Cinayətkarcasına özünə güvənməyin bizə zərərləri…

“Hüquqda “cinayətkarcasına özünə güvənmək” termini var. İnsanlarımız özlərinə bu formada güvənməməlidirlər, “mənə heç nə olmaz” deməməlidirlər. Bu laqeydlik bəzən valideynin və ya onun övladının həyatı bahasına başa gələ bilər”. Bu sözləri bir müddət əvvəl “Zaman-Azərbaycan”a müsahibəsində Azərbaycanın tanınmış həkimlərindən biri demişdi. Bizim üçün yeni və maraqlı mövzu olduğundan bu mövzuda ayrıca bir yazı hazırlamaq qərarına gəldik.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 26-cı (Cinayətin ehtiyatsızlıqdan törədilməsi) maddəsində də bu terminə rast gəlmək olar. Maddənin 1-ci bəndində deyilir: “Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır”.

26.2-ci bənd: “Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur”.

Həmin maddənin 3-cü bəndində isə deyilir: “Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur”.

 

“Mən təcrübəli sürücüyəm, heç nə olmaz” deyib qəzaya düşənlər…

Məsələnin hüquqi tərəfini qoyaq bir kənara. Bəs bir çox insanların “cinayətkarcasına özünə güvənməsinin” səbəbi nədir? Soruşa bilərsiniz ki, bunu yazanda nəyi nəzərdə tutursunuz? Məsələn, bir sürücü avtomobili saatda 200 kilometr sürətlə sürürsə, qəfil manevrlər edirsə və deyirsə ki, “mən təcrübəli sürücüyəm, heç nə olmaz, qəza törətmərəm, təhlükə yaranarsa, vəziyyətdən çıxa biləcəyəm, onda buna nə ad verəsən?

Yeri gəlmişkən, təxminən 2 il öncə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nüşrəvan Səfərov jurnalistlərə açıqlamasında demişdi ki, təhlillərə görə, təcrübəli sürücülər riskə daha meyilli olurlar: “Təcrübəsiz sürücü yenə də, haradasa, avtomobili ehtiyatla sürür. Ancaq özünə arxayınlıq bəzən xoşagəlməz hadisələrə gətirib çıxarır”.

 

“Boş söhbətdir, çox ciddi fikir vermə” cavabını verərlər

İnsanlar var ki, nə özlərinin, nə də ailə üzvlərinin nə yediyinə, nə içdiyinə o qədər də fikir vermirlər. Belələrinə “çoxlu duzlu yemək insan orqanizmi üçün ziyandır” deyəndə “əşi, heç nə olmaz, boş şeydir” deyib keçərlər…

“Siqaret çəkmək insan orqanizmi üçün zərərlidir” deyəndə, “mənə heç nə olmaz” söyləyib ciddi yanaşmazlar.

“Çox kökəlmək məsləhət deyil” deyəndə, “boş söhbətdir, çox ciddi fikir vermə” cavabını verərlər.

“Təzyiqin var, yağlı yeməklərdən uzaq ol” deyəndə, “bütün bunlar mənə qalıb?” deyib əsəbiləşərlər.

Davamlı bir yeri ağrıyanda “adamın canı ağrıyar da, keçib gedəcək” deyib, ciddiyə almazlar.

Ailə münasibətlərində ciddi problem yarananda belə, “heç nə olmaz, düzələcək”,-deyərlər.

 

“Bu, etdiyi hərəkətin sonunu təsəvvür etməməklə bağlıdır”

Hərdən adamın ağlına bir sual da gəlir: görəsən, övladı intihar edən atalar arasında neçəsi bir vaxtlar oğlu gileylənəndə “əşi, heç nə olmaz” deyib, əhəmiyyət verməyib? Bu tip misalları saymaqla qurtaran deyil. Peşəkar Psixoterapiya Liqasının psixoloq-psixoterapevti Təhminə Çələbi “Zaman-Azərbaycan”a müsahibəsində mövzuya belə münasibət bildirdi: “Mənim fikrimcə, insanların özlərinə hədsiz güvənmələri, cinayətkarcasına güvənmələri bir növ onların məsuliyyətsizliklərindən irəli gəlir. Çünki burada sonunu düşünməmək məsələsi var. Bu, uzaqgörənlikdən uzaq bir şeydir. Yəni etdiyi hərəkətin sonunu təsəvvür etməməklə bağlıdır. Əgər bir insan bir şeyi edirsə və “heç nə olmaz” deyirsə, bu, özünəgüvəndən çox onun uzaqgörənliyinin olmamasından irəli gələ bilər. Burada məsuliyyət daha çox önəmlidir”.

T. Çələbinin fikrincə, “əşi heç nə olmaz”, deyib özlərini təhlükəyə atanlar bunun hansı mənfiliklərə gətirib çıxara biləcəyini təsəvvür etməkdə çətinlik çəkirlər: “Bu daha çox soyuqqanlı insanlarda müşahidə oluna bilər. Bir də yəqin ki, burada bir qədər eqoist düşüncə də var. Bu, müdrik insanlara aid deyil, çünki onlar uzaqgörən olurlar”.

 

“Zərər ilk olaraq elə həmin şəxslərin özlərinə dəyir”

Ekspertin dediyinə görə, soyuqqanlı düşüncənin müsbət tərəfləri də ola bilər: “Məsələn, soyuqqanlı düşüncə insanları mənfi emosiyalardan uzaq edir. Əgər insan mənfi emosiyalardan uzaqdırsa, belə deyək, mənfiliklərdən də uzaqlaşmış olur. Amma əgər soyuqqanlı yanaşma həddini aşırsa, insanlıqdan uzaq şeylərə gətirib çıxarırsa, bu, artıq xoş bir şey deyil”.

Ekspertin qənaətinə görə, cinayətkarcasına özünə güvənməyin zərəri ilk olaraq elə həmin şəxslərin özlərinə dəyir.