Çin Türkmənistana hərbi raketlər verib

702
Çin tədricən Orta Asiyada özünün hərbi təsirini gücləndirməkdədir. 
Bunu Çinin bölgə ölkələrinə ildən-ilə silah satışını artırmaqda davam etməsi də sübut etməkdədir. Məsələ ilə bağlı Çinin “Xuantsyu şibao” qəzetinin yazdığına görə, Pekin Türkmənistana və Özbəkistana ortamənzilli NQ-9 zenit-raket komplekslərinin bir partiyasını çatdırıb. Qəzetin iddiasına görə, yaxın vaxtlarda ortamənzilli zenit-raket komplekslərinin daha bir partiyası Türkmənistana çatdırılacaq. Qeyd edək ki, Türkmənistanla Çin arasında ortamənzilli zenit-raket komplekslərinin alınması və satılması barədə anlaşma 2013-cü ildə imzalanıb. Amma Türkmənistan Çindən özünün hərbi ehtiyacları üçün müxtəliftəyinatlı digər hərbi texnikalar almaq və bununla bağlı yeni hərbi anlaşma imzalamaq niyyətində olduğunu bəyan edib. Xatırladaq ki, Çin Özbəkistana “Chengdu Aircraft Industry Corporation” kompaniyası tərəfindən istehsal edilən “BLA Pterodactyl” (“Yilong-1”) zenit-raket kompleksləri satıb. “Chengdu Aircraft Industry Corporation” kompaniyası tərəfindən istehsal edilən “BLA Pterodacty”l (”Yilong-1”)zenit raket kompleksləri Qazaxıstana da satılıb. Çin həmçinin Ermənistana da “RS3O VV” zenit-raket kompleksləri satıb.  Beləliklə, Çin tədricən Orta Asiyanın silah bazarını ələ keçirərək Rusiyanı oradan sıxışdırıb çıxarmaqdadır. Orta Asiya respublikalarını Çin silahını almağa həvəsləndirən ən önəmli bir amil də  hərbi təyinatlı texnikaların ucuz və daha etibarlı olmasıdır. Buna paralel olaraq, Çin Rusiya və ABŞ-ın Orta Asiya respublikalarına satmaq istəmədiyi müasir hərbi texnikanı, o cümlədən strateji təyinatlı silahları həvəslə qonşu ölkələrə satır. Bununla bağlı Rusiyanın təşviş keçirməsinə gəlincə, burada da qeyri-adi nə isə axtarmaq  lazım deyil. Çünki Rusiyanın Orta Asiya respublikalarına satdığı və ya təklif etdiyi silahlar köhnədir. Onların çoxu Rusiyanın hərbi qüvvələrində artıq istifadə edilmir. Müasir hərbi silahların çoxunu isə Rusiya Orta Asiya ölkələrinə satmaq istəmir. Ona görə də Orta Asiya respublikaları Rusiya hərbi texnikasındansa Çinin müasir hərbi texnikasını ucuz qiymətə almağa üstünlük verirlər.