Çin Avropaya yeni qapı açır

425

Beynəlxalq aləmdə neftin sürətlə ucuzlaşmasının davam etdiyi bir vaxtda Çin Xalq Respublikasının sədri Si Tszinpinin Yaxın Şərq bölgəsinə səfərə çıxması diqqəti cəlb edən ən önəmli hadisələrdən birinə çevrilib.

Beynəlxalq aləmdə neftin sürətlə ucuzlaşmasının davam etdiyi bir vaxtda Çin Xalq Respublikasının sədri Si Tszinpinin Yaxın Şərq bölgəsinə səfərə çıxması diqqəti cəlb edən ən önəmli hadisələrdən birinə çevrilib. Bu da əsassız deyil. Neftin qiymətinin ucuzlaşmasının Çinin iqtisadiyyatına özünəməxsus şəkildə təsir etməsi, dolların möhkəmlənməkdə davam etməsi və buna paralel olaraq, adıçəkilən ölkənin milli valyutası olan yuanın dəyərini itirməsi, təbii ki, Pekini vəziyyətdən çıxış yolları axtarmağa məcbur edir. Bu müstəvidə də Çin üçün Yaxın Şərq və Avropaya yeni qapı açılması xüsusi önəm daşımağa başlayıb. Si Tszinpin regiona 4 günlük səfərə çıxmazdan əvvəl bölgədəki əsas müttəfiqi, Pakistanın Baş naziri Navaz Şərifi İrana və Səudiyyə Ərəbistanına göndərərək onlar arasındakı mövcud problemin həllində vasitəçi olmasını istəmişdi. İş orasındadır ki, hazırda Çin üçün həm Səudiyyə Ərəbistanı, həm də İran iqtisadi baxımdan xüsusi önəm daşıyan ölkələrdən hesab edilir. Neftin ucuzlaşması fonunda hər iki ölkənin düyanın ən böyük neft alıcısı olan dövlət kimi tanınan Çinə daha çox neft satmaq uğrunda rəqabətə girməsi istənilən halda Pekinin işinə yarayır. Çünki bu, Çinə daha ucuz neft almağa imkan verəcək.

Pekindən Londona

İran və Səudiyyə Ərəbistanı ilə sivil iqtisadi münasibətlərin qurulması Çinə qədim İpək Yolunu yenidən dirçəltməyə və öz mallarını Avropaya nəql etmək üçün dəmir yolu inşa etməyə imkan verəcək. Bu məqsədlə də Çin Pekindən Tehrana 3,2 min kilometr uzunluğu olacaq yüksəksürətli dəmir yolu inşa etməyi planlaşdırıb. Bu dəmiryolu sonra Türkiyə, oradan Bolqarıstan və Avropanın digər şəhərlərinə qədər uzanacaq. Buraya Çinin digər marşrutu, Çin-Orta Asiya-Bakı-Tbilisi-Qars dəmiryol vasitəsilə öz mallarını Avropaya nəql etməyə hazırlaşması və bu marşruta Ukraynanın da qoşulacağını nəzərə alanda Çin qlobal iqtisadi inkişafa öz töhfəsini verəcək yeni layihələrə imza atacağını göstərir. Çin ölkəsini Avropa ilə birləşdirəcək yeni nəqliyyat-kommunikasiya xətlərinin inşası üçün Asiya İnfrastruktur Sərmayələri Bankını təsis edib. 100 milyard dollar sərmayəsi olan bu bankın fəaliyyətində iştirak etmək istəyən dövlətlərin sayı qısa müddətdə 57-yə çatıb. Onların hər birinin banka öz sərmayəsi ilə daxil olduğunu nəzərə alanda Asiya İnfrastruktur Sərmayələri Bankının dünyanın ən iri bankına çevrildiyi dərhal diqqəti cəlb edib.

Çinin Yaxın Şərqə yeni iqtisadi “hücumu” və Pekindən Londona kimi uzanacaq dəmir yolu inşa etməsi planları II Dünya müharibəsindən sonra Avropanın dirçəldilməsinə xidmət edən “Marşall” planını xatırladır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən “Financial Times” yazır ki, yeni dəmir yolunun çəkilməsi 3 milyarda yaxın əhalisi olan ölkələrin iqtisadiyyatında müəyyən inkişafa, milyonlarla yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Bu, həm də 3 milyard əhalisi olan ölkələrə Çin məhsullarının axınına səbəb olaraq, Pekinə milyardlarla dollar gəlir gətirəcək. Necə deyərlər, yeni İpək Yolunun (dəmir yolu) dirçəldilməsi nəticəsində Çin malları üçün böyük bazar yaranacaq.

Səudiyyə Ərəbistanı

və Misirlə iqtisadi inteqrasiya

Çin dövlət başçısı regiona səfəri çərçivəsində Ər-Riyada və Qahirəyə də səfər edib. Konkret olaraq, Çinlə Səudiyyə Ərəbistanı arasında ticari əlaqələrə gəlincə, Pekin 2014-cü ildə neftə olan tələbatının 16 faizini Ər-Riyadın hesabına ödəyib. Çin dövlət başçısının Ər-Riyada səfəri çərçivəsində dəniz sahilində inşa edilən və 10 milyard dollar dəyəri olan neftayırma zavodu işə salınıb. Bu zavodun səhmlərinin 62,5 faizi Səudiyyə Ərəbistanının “Aramko”, 37,5 faizi isə Çinin “Sinopres” kompaniyasına məxsusdur. Bundan əlavə, Si Tszinpinin Ər-Riyada səfəri zamanı iki ölkə arasında energetika sahəsində 1,5-2 milyard dollar dəyəri olan anlaşma da imzalanıb.

Si Tszinpinin Qahirəyə səfəri də olduqca uğurla keçib. Öncə Si Tszinpin və Misir dövlət başçıları Abdel Fəttah əs-Sisi Qahirə ətrafındakı yeni sürətli elektroqatarın istifadəyə verilməsi mərasimində, iştirak ediblər. Çinli mütəxəssislərin iştirakı ilə inşa edilən yeni dəmir yolunun inşa edilməsi iki ölkə arasında dostluğun rəmzinə çevrilib.

İki ölkə dövlət başçıları arasında keçirilən görüşdə iqtisadi əlaqələrin yeni mərhələyə çatdırılması qərara alınıb. Bu çərçivədə də Çinlə Misir arasında 14 milyad dollar həcmində yeni anlaşma imzalanıb. Bu anlaşmaya əsasən, Çin iş adamları və tanınmış şirkətləri Misirdə sivil istehsal müəssisələri inşa edəcək, kənd təsərrüfatının inkişaf etdirilməsinə yardım edəcəklər. Xatırladaq ki, Çinlə Misir arasında 2015-ci ildə ticarət dövriyyəsi 12 milyard dollar olub. Ondan 11 milyard dolları Çindən Misirə göndərilən malların payına düşüb. Halbuki 2013-cü ildə iki ölkə arasında mal dövriyyəsinin həcmi 7,69 milyard dollar idi.

ABŞ-la siyasi

rəqabətə girməyəcək

Çinin Yaxın Şərqdə fəallaşması və Londona kimi uzanacaq yeni dəmir yolu xəttini işə salmaq planına malik olmasına Qərbdə müxtəlif prizmalardan yanaşılır. İqtisadi inkişaf tempinin azalmağa başladığı bir vaxtda Çinin Yaxın Şərqə “yeni hücumu”nun ABŞ və müttəfiqləri üçün siyasi, hərbi-strateji baxımdan böyük təhlükə ola biləcəyini vurğulayan əksər politoloqlar qarşı tərəfin buna cavab tədbirlərinin həyata keçirməsinin vacibliyini vurğulayırlar. Lakin Çinin son 50 ildə dünyanın müxtəlif bölgələri ilə qurduğu əlaqələri zamanı yalnız iqtisadi maraqları önə çıxarması Pekinin simasında siyasi ambisiyaları olmayan ölkə imici formalaşdırıb. Hər halda bu günə kimi Çin istənilən ölkəyə münasibətdə yalnız iqtisadi maraqlarını nəzərə alaraq hərəkət edib. Bu baxımdan hər hansı ölkə ilə münasibətlərdə iqtisadi deyil, dərhal siyasi məqsədlərini önə çıxaran və hərbi-strateji maraqların təmininə çalışan ABŞ-la müqayisədə Çin heç vaxt siyasi niyyətlərini qabartmayıb. Ona görə də insan hüquqlarının müdafiəsi adı altında inkişaf etməkdə olan ölkələrə qarşı təzyiqlərə əl atan və bu yolla hərbi, siyasi maraqlarını təmin etməyə çalışan ABŞ-la müqayisədə Çin üçün istənilən ölkə ilə sıx münasibətlər qurmaq olduqca asan başa gəlir. Çin bu günə kimi iqtisadi baxımdan güclü təsirə malik olduğu hər hansı bir ölkədə ABŞ-ın siyasi hegemonluğuna qarşı çıxmayıb. Yəni iqtisadi baxımdan Çinin təsiri altında olan ölkələr siyasi baxımdan ABŞ-ın nəzarəti altında olub. Bu baxımdan Çin çətin ki, siyasi və hərbi, strateji baxımdan Səudiyyə Ərəbistanı, Misir və ya digər ölkələrdə ABŞ-la rəqabətə girsin. Niyə Çin siyasi maraqlarını önə çıxarmağa tələsmir? Bu sualın cavabını isə əslində Çinin on illər bundan sonraya hesablanan strateji məqsədlərində axtarmaq lazım gəlir.

Uzaqgedən və olduqca incə siyasət

Çinin iqtisadi baxımdan dünyanın əksər ölkələrində möhkəmlənməyə başlaması əslində Pekinin beynəlxalq aləmdə olduqca incə siyasət yeritdiyini ehtimal etməyə imkan verir. Birincisi, Çin dünyanın ən böyük dövlətlərindən biridir və iqtisadi baxımdan istənilən ölkə ilə sıx münasibətlərə girməsi və bu zaman qarşı tərəflə bərabərhüquqlu tərəfdaş kimi davranması Pekinin simasında səmimi dost imici formalaşdırmaqdadır. Çin ABŞ-la müqayisədə hər hansı ölkədə siyasi rejimi dəyişdirmək planı hazırlamır, onların daxili işlərinə müdaxilə etməmək xətti yeridir. Bu isə ABŞ-ın siyasi təzyiqlərindən əziyyət çəkən ölkələr tərəfindən məmnunluqla qarşılanır. Çin yenə də ABŞ-la müqayisədə iqtisadi münasibətlərə girdiyi dövlətlərdə onun sərvətlərini çapıb-talamaq siyasəti yeritmir. Çin, ilk növbədə, hər iki ölkənin qarşılıqlı maraqlarına və iqtisadi baxımdan bərabər səviyyədə gəlir əldə etməsinə imkan verən taktikadan istifadə edir. Bəzi hallarda Çin hətta müxtəlif ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrdən cüzi gəlir əldə edir. Ancaq Çin özünü aza qane olan ölkə kimi də beynəlxalq aləmdə dəfələrlə təsdiq edə bilib. Əslində bu incə siyasət digər ölkələri də Çinlə geniş iqtisadi əlaqələrə girməyə həvəsləndirir. Tanınmış iqtisadçılardan birinin də dediyi kimi, Çin: “Dama-dama göl olar, yağa-yağa sel” siyasətinə üstünlük verir. Çinin dünyanın əksər ölkələrində iqtisadi sahədə möhkəmlənməsi də bununla bağlıdır.

Təbii ki, iqtisadi baxımdan hər hansı ölkədə möhkəmlənmək, öz növbəsində, gec-tez siyasi, hərbi baxımdan da həmin ölkə ilə inteqrasiyaya yol açacaq. Çinin uzaqgedən niyyətlərinin arxasında da məhz bu amil dayanır.

ƏZIZ MUSTAFA