Cenevrədə Suriya üzrə sülh danışıqları iflasa uğradı

629
A man walks past a burnt car and damaged buildings along a street at the al-khalidiya neighbourhood of Homs November 19, 2012. REUTERS/Yazan Homsy (SYRIA - Tags: CONFLICT) - RTR3AMBE

Suriyada davam etməkdə olan münaqişəyə son qoymaq üçün son zamanlar beynəlxalq səviyyədə baş vurulan cəhdlər, hələlik, heç bir nəticə verməməkdədir. Bu baxımdan yanvar ayının 29-də İsveçrənin Cenevrə şəhərində münaqişənin həllində maraqlı olan dövlətlər, o cümlədən Rusiya, Fransa, Türkiyə, ABŞ, BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın, Suriyanın indiki rejiminin və müxalifətinin nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar beynəlxalq aləmin diqqət mərkəzində olub. Lakin öncədən də gözlənildiyi kimi danışıqlarda tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Bununla bağlı ötən gün mətbuata açıqlama verən Stefan de Mistura danışıqların dayandırıldığını bildirib. Onun sözlərinə görə, danışıqlar fevralın 25-dək təxirə salınıb. Danışıqların təxirə salınması isə beynəlxalq aləmdə Suriya münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına edilən cəhdlərin növbəti dəfə iflasa uğraması kimi dəyərləndirilib. Bununla belə, BMT rəsmisi danışıqların dayandırılmasının sülh prosesinin iflasa uğraması anlamına gəlməsi ilə başlı deyilənlərlə razılaşmayıb. O, qeyd edib ki, danışıqların növbəti mərhələsində irəliləyişə nail olunması üçün tərəflər bütün imkanlardan istifadə etməyə çalışacaqlar. Diqqəti cəlb edən bir maraqlı məqam da Stefan de Misturanın Rusiyanın və onun müdafiə etdiyi oyuncaq Əsəd rejimi nümayəndələrinin sülh danışıqlarından vaxt qazanmaq üçün istifadə etmək niyyətində olduqlarına işarə vurması olub. De Mistura bununla bağlı hələ sülh danışıqları davam etdiyi bir vaxtda, fevralın 2-də İsveçrə televiziyasına verdiyi müsahibəsində sülh danışıqlarının “danışıqlar naminə danışıqlar” çərçivəsində keçirilməsinin yolverilməz olduğu barədə qarşı tərəfə xəbərdarlıq edib. Mistura bildirib ki, tərəflər münaqişənin həlli üçün ciddi addımlar atmalıdırlar, əks halda, danışıqlarda hər hansı nəticəyə ümid etmək çətin olacaq. Misturanın son açıqlaması əslində yanvarın 29-da başlayan sülh danışıqlarında tərəflərin bir-birlərinə hər hansı güzəştə getmədiyini və nəticədə prosesin davam etdirilməsinə ehtiyacın olmadığını ortaya çıxarıb. Sülh danışıqları davam etdiyi bir dövrdə oyuncaq Əsəd rejiminin və onlara dəstək verən Rusiya və İran hərbi qüvvələrinin iştirakı ilə bölgədə yeni hərbi əməliyyatlara başlanılmasına etiraz əlaməti olaraq, Suriya müxalifətinin nümayəndə heyəti Cenevrəni tərk edib. Bununla bağlı mətbuata açıqlama verən Suriya müxalifətinin Cenevrə prosesi üzrə Ali Komitəsinin lideri, ölkənin sabiq baş naziri Riyad Hicab danışıqların uğurla nəticələnməsini arzuladıqlarını, lakin qarşı tərəfin bunu istəmədiyini söyləyib. Onun sözlərinə görə, danışıqlar prosesində Əsəd rejimi və onları dəstəkləyən Rusiya və İran bundan yalnız vaxt qazanmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Riyad Hicab xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının humanitar tədbirlərlə bağlı ötən ilin dekabrında qəbul etdiyi qətnamənin heç bir bəndinə qarşı tərəf əməl etməyib. O deyib ki, danışıqlardan öncə şəhərlərin atəşə tutulmasına son qoyulmalı və məhbuslar azad edilməli idi, lakin oyuncaq rejim himayədarlarının tövsiyəsi və hərbi yardımı ilə dinc əhaliyə qarşı zorakılıqları davam etdirir. Riyad Nicab faktiki olaraq hazırda Suriyadakı rejimin öz legitimliyini itirdiyini, ölkənin idarə edilməsinin isə rusların və iranlıların əlinə keçdiyini vurğulayıb.

Danışıqların dayandırılmasında
Rusiya günahkardır
Suriya üzrə sülh danışıqlarının dayandırılması prosesdə iştirak edən dövlətlər tərəfindən də birmənalı qarşılanmayıb. Bu məsələdə tərəflər qarşılıqlı şəkildə bir-birlərini günahlandırmaqdadırlar. Belə ki, Suriya danışıqlarının dayandırılması ilə bağlı ABŞ dövlət katibi Con Kerri bəyanat verərək, Rusiyanı, İranı və onların müdafiə etdikləri Əsəd rejimini Cenevrəyə xoş niyyətlə gəlmədiklərini söyləyib. Bəyanatda Cenevrədə sülh axtarışlarının davam etdiyi bir vaxtda bölgədə qarşı tərəfin müxalifət gücləri üzərinə yeni hücuma başlamasını münaqişənin dinc yollarla həlli cəhdlərinə vurulan ağır zərbə kimi dəyərləndirilib: “Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə müxalifət qüvvələrinin nəzarəti altında olan bölgələrə, yüz minlərlə dinc sakinlərin yaşadığı yaşayış məntəqələrinə hücumları rejimin münaqişəni siyasi vasitələrlə yox, hərbi yolla həll etməyə cəhd etdiyini göstərir”.
ABŞ dövlət katibi bütün bunların qarşı tərəfə heç nə verməyəcəyini xatırladaraq, rəsmi Dəməşqdən və onun tərəfdarlarından hava zərbələrinə son qoymağa çağırıb. O eyni zamanda fevralın sonunda sülh danışıqlarının bərpa ediləcəyinə ümid bəslədiyini də bildirib.
Öz növbəsində, Rusiya Xarici İşlər nazirinin müavini Qennadi Qatilov Rusiya-İran və Əsəd rejiminin cəbhədə yeni hücuma başlamasından diqqəti yayındırmaq üçün günahı Suriya müxalifətinin üstünə yıxmağa cəhd edib. O, iddia edib ki, guya danışıqların pozulmasına səbəb müxalifətin Cenevrəni tərk etməsidir. Rusiya rəsmisi müxalifətin danışıqları tərk etməsinin səbəbini cəbhədə başlanılan yeni hücumla əlaqələndirməsini bəhanə adlandırıb. Qatilov hətta ölkədə humanitar vəziyyətin ağırlaşmasına dair səslənən arqumentlərin də əsassız olduğunu sübut etməyə çalışıb. Halbuki Qatilov və Rusiyanın digər yüksək səviyyəli rəsmilərinə də Suriyada mühasirədə olan dinc əhalinin II Dünya müharibəsi zamanı faşistlərin Leninqradı blokadaya aldıqlarından daha ağır vəziyyətdə olduqları məlumdur. Buna baxmayaraq, Rusiya və İran mühasirədə qalan və əksəriyyəti qocalar, qadınlar və uşaqlardan olan yüz minlərlə dinc sakini aclıqdan məhv etmə siyasətini davam etdirir, onlara beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımlar göstərilməsinə imkan vermirlər.
Qatilov bütün bunlara rəğmən, Rusiyanın “terrorizm”lə ( dinc əhalı ilə ) mübarizəni davam etdirəcəyini deyib. Onun bu açıqlaması Əsəd rejiminə dəstək verənlərin (İran və Rusiyanın) bölgədə dinc əhaliyə qarşı genosid siyasətini davam etdirmək niyyətində olduqlarını bir daha ortaya çıxarıb.
Danışıqların dayandırılmasına oyuncaq Əsəd rejiminin rəsmisinin də münasibəti Qatilovun verdiyi açıqlamadan fərqli olmayıb. Belə ki, Cenevrədə iştirak edən Dəməşqin nümayəndə heyətinin başçısı Bəşər Cəfəri bəyan edib ki, sülh danışıqları müxalifətin müzakirələri tərk etmək istəyinə görə dayandırılıb. Halbuki danışıqların dayandırılmasına əsas səbəbin oyuncaq rejim və onların dəstəkçilərinin cəbhədə yeni hücuma başlaması və bununla da dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək olması artıq heç kəsə sirr deyil. Bununla belə, Cəfəri öz iddiasında daha irəli gedərək müxalifətin guya danışıqlardan çıxmaq qərarını Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin göstərişi ilə verdiyini həyasızcasına vurğulayıb.
Bununla da həm Rusiya, həm də oyuncaq rejiminin rəsmisi sülh danışıqlarının dayandırılmasının günahını qarşı tərəfin üzərinə yıxmağa cəhd ediblər. Bütün bunlara baxmayaraq, Cenevrə sülh danışıqlarının uğursuzluğa dükar olmasının günahkarlarının Rusiya və İran, həmçinin onlar tərəfindən dəstəklənən Əsədin oyuncaq rejimi olduğunu Moskva və Tehranda da yaxşı anlayırlar.

Moskva Suriyanı parçalamaq niyyətindədir
Cenevrədə Suriya üzrə sülh danışıqlarının növbəti mərhələsinin iflasa uğraması Qərbin digər dövlətlərində də güclü əks-səda verib. Belə ki, Böyük Britaniya Xarici İşlər naziri Hammond deyib ki, sülh danışıqlarının dayandırılmasının bütün günahı və bundan sonra bölgədə baş verən hadisələrə görə məsuliyyət Rusiyanın üzərinə düşür. Hammond: “Əgər Suriya üzrə danışıqlar iflasa uğrasa, onda bu ölkənin parçalanması qaçılmaz olacaq. Hadisələrin gedişi göstərir ki, Rusiya Əsəd rejiminin legitimliyini qoruyub saxlamaq üçün Suriyanın şimal-qərbində şiələrdən ibarət mini dövlət qurmaq niyyətindədir. Rusiyanın dinc əhali üzərinə bombalar yağdırması və faktiki olaraq bölgədə soyqırımı siyasəti yeritməsi İŞİ-din xeyrinə işləyən amilə çevrilib. Çünki Rusiyanın və İranın bölgədə Əsədin ələvi rejimini müdaifə etmək və terrorçularla mübarizə pərdəsi adı altında sünnilər yaşayan bölgələri qeyri-insani dərəcədə bombalaması sünni əhalinin kütləvi şəkildə İŞİD-çilərə qoşulmasına yol açmaqdadır”,-deyib.
Hammond hətta vəziyyət belə davam edəcəyi təqdirdə, Rusiyanın sülh danışıqlarından uzaqlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın Əsəd rejimini qorumaq üçün Suriyanı parçalamaq və əli öz xalqının qanına batmış diktatorun nəzarəti altında mini-dövlət yaratmaq niyyətində olduğunu Moskvanın atdığı son addımlar da sübut etməkdədir. Belə ki, Rusiya dünən Suriyada yaşayan kürdlərin Moskvada nümayəndəliyinin açılması barədə qərar qəbul edib. Rusiyanın bu addımı Cenevrə sülh danışıqlarında Türkiyə tərəfindən iştirakına imkan verilməyən və PKK-nın bir qolu olan PYD terrorçu təşkilatının tanınması anlamına gəlir. Rusiyanın Suriya kürdlərinə açıq şəkildə dəstək verməsinin arxasında iki məqsəd dayanır: bunlardan birincisi, Suriya kürdlərini öz tərəfinə çəkməklə onları Qərbin təsir dairəsindən çıxarmaq və Əsədə qarşı döyüşən güclər sırasına parçalanma salmaq, onlara arxadan zərbə vurmaq, ikincisi isə, adıçəkilən ölkənin parçalanması prosesini sürətləndirməkdir. Beləliklə, Rusiya və İran faktiki olaraq Əsəd rejimini qorumaq naminə Suriyanın parçalanması siyasətini açıq şəkildə həyata keçirməyə başlayıblar. Belə bir vəziyyətdə Suriyanın parçalanması əleyhinə çıxan Türkiyənin də bölgədə yaşayan və sayı 4 milyondan yuxarı olan türkmənlərə münasibətdə analoji addım atmaqdan başqa çarəsi qalmayacaq. Bölgədə baş verən bütün bunlara görə isə məsuliyyət Əsəd rejimini dəstəkləyən Rusiya və İranın üzərinə düşəcək.

 

Əziz Mustafa