“Çempionluq son ilin yox, 6-7 ilin zəhmətidir”

695

Namiq Yusifov uzun müddətdir ki, “Qarabağ”da çıxış edən futbolçulardan biridir. Düzdür, son mövsüm 28 yaşlı yarımmüdafiəçi üçün o qədər də yaxşı keçmədi. Əvvəllər “Qarabağ”ın əsas heyətinin dəyişilməz üzvü olan Yusifov başa çatan mövsümdə əksər oyunlarda meydançadan sonradan daxil oldu. İstənilən halda, “Qarabağ”ın son illərdə qazandığı uğurlarda Namiqin də payı böyükdür. Redaksiyamıza qonaq olan təcrübəli futbolçu həm çempionluqdan, həm avrokuboklardan, həm də digər məsələlərdən danışdı.

 

– “Qarabağ” son illərdə bir qayda olaraq çempionluğa oynasa da, yekunda istəyinə çata bilmirdi. Amma bu il tilsimi qıra bildiniz. Maraqlıdır, dəyişən nə oldu ki, “Qarabağ” istəyinə çatdı?

– Deməzdim ki, nəsə dəyişdi. Qurban Qurbanov 6 ildir ki, “Qarabağ”dadır və mən deyərdim ki, o gələndən hər il çempionluğa bir addım da yaxınlaşırdıq. Əvvəlki illərdə 2-ci, 3-cü olduq, sanki çempion olmaq üçün nəsə çatmırdı. Allaha şükürlər olsun ki, nəhayət, bu il çempion olmağı bacardıq. Əvvəl yaratdığımız qol əziyyətlərindən lazımınca yararlana bilmirdik. Elə olurdu ki, 5 qol vəziyyətinin hamısını boşa verirdik. Keçən mövsüm “Neftçi” ilə keçirdiyimiz həlledici qarşılaşmada da elə olmuşdu, təkbətək epizodları belə, qaçırırdıq. Qurban müəllimin 6 ildə qazandığı təcrübə bu il öz bəhrəsini verdi.

– Geridəqalan mövsümdə öz çıxışını necə dəyərləndirərdin?

– Elə də çox oynamadım. 10-11 oyunda əsas heyətdə meydançaya çıxdım, adətən sonradan oyuna qoşulurdum. Belə pis təsir bağışlamadım. Kənardan baxanlar daha yaxşı qiymət verə bilərlər. Amma mən əlimdən gələni etdim.

– Əvvəlki illərdə mütəmadi olaraq, əsas heyətdə yer alırdın. Amma son mövsümdə Qurban Qurbanov səni daha çox sonradan oyuna daxil edirdi. Bunun səbəbini nədə görürsən? Özündə bir geriləmə hiss edirsənmi?

– Xeyr, zəiflik hiss etmirəm. Komandanın sərgilədiyi oyun sistemi də bir o qədər dəyişməyib. Sadəcə, mənim mövqeyimdə çıxış edən oyunçular — Qara Qarayev və Hacı Əhmədov 21 yaş məsələsinə görə daim oynamalıdırlar. Bu səbəbdən onlarla rəqabət aparmağım çətindir.

– Məlumdur ki, çempionluq qazanılıbsa, deməli, burada bütün komandanın əziyyəti var. Amma yenə də çempionluqda ən çox pay sahibi olan 1 nəfəri fərqləndirə bilərsən. Elə deyilmi?

– Ayrı-ayrılıqda kiminsə çıxışını qabartmaq düzgün deyil. Reynaldo 22 qol vurubsa, onun vurduğu qollar öz-özlüyündə nəsə deyir. Amma yenə də çempionluq son ilin yox, 6-7 ilin zəhmətidir. Biri var ki, komanda 1 il nəticə verir, amma sonra yoxa çıxır. Bizdə isə belə olmayıb. Son 6 ildə hər dəfə iddialı olmuşuq, 3 dəfə Avropa Liqasında “pley-off”da oynamışıq.

– Qarşıdan Avrokubok oyunları gəlir. Sənin də qeyd etdiyin kimi, “Qarabağ” bu vaxta qədər 3 dəfə Avropa Liqasının “pley-off” mərhələsini görüb. Amma bu il mübarizəyə ilk dəfə olaraq, Çempionlar Liqasından başlayacaqsınız. Yəqin razılaşarsan ki, bu dəfə sizi daha çətin sınaq gözləyir…

– Bu məsələyə 2 tərəfli yanaşmaq lazımdır. Çempionlar Liqasında iştirak bizim üçün həm çətin, həm də asan olacaq. Əvvəllər “pley-off”da oynamaq üçün 3 mərhələ keçməli idik. Amma bu il mübarizəyə Çempionlar Liqasında başlayacağımız üçün 1 mərhələ keçəcəyimiz halda, artıq AL-in “pley-off”unda oynamaq hüququ əldə edəcəyik. Düzdür, ÇL-də birinci mərhələdə güclü rəqib düşür, çünki hər ölkənin çempionu oynayır. Amma onsuz da, Avropa Liqasının 2-ci və 3-cü mərhələlərində də güclü rəqiblərlə qarşılaşırdıq.

– Bu mövsüm avrokuboklarda qarşınıza hansı missiya qoyulub: Avropa Liqasında qrup mərhələsinə düşmək, yoxsa..?

– Hələ bir missiya qoyulmayıb. O haqda söhbət toplanışdan sonra olacaq. Sadəcə onu deyə bilərəm ki, “Qarabağ” hər il yüksək nəticələr üçün oynayır. Bu dəfə də bacardığımız qədər qabağa getməyə çalışacağıq. “Qarabağ”ın ilk növbədə, adına görə qrupa düşmək istərdik.

– Bu il avrokuboklarda çıxış edəcək 4 komanda arasında yenə əsas ümidlər “Qarabağ”adır. Yəni əksəriyyət ilk növbədə, sizdən uğurlu çıxış gözləyir. Bu, “Qarabağ”ın futbolçularında təzyiq yaratmır ki?

– Onsuz da, hər il daha çox “Qarabağ”dan uğur gözlənilir. İnşallah, yaxşı olur. Biz də istəyirik ki, Avroliqanın qrupuna düşək və ya ÇL-də uğurlu nəticəyə imza ataq. Bəlkə də hansısa futbolçu belə hallarda üzərində təzyiq hiss edir. Amma mən bu basqını hiss etmirəm.

– “Qarabağ”dakı gələcək karyeran haqda nə deyə bilərsən?

– Hələ klubla 1 illik müqaviləm var. İnşallah, ən azı müqaviləmin sonuna qədər “Qarabağ”dayam.

– Növbəti mövsümdə də “Qarabağ”ın əsas heyətinə az-az düşsən, komandadan ayrılmaq haqda düşünəcəksən?

– Məncə, bu vəziyyət 1 il də davam etsə belə, sonra düzələcək. Gələn mövsümdən hər komandanın əsas heyətində 5 yerli futbolçu oynaya bilər. Bu da mənim oynamaq şansımı artırır.

– Əksəriyyət çempionatın səviyyəsinin artdığını və son mövsümün daha gərgin keçdiyini düşünür. Sən hansı fikirdəsən?

– Həqiqətən də, son mövsüm çox maraqlı keçdi. Amma yaxşı olar ki, mübarizə 4-5 komanda arasında yox, 10 komanda arasında gedərdi. Yəni hamısı eynigüclü olsa, daha gərgin çempionatın şahidi olarıq. Bu format da yaxşıdır, amma “altılıq” sistemi də pis deyildi.

– “Altılıq” sistemi ilə müqayisədə çempionatımız üçün hazırkı format daha məqbuldur. Xatırlayırsansa, ikinci “altılıq”da mübarizə getmirdi…

– Razıyam. İlk “altılıq” yaxşı idi, amma ikinci “altılıq” haqda eyni sözləri demək olmurdu.

– Son mövsümdə hər komanda çempionatda 36 oyun keçirdi. Bu, futbolçulara fiziki mənada necə təsir etdi?

– Normal. Nə qədər çox oyun olsa, bir o qədər yaxşıdır.

– Söz-söhbət gəzir ki, növbəti mövsümdə elitadakı komandaların sayı 12-yə çatdırıla bilər. Belə olan halda, hər komanda 44 oyun keçirməli olacaq…

– Yaxşı olar. Belə baxanda, 36 ilə 44 arasında elə də çox fərq yoxdur. Avropada 3 gündən bir oyun keçirirlər. Hər şey öyrəşməkdən, vərdiş etməkdən asılıdır. Davamlı çox oyun keçirsək, yavaş-yavaş alışacağıq. Bir də çox oyun keçirəndə heyətin geniş olmalıdır.

TENGİZ MƏMMƏDOV