvanın vassalı kimi çıxış edən və bütün tapşırıqları Moskvadan alan Çin Kommunist Partiyasının fəaliyyətini qadağan edir. Eyni zamanda o, SSRİ ilə diplomatik əlaqələri kəsir. Buna görə Moskva sözəbaxmayan generalı cəzalandırmaq qərarına gəlir. Bu çərçivədə də 1931-ci ildə SSRİ-nin təhriki ilə Yaponiya Çinə hücum edir. Çan Kayşi yaponlarla qızğın döyüşə girir və düşmənin ölkənin içərilərinə irəliləməsinin qarşısı alınır.

Düşmən qarşısında tək qaldığını görən Çan Kayşi tələm-tələsik Moskva ilə diplomatik əlaqələri bərpa etməli olur. Həmin dövrdə o, demək olar ki, yalnız orduya komandanlıq edirdi. Buna görə də ölkənin müvəqqəti idarə edilməsi onunla dost münasibətdə olan Kun Syansiyə tapşırılmışdı. Buna paralel olaraq, SSRİ Çan Kayşiyə qarşı özünün dostu hesab etdiyi Mao Tszedun kartını da işə salmışdı. Stalin Mao Tszedunun əli ilə generalı hakimiyyətdən uzaqlaşdırmaq niyyətində idi. Bu müstəvidə də 1936-cı ildə Mao Tzseduna rəğbət bəsləyən iki general Çan Kayşini həbs edir. Onlar general Çan Kayşidən Yaponiyaya qarşı müharibəyə başlamasını tələb edirlər. Kayşi isə bunun üçün ordunun hələ hazır olmadığını bildirir. Generallar isə əks halda onu  öldürməklə hədələdilər. Kun Syansi məsələdən xəbər tutan kimi dərhal Moskvaya birbaşa Stalinə zəng edir. O, Stalinə bildirir ki, əgər Mao Tszedun tərəfdarı olan generallar Çan Kayşini öldürsələr, onlar Yaponiya ilə sülh anlaşması imzalayaraq onun müttəfiqinə çevriləcəklər. Stalin vəziyyətin ciddiliyini nəzərə alaraq, Çan Kayşinin öldürülməməsi barədə Tszeduna göstəriş verir.

 

Şöhrət gətirən qalibiyyət

1937-ci ildə Yaponiya  yenidən Çin üzərinə hücuma keçir. Kun Syansi təcili şəkildə Kayşini generalissimus elan edərək, orduya və ölkəyə rəhbərliyi ona tapşırır. 1937-ci ildə Çinlə SSRİ arasında müttəfiqlik barədə anlaşma imzalanır. Anlaşmanı şəxsən Stalinlə Çan Kayşi imzalayırlar. Bu o demək idi ki, artıq Çində bütün hakimiyyət Kayşinin əlinə keçir. 1941-ci ildə Kayşi öz casusları vasitəsi ilə Yaponiyanın Perl Xarbordakı ABŞ hərbi qüvvələrinə hücum edəcəyi barədə xəbər tutur.

Bu xəbər dərhal Vaşinqtona çatdırılır. Amma ABŞ Prezidenti Ruzvelt həmin xəbərə inanmır və onu təxribat adlandırır. Bunun isə nəticəsi ağır olur. Perl Xarborda yaponlar ABŞ ordusunu darmadağın edirlər. Həmin dövrdə Kayşi uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu sübuta yetirir. O, ABŞ, İngiltərə və SSRİ ilə birlikdə Almaniya və Yaponiyaya qarşı birgə çıxış etmək barədə razılıq əldə edir. Müharibə başa çatandan sonra Kayşinin rəhbərlik etdiyi Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri seçilir. Bu, ilk növbədə, Çan Kayşinin nüfuzu sayəsində əldə olunur.

 

Tayvanın müstəqilliyi uğrunda

mübarizə və ömrün son illəri

Yaponiya üzərində qələbə çalındıqdan sonra Kayşi ölkənin ən nüfuzlu dövlət xadiminə çevrilir. Lakin Stalin Çində Mao Tszedunu hakimiyyətə gətirmək istəyirdi. Ona görə də Kayşini hakimiyyətdən salmaq üçün bəhanə axtarırdı. Bunu hiss edən Kayşi əsir alınan 1 milyon yapon əsgərini azad edir. Elə bu vaxt Moskvanın yardım etdiyi Mao Tszedun öz tərəfdarları ilə Kayşiyə qarşı üsyan qaldırır. Üç il davam edən qanlı döyüşlərdən sonra Kayşi SSRİ-nin hərbi yardımlarından istifadə edən Mao Tszedunla döyüşlərdə nəinki hərbçilərin, həm də yüz minlərlə mülki əhalinin qırıldığını, şəhər və kəndlərin xarabazarlığa çevrildiyini görərək, ölkəni tərk etmək qərarına gəlir. O, Çini tərk edərkən Mao Tszeduna belə bir mesaj göndərir: “Mən canımdan artıq sevdiyim insanları qırğına verməmək, kənd və şəhərlərin xarabazarlığa çevrilməməsi üçün  müharibəni dayandırır və ölkəni tərk edirəm. Bir vaxt gələcək siz də mənim kimi SSRİ-nin düşmən olduğunu görərək, silahı onlara qarşı çevirəcəksiniz. Bax onda mənə qarşı döyüşdüyünüzə görə peşman olacaqsınız. Sosializm Çinə aclıq, fəlakətlər və “qırğınlar gətirəcək və siz sivil inkişafdan on illərlə geri düşəcəksiniz. Bax onda böyük, ancaq zəif Çin mənim qurduğum güclü kiçik Çinə (Tayvana) həsəd aparacaq, sivil inkişafdan nə qədər geridə qaldığını anlayacaq. Amma biz birləşə bilsəydik və siz SSRİ-yə inanmasaydınız, biz iqtisadi baxımdan inkişaf edən daha güclü və qüdrətli Çin qurasıydıq… Hayıf ki, siz  SSRİ-nin bizə düşmən olduğunu anlaya bilmədiniz və onların hərbi yardımları ilə hakimiyyətə gəlmək yolu seçdiniz. Səhv yolda olduğunuzu yaxın illərdə özünüz görəcəksiniz”.

01-can kaysi heyat yoldasi sun meylin ve amerika generali cozev staylvello ile birgeÇini tərk etməyə məcbur olan Çan Kayşi özünə tabe olan hərbi qüvvələrlə birgə Tayvan adasına gedərək orada özünə sadiq qüvvələrdən ibarət dövlət qurur. Həmin ildə onun  60 yaşı tamam olur. Buna baxmayaraq, Çan Kayşi Tayvanın müstəqil dövlətə çevrilməsi üçün əlindən gələni edir. İlk növbədə, ABŞ-la birgə təhlükəsizlik haqqında anlaşma imzalayaraq, Pentaqondan hərbi yardım alır. Bu, ona ölkənin təhlükəsizliyini təmin etməyə imkan verir. Bunun ardınca ölkədə islahatlar keçirən Kayşi Tayvanın aqrar sahədə sürətli inkişafına nail olur. Torpaqlar bütövlükdə kəndlilərə verilir. Qeyd edək ki, indinin özündə belə Çin aqrar sahədə Tayvandan xeyli geri qalır. Bu gün Tayvan özünün iqtisadi inkişafına görə bölgənin ən aparıcı dövlətlərindən biridir. Çan Kayşinin dedikləri doğru çıxdı. Mao Tszedun SSRİ-yə münasibətdə sonralar səhv etdiyini, güclü və qüdrətli dövlət qura bilməyəcəyini, sosializm ideyalarının xalqa yaxşı heç nə verməyəcəyini, ölkənin sivil inkişafdan geri qaldığını anlayaraq, Moskvanın barışmaz düşməninə çevrildi. İdarə etdiyi Tayvanı inkişaf etmiş dövlətə çevirməyi bacaran  Çan Kayşi  1975-ci ildə dünyasını dəyişdi. Ölümündən bir neçə gün əvvəl vəsiyyət edir ki, onu Nankində Sun Yatsen ilə yanaşı dəfn etsinlər. Qeyd edək ki, Çan Kayşi olduqca sadə bir həyat keçirib və başqalarından nə varına, nə dövlətinə görə fərqlənmək istəməyib. Onun ən böyük arzusu millətini xoşbəxt  görmək idi. O, Tayvanda buna nail oldu. Maoya uduzdusa da, iqtisadi sahədə ona qalib gəldi  və ayrıca bir adada çiçəklənən balaca Çin dövləti qurdu. Bu gün də həmin dövlət yaşamaqda və çiçəklənməkdə davam edir.

Çan Kayşi olduqca təvazökar bir şəxsiyyət idi. Onun uzun illər şəxsi mənzili olmayıb. O, sadə geyinir və ətrafındakılardan seçilməyi xoşlamırdı. Bəlkə də bu onun böyüklüyündən, əsil-nəcabətindən irəli gəlirdi. Kayşi xalq musiqisini, poeziyanı çox sevirdi. O, həm də gözəl kalliqraf-xəttat idi. Müdriklərin dediklərinə görə, gözəl xətt sahibləri, həm də gözəl əxlaq sahibləri olurlar. Kabinetində başı üzərində asdığı iki lövhədən birində qədim Çin alimi Men-Tszının  bu sözləri yazılmışdı: “Günəş altında yaşayaraq özünü əsl insan hesab etmək və əsl insan kimi göylərə layiq yaşamaq, ədaləti hər şeydən uca tutmaq və bu yolla axıra kimi getmək, qələbə səadətini hamı ilə bölüşmək, dərdlərini isə ancaq özün çəkmək ən böyük xoşbəxtlikdir”.

Başı üzərində asdığı ikinci lövhədə isə o, Sun Yatsenin bu sözlərini həkk etdirmişdi: “Kiçik qardaşım Tszeşə (Çan Kayşi): Günəşaltı bu ölkə hamımızın fəxri və qeyrətidir”. Bütün bunlar da onun qeyri-adiliyini, insanpərvərliyini göstərir.

Çan Kayşi mövhumatçı idi və dinə hörmətlə yanaşaraq, bütün ayinlərə əməl edirdi. Amma o, xristian dininə mənsub olan Sun Meylinlə ailə həyatı qurandan sonra xaç suyuna salınaraq xristianlığı qəbul edir. Bununla belə, o, həmişə məbədə gedərək Buddaya dualar edirdi. Olduqca sağlam olan Kayşi yalnız həyatında bircə dəfə -1972- ci ildə 86 yaşı olanda xəstələnib. O, insanlar önünə, adətən, ya hərbi formada, ya da adi Çin geyimində  çıxırdı.

 

Çörçill: “Bu çinli çox güclü və iradəli qadındır”

Çan Kayşi 4 dəfə evlənib və hər evlilik həyatının müxtəlif dövrlərinə düşüb. İlk həyat yoldaşı adi kəndli qızı, ikincisi şanxaylı, üçüncüsü  şanxay-kantonlu,  4-cüsü isə Nankindən olan və Avropada təhsil alan Sun Meylin idi. Meylin varlı ailədən idi və onun atası inqilabçılara böyük miqdarda maliyyə yardımı göstərirdi. Sun Meylinlə o, 1927-ci ilin dekabr ayında Şanxaydakı xristian kilsəsində təntənəli şəkildə nikaha girib. Bundan sonra Meylin onun ən yaxın silahdaşına və məsləkdaşına çevrilib. Müharibə illərində ABŞ-a gedən Meylin orada ali dairələrlə sıx əlaqə yaradaraq onların Çinə hərbi yardım göstərməsinə nail olub. O, Çörçill və Ruzveltlə Kayşinin görüşündə tərcüməçilik edib. Çörçill Meylin haqqında Ruzveltə belə deyib: “ Bu çinli çox güclü və iradəli qadındır.” Meylin uzun illər Kayşinin daxili və xarici siyasət sahəsi üzrə köməkçisi  işləyib. Ərinin ölümündən sonra ABŞ-a köçən Meylin orada 2000-ci ildə 106 yaşında vəfat edib.

Övladlarından yalnız biri – kəndli qızından olan oğlu Tszyan Tszinqo atasının yolunu davam etdirib. O, 1925-1937-ci illərdə SSRİ-də təhsil alıb. O vaxt Stalinlə Kayşinin münasibətləri pisləşmişdi. Ona görə də Stalin Tszinqonu girov kimi saxlayaraq, onu vətəninə buraxmırdı. Üstəlik, Tszinqonu atasını kommunistlərə xəyanətdə ittihama məcbur ediblər. Təhsilini başa vurandan sonra o, uzun müddət Altayda fəhlə işləyib və orada Faina Vaxreyeva adlı qadın ilə ailə həyatı qurub. 1937-ci ildə Stalinlə Kayşi barışıb və bundan sonra Tszinqo vətənə qayıdıb. O, əvvəlcə Homindan Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyib, atasının ölümündən sonra isə prezident seçilib. Tszinqo 1988-ci ildə vəfat edib.

Qeyd edək ki, Tayvanda Fransadakına bənzər bir siyasi sistem var: dövlət başçısı 4 ildən bir seçilir. O, iki müddətdən artıq dövlət başçısı seçilə bilməz. Tayvanda baş nazir parlament deyil, dövlət başçısı tərəfindən təyin edilir. Tayvan dünyanın inkişaf etmiş ölkələri sırasına daxildir. Burada kənd təsərrüfatı ilə yanaşı, sənaye güclü inkişaf edib. Xüsusilə, radio elektron aparatları  və müasir texnologiyaların inkişafına görə Tayvanın adı ən qabaqçıl ölkələr sırasında çəkilir. Əhalinin milli gəlirləri də yüksəkdir. 35,980 min kvadratkilometr ərazisi və 23 milyon əhalisi olan Tayvanda adambaşına ildə17 200 dollar düşür.