Cerald Fordun günahı nə idi?

515

Hər bir insan ölərkən özü ilə yalnız ona məxsus olan bəzi sirləri qəbrə aparır. Bu baxımdan hansısa adi bir insanın qəbrə apardığı sirlər əksər hallarda yalnız yaxınları üçün xüsusi əhəmiyyət daşıyır. Amma elə sirlər də var ki, onu özləri ilə qəbrə aparanlar tarix və bəşəriyyət üçün özlərindən sonra heç vaxt açılmayacaq bir müəmma qoyurlar. 2006-cı ilin dekabr ayının 26-da Kaliforniyadakı evində 93 yaşında vəfat edən ABŞ-ın 38-ci Prezidenti Cerald Ford da özü ilə qəbrə heç vaxt açılmayacaq bir sirri apardı desək, bəlkə də, səhv etmərik. Ölməmişdən əvvəl huşu başında olan Cerald Ford son nəfəsində dönə-dönə mərhəmətli Allahın onu bağışlamasını istəyirdi. Fordun dəfni mərasimində onun üzərində dini ayinləri icra edən keşiş uca səslə, hündürdən, hamının aydın eşitdiyi bir səslə: “Sən həmişə doğru yolda olmusan və səni hədəfə götürənləri belə bağışlamağı bacarmısan. Ona görə də mərhəmətli Allah da səni bağışlayacaq”,-demişdi. Keşiş nə üçün bu sözləri hündürdən söylədi, bunu heç kim bilmir. Amma, həqiqətən də, Ford bir vaxtlar öz həyatında olduqca riskli bir addım ataraq, hər an həbs ediləcəyi şübhə doğurmayan Prezident Niksonu bağışlamışdı. Halbuki o vaxt Niksonu “Uotergeyt əhvalatı”na görə (demokratların danışıqlarının gizli dinlənilməsi) uzunmüddətli həbs cəzası gözləyirdi. Onu da deyək ki, Ford həyatı boyu çox təhlükələrə məruz qalmışdı. O, müharibədə iştirak etmişdi, ancaq ölüm ondan yan keçmişdi. İki dəfə ona qarşı sui-qəsd həyata keçirmişdilər. Amma hər dəfə də tale üzünə gülmüş və o, sağ qalmışdı. Ford ABŞ prezidentləri tarixində ən çox ömür sürən prezidentlərdən biri hesab edilir. ABŞ-ın keçmiş prezidenti 93 il166 gün yaşamışdı. Amma Fordun vəfat etməsi ilə onun özü ilə qəbrə apardığı daha bir sirr ətrafında əsəblər yenidən coşdu.
Gözlənilməz prezident
Fordun prezident kürsüsündə oturması da təsadüfi bir hadisə nəticəsində baş vermişdi. ABŞ tarixində əksər tarixçilər tərəfindən “təsadüfi prezident” adlandırılan Ford heç vaxt Ağ Evin rəhbəri olmaq uğrunda mübarizə aparmamışdı. Lakin o, 13 dəfə dalbadal Nümayəndələr Palatasına seçilmiş, 9 dəfə o, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı fraksiyasının sədri olmuşdu. Amma olduqca sakit bir adam kimi tanınan Fordun prezident ola biləcəyi o vaxt heç kimin ağlına belə gəlmirdi. Tale onun üzünə qəfildən gülmüşdü. 1973-cü ilin avqust ayında çirkli pulların yuyulmasında iştirak etdiyinə, rüşvət aldığına və gəlirlərindən xeyli az vergi verdiyinə görə məsuliyyətə cəlb edilən vitse-prezident Spiro Aqnyu istefaya getməyə məcbur oldu. O, prezident Riçard Niksonun ən yaxın adamlarından biri hesab edilirdi. Ölkə Konstitusiyasına edilən 25-ci düzəlişə əsasən, belə bir vəziyyətdə prezident istədiyi adamı vitse-prezident təyin edə bilər. Belə hallarda hər hansı seçkilərin keçirilməsi nəzərdə tutulmur. Prezidentin təyin etdiyi şəxs isə səs çoxluğu ilə Konqresin hər iki palatası tərəfindən təsdiqlənir. Bu dəfə Niksona vitse-prezident postunda elə bir adam lazım idi ki, təmizliyi ilə hamının rəğbətini qazana bilsin. Nikson uzun axtarışlardan sonra Cerald Fordun üzərində dayandı. Çünki Ford bu günə kimi Konqresin hər iki palatasında xüsusi nüfuza malilk idi və demək olar ki, konqresmenlərə də münasibəti səmimi idi. Ona görə də Nikson istefaya gedən Spiro Aqnyunun yerinə bu vəzifəyə Cerald Fordu təyin etdi. Bu, Fordun həyatında ən gözlənilməz hadisələrdən biri oldu. Lakin bundan bir il sonra Fordun başına elə bir hadisə gəldi ki, o yatıb yuxusunda da bunu görə bilməzdi. 1974-cü ildə Nikson istefaya getməyə məcbur olan müavininin taleyini başqa cür yaşamalı odu. Onu demokratların danışıqlarını dinləməkdə (”Uotergeyt əhvalatı”) günahlandıraraq, tutduğu vəzifəsindən istefa verməyə məcbur etdilər. Bu isə Fordun heç bir növbədənkənar prezident seçkiləri keçirilmədən prezident kürsüsündə birbaşa oturmasına yol açırdı. ABŞ Konstitusiyasına görə, ölkə başçısı hər hansı bir səbəbdən vəzifəsini icra edə bilmədiyi halda, onun səlahiyyətləri birbaşa vitse-prezidentə keçir. Niksonun istefası ilə Ford ABŞ-ın 38-ci prezidenti kimi ölkəni idarə etməyə başladı. Prezident seçilən Ford dərhal vitse-prezident postuna Nyu-Yorkun keçmiş qubernatoru Nelson Rokfelleri təyin etdi. Beləliklə, ABŞ tarixində ilk dəfə birbaşa seçkilər keçirilmədən prezident və vitse-prezident postuna, belə demək mümkünsə, “təsadüfi adamlar” oturdular. Ford inauqurasiya mərasimində milyonlarla amerikalıya heç kimin adamı olmayacağını, heç kimin maraqlarına xidmət etməyəcəyini və yalnız dövlətin mənafeyi naminə çalışacağını vəd etdi. Ford ABŞ üçün olduqca ağır bir dövrdə prezident postunda əyləşmişdi. Belə ki, həmin dövrdə ölkə siyasi böhran dövrünü yaşayırdı. Riçard Niksonu istefaya getməyə məcbur edən siyasi hadisələr ABŞ-da demokratiyaya olan inamı azaltmış və əhalidə qeyri-nikbin bir ovqat əmələ gətirmişdi. Belə bir dövrdə Fordun xalqa verdiyi şirin vədlər ölkədə böyük ümidlə qarşılandı. Sonralar Fordun qəbri üstündəki çıxışında vitse-prezident Dik Çeyni belə demişdi: “Sən mürəkkəb bir dövrdə ölkəni idarə etməyə başladın. Ölkə sən hakimiyyətə gələnə kimi böyük fəlakətlər qarşısında qalmışdı. Sən ölkəni təmkinlə, əlləri əsmədən idarə etməyə bacardın”. Bəs Fordun dövründə vəzifə kürsüsündə irəliləməyə başlayan Dik Çeyni, görəsən, hansı fəlakətlərdən danışırdı? Bu sualın cavabını görünür həmin dövrdə bütün ABŞ-ı silkələyən “Uotergeyt əhvalatı”nda axtarmaq lazım gəlir.
Niksonu istefaya göndərən “Uotergeyt əhvalatı”
1972-ci ilin iyun ayının adi günlərindən birində gecə Demokratlar Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt” otelində yerləşən mənzil -qərargahında keşikdə duran mühafizəçi yeraltı qaraja gedən qapının tam şəkildə bağlanmaması üçün lentlə bərkidildiyini gördü. Mühafizəçi, əvvəlcə, qapını bu vəziyyətdə xadimələrin qoyduğunu düşünərək onu örtdü. Lakin az sonra o, yenidən qapını yarıaçılmış vəziyyətdə gördü. Olduqca ayıq-sayıq olan mühafizəçi yeraltı qarajda nə isə baş verdiyini anlayaraq dərhal polisə müraciət etdi. Polis hadisə yerində 5 nəfəri həbs etdi. Həbs edilənlərin dindirilməsi zamanı məlum oldu ki, onlar “Demokrat”ların qərargahına xüsusi dinləmə vasitəsi “juk”lar qoyublar. Lakin nədənsə “juk”lar işləməyib və ona görə də onlar məsələni araşdırmaq üçün yenidən gizlicə yeraltı qaraja girməyə məcbur olublar. Həbs edilənlərin istintaqı zamanı izin birbaşa Prezident Niksona gedib çıxdığı məlum oldu. Lakin hökumət bu barədə susmağa və məsələni açıb-ağartmamağa çalışırdı. Buna baxmayaraq, “Vaşinqton Post” qəzetinin əməkdaşları Bob Vudvord və Karl Bernstin haradansa bu barədə məlumat ala bildilər. Hər iki jurnalist uzun araşdırmalardan sonra Niksonun Demokratlar Partiyasının qərargahını dinlətdirdiyi barədə sensasiyalı məlumatla çıxış etdilər. Bundan sonra Konqres hərəkətə keçərək baş verən hadisələrlə əlaqədar Niksonun impiçmenti məsələsini qaldırdı. Qeyd edək ki, o dövrdə Nikson Konqresin hər addımını nəzarətdə saxlaya bilən xüsusi gizli servis xidməti yaratmışdı. Bu gizli servisin vasitəsilə Nikson Konqresin hər iki palatasının divarları arxasındakı adi danışıqları belə dinləyə bilirdi. Həmin dövrdə hadisələrin baş verdiyi otelin adı ilə “Uotergeyt əhvalatı” adlandırılan hadisəyə görə Nikson özünü müdafiə etməyə çalışırdı. O, bütün bunların ABŞ-ın təhlükəsizliyi üçün edildiyini iddia etsə də, Konqres bunu yetərli saymadı.
Məsələ ilə bağlı keçirilən dinləmələr zamanı Nikson öz məsləhətçiləri ilə birlikdə keçirdiyi müşavirələrin yazıldığı maqnitofon kasetini Konqresə verməkdən imtina etdi. Bunun ardınca istefaya getməsi ilə bağlı etdiyi vidalaşma nitqində: “Mən hələ qalan müddətimi də Prezident kürsüsündə keçirmək istəyirdim. Amma mən bu gün istefaya getməyə məcburam. Mən ömrümdə heç vaxt qorxaq olmamışam. Lakin vaxtından əvvəl tutduğum vəzifədən istefaya getməyimə orqanizmimdəki hər bir hüceyrə müqavimət göstərir”, – demişdi.
Ford Niksonun həbs edilməsinə imkan vermədi
Fordun Prezident kürsüsündəki ilk ayı olduqca məhsuldar keçdi. O, ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün bir sıra qərarlar qəbul etdi. ABŞ-da dərhal anlamağa başladılar ki, Ford, həqiqətən də, xalqın adamıdır və həyatını ölkəsinin rifahına həsr edəcək. Lakin 1974-cü ilin sentyabr ayının 8-də Fordun ölkə əhalisinə etdiyi müraciət xalqın prezident barəsində olan bütün ümidlərini alt-üst etdi. Həmin bazar günü Ford xalqa müraciətlə “Xanımlar və cənablar, mən uzun müddət fikirləşdikdən sonra ürəyimin hökmünə, qəlbimin səsinə qulaq asaraq keçmiş Prezident Nikson barədə son qərarımı qəbul etdim”.

“Ölkə artıq baş verən hadisə ilə əlaqədar yaşadığı şok vəziyyətdən çıxıb. Ona görə də “Uotergeyt əhvalatı”na görə Niksonu bağışlayıram və o, baş verən hadisələrə görə məsuliyyətə cəlb edilməyəcək. Mən qanun qarşısında hamının bərabər olduğunu yaxşı bilirəm. Qanun istər Allahın olsun, istərsə də insanlar tərəfindən verilsin, fərqi yoxdur, ayrı-ayrı şəxslərə xüsusi imtiyazlar vermir. Lakin qanun bütün hallarda reallığı nəzərə alır. Mən Niksonu bağışlayarkən Allah və insanlar qarşısında hansı məsuliyyətin altına girdiyimi yaxşı bilirəm. Mən Prezident kimi deyil, Allahın qulu kimi bütün ruhumla, qəlbimlə anlayıram ki, əgər mən bağışlaya bilməsəm, buna görə məni də haqq divanında mühakimə edəcəklər”,-dedi.

Bu müraciət ölkədə böyük əks-sədaya səbəb olaraq, Forda olan bütün ümidləri boşa çıxardı. Bunu Ford özü də hiss etsə də, ölkədə iqtisadi islahatları inadla davam etdirdi. Onun ikiillik prezidentliyi dövründə ABŞ müəyyən irəliləyişlərə nail oldu. Lakin xalq onu Niksonu bağışladığına görə əfv etmədi.1976-cı ildə keçirilən prezident seçkilərində Ford Cimmi Karterə məğlub olaraq, Ağ Evi həmişəlik tərk etdi.

Fordun ölümündən sonra onun Niksonu nəyə görə bağışlaması ətrafında müzakirələr yenidən qızışdı. Yenə də keçmişdə olduğu kimi, Fordun hakimiyyətə gəlməsinin əvəzində Nıksonun məsuliyyətə cəlb edilməməsi barədə hansısa öhdəlik götürdüyü barədə ehtimallar səslənməyə başladı. Bu ehtimalların nə qədər doğru olduğunu söyləmək çətindir. Çünki ortada bunu sübut edə biləcək hər hansı fakt yoxdur. Cerald Fordu hələ sağlığında ikən yaxından tanıyan telejurnalist Tom Broko : “Mən şübhə etmirəm ki, Nikson Forddan özünü gözləyə biləcək həbsdən sığortalamaq üçün istifadə edib. Fordun Niksona sədaqətindən isə prezident şəxsi maraqlarının həyata keçirilməsi üçün hiyləgərcəsinə istifadə edib. “Uotergeyt əhvalatına görə çoxları Niksondan üz döndərəndə Ford ölkəni gəzərək inadla prezidenti müdafiə edir, onu təmizə çıxarmaq məqsədi ilə əhali arasında təbliğat aparırdı. O vaxt buna görə ətrafındakılar Forda irad tutaraq: “Niksonu müdafiə etmək üçün çox da dərinlərə getmə, ehtiyatlı ol”,-deyirdilər. Lakin Ford bütün bunları eşitməzliyə vururdu”,-deyir.

 

Ford bağışlayır…

Hələ sağlığında ikən Ford “Həkimlik etmək vaxtıdır” adı altında xatirələrini yazaraq çap etdirdi. Ford adıçəkilən kitabında Niksonla bağlı yazırdı: “ Mən həmin dövrdə 260 milyon nəfərlik Amerikanın problemlərini həll etmək üçün bütün vaxtımı sərf etməli idim. Amma prezident postunda olduğum ilk aylarda vaxtımın 25 faizini Niksonla bağlı ortaya çıxan problemləri həll etmək üçün hüquqşünaslarla məsləhətləşməli olurdum. Onlar Niksonla bağlı qarşıya çıxanları həll etməyim üçün mənə müxtəlif məsləhətlər verirdilər. Axırda mən qərara aldım ki, Prezident Aparatını Niksonla bağlı problemlərin aradan qaldırılması üçün müzakirələr meydanına çevrilməsindən qurtarmaq lazımdır. Çünki əks halda, ölkənin problemləri ilə məşğul olmağa vaxt qalmayacaqdı”. Bununla bağlı jurnalist ondan soruşur: “Bilirdinizmi ki, bu sizə siyasi gələcəyinizi risk altında qoymağa başa gələ bilər?” Ford tərəddüd etmədən: “Bəli”,-deyə cavab verir. Sonra da dərhal əlavə edir ki, bu ölkədə Niksonu sevməyənlərin sayı heç də az deyil və onların məni heç vaxt bağışlamayacaqları şübhəsizdir. “Uotergeyt əhvalatını” araşdıraraq, bu barədə ABŞ-ı şoka salan ifşaedici məqalə ilə çıxış edən Bob Vudvord yazırdı: “1974-cü il, avqust ayının 1-də Nikson Administrasiyasının rəhbəri Aleksandr Heyq vitse-prezidentin kabinetinə daxil oldu. O, olduqca narahat və əsəbi görünürdü. Heyq vitse-prezident Forda müraciətlə: “Cənab vitse-prezident, siz yaxın vaxtlarda prezident kürsüsündə əyləşməyə hazırsınızmı?”-deyə soruşdu. Sonra isə bildirdi ki, ələ keçən maqnitofon yazıları Niksonun ifşa edilməsinə gətirib çıxarıb. Bu sonuncu xəbər Cerald Forda gözlənilmədən vurulan ən ağır zərbə təsiri bağışladı. Bob Vudvordun yazdığına görə, daha sonra cənab Heyq Forda hadisələrin 6 istiqamətdə inkişaf edə biləcəyini söyləyərək, onların hamısını bir-bir Forda izah etdi. Onların içində Niksonun yerində oturacaq prezidentin keçmiş şefini bağışlaya biləcəyi variantı da var idi. Heyq ölkə Konstitusiyasına görə, Prezidentin impiçmenti faktı istisna olmaqla digər bütün hallarda istənilən adamı bağışlamaq hüququ olduğunu söylədi. Onun bu sözlərini əslində məsələnin mahiyyətini Forda başa salmaqla onun Niksonu bağışlamasına edilən xahiş kimi də dəyərləndirmək olar. Belə ki, Nıkson Heyqin məsləhəti ilə özünə impiçment elan edilənə kimi hakimiyyətdən getməyi və  bununla da yerinə keçəcək şəxsin onu bağışlaya bilməsi üçün əsas hazırlamağı qərara almışdı. Amma yeni prezident bu addımı atacaqdımı? İş orasındadır ki, bu vaxta kimi ABŞ tarixində prezidentin hansısa səhvə görə bağışlanması çətin görünürdü. Üstəlik, günahı olan prezidentin, onun yerinə keçən yeni dövlət başçısı tərəfindən əfv edilməsi kimi bir hadisə baş verməmişdi. Yenə də Bob Vudvordun yazdıqlarına inansaq, Heyq Forda öncədən Niksonun bağışlanması barədə sənədin mətnini verərək onu imzalatmışdı.

Düzdür, Heyq bu gün Vudvordun yazdıqlarını təkzib edərək, belə bir şeyin baş vermədiyini iddia edir. O, Fordun ölümündən sonra telekanallardan birindəki tok-şouda çıxış edərkən məsələ ilə bağlı: “Belə bir şey olmayıb. Hansı əsasla prezident kürsüsünə oturacağı barədə məlumatı dinləyən adam həyatı ilə risk edərək onu zərbə altında qoya biləcək bir sənədi imzalayar? O onsuz da bu sənədi imzalasa da, imzalamasa da, Konstitusiyaya görə, prezident olacağını yaxşı bilirdi. Bunu başa düşmək üçün bir o qədər də ağıllı olmaq da lazım gəlmirdi”,-demişdi.

Amma Heyq unudurdu ki, onun vəziyyətdən çıxış yolu kimi hazırladığı 6 variant barədə o vaxt bütün ABŞ danışırdı. Qeyd edək ki, Niksonun əfv edilməsi barədə layihənin mətnini Heyqdən alandan sonra Ford təcili şəkildə məsləhətçiləri ilə müşavirə keçirdi. Məsələni müşavirlərinə izah edəndən sonra Ford, əvvəlcə, Niksonun xalq qarşısında özünün günahını boynuna almasını, bundan sonra özünün əfv ediləcəyini bildirdi. Lakin hüquqşünaslar ona izah etdilər ki, Niksonun əfvi qəbul etməsi onun günahını boynuna alması anlamına gəlir. Hüquqşünasların bu sözləri qarşısında geri çəkilməyə məcbur olan Ford Niksonu bağışlamağı qərara aldı. Beləliklə, Nikson özünü gözləyən həbsdən canını qurtarmış oldu.

 

Nikson özünü günahkar hesab etmədi

Lakin Nikson hüquqşünasların dediklərinin əksinə olaraq, ömrünün sonuna kimi “Uotergeyt əhvalatı”na görə özünü günahkar hesab etmədiyini bildirdi. Ford isə bir məsələdə Niksona güzəştə getmədi. O, Niksona onu ifşa edən maqnitofon kasetlərinin məhv etməsinə imkan vermədi. Buna baxmayaraq, Nikson fürsət taparaq maqnitofon lentinin 18 dəqiqəlik hissəsini poza bildi. Amma onu ifşa edən əsas lent yazıları saxlanılıb. Məhz bu yazılara görə, bu gün dünya “Uotergeyt əhvalatı” haqqında daha çox şey bilir. Bununla belə sual ortaya çıxır: Niksonun üzərində məhkəmə qurulmalı idimi? Bu sualın cavabı aydındır: Bəli. Belə başa düşmək olar ki, onda Ford Niksonu bağışlamaqla səhv edib. Bununla belə, Bob Vudvord Fordun Niksonu bağışlamasını düzgün hesab edir. O deyir ki, Ford bu məsələdə müdrikcəsinə hərəkət etdi. Çünki Nikson üzərində məhkəmənin başlaması ölkəni daha vacib məsələlərin həllindən uzaqlaşdıracaqdı. Üstəlik, ABŞ əhalisi azı iki il “Uotergeyt” əhvalatının gətirdiyi şokdan qurtara bilmədi. Bu baxımdan Fordu haqlı saymaq olar. Lakin Fordun Niksonu bağışlamasının arxasında daha önəmli bir sirrin dayandığı şübhəsizdir. Məhz bu sirri Ford açmadan özü ilə qəbrə apardı və ömrünün sonuna kimi də buna görə mərhəmətli Allahdan bağışlanması üçün dua etdi… Son
Əziz Mustafa