“Çernobıl faciəsindən 32 il keçməsinə baxmayaraq hələ də əziyyət çəkirik”

476

Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləyib.

 

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı  Mingəçevirdə qəzanın   aradan qaldırılmasının iştirakçıları olmuş şəhər sakinlərinin ənənəvi görüşü keçirilib. Çernobılçular əvvəlcə ulu öndərin abidəsini ziyarət ediblər. Daha sonra çernobılçılar adından çıxış edən Çernobıl  Əlilləri Cəmiyyətinin Mingəçevir şöbəsinin sədri Ziyəddin Qocamanov  bildirib ki, faciədən 32 il keçməsinə baxmayaraq biz hələ də əziyyət çəkirik:  “Biz ömürlük xəstəyik. Sıralarımızda ketdikcə azalır. Artıq Mingəçevirdə 214 çernobıl əlilindən 174-ü qalıb. Bu gün bizim ailələrimiz də düşdüyümüz vəziyyətdən əziyyət çəkirlər. İş qabiliyyətimiz yoxdur ki, hardasa işləyib əlavə 5-10 manat pul qazanaq. Pensiyalarımız iynə-dərmanlarımıza çatmır”.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev də iştirak edib.

Esmira Hidayətova, Mingəçevir