“Çempionatımız yüksək səviyyədə deyil ki, rəqiblərə yuxarıdan aşağı baxaq”

479
Etiraf edək ki, bizim çempionat elə də yüksək səviyyədə deyil ki, bütün rəqiblərə yuxarıdan aşağı baxaq. Futboldur, bu işdə udmaq üçün çalışmaq lazımdır. Düzdür, bəzi klublar var ki, onları maddi baxımdan çox üstələyirik. Ancaq pul hər şeyi həll etmir.
Çempionlar Liqası və Avropa Liqasında ilk iki mərhələnin cütlükləri artıq bəllidir və ölkəmizi avrokuboklarda təmsil edəcək klublar öz rəqiblərini tanımağa başlayıblar. Əlbəttə ki, bütün futbol ictimaiyyəti klublarımızdan uğurlu çıxış gözləyir. Avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ” digər klublardan fərqli olaraq, yeni mövsümün hazırlıqlarına da erkən start vermişdilər. Klublarımızın hazırkı durumu və şansları barədə fikirlərini öyrənmək üçün tanınmış məşqçi Yunis Hüseynovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis “Çempion”a müsahibəsində müxtəlif məqamlara toxundu.

– Başlayaq ötən mövsümün qalibi “Qarabağ”dan. Ağdam təmsilçisi “Valletta” ilə qarşılaşacaq. Təmsilçimizin şanslarını necə görürsünüz?

– Şanslar deyəndə ki, 99 faiz “Qarabağ” üstündür. Mən əvvəl də bildirmişəm, yenə təkrar edirəm ki, “Qarabağ”ı artıq təbrik etmək olar. Bilirsiniz ki, Maltada elə də güclü çempionat yoxdur. Çempionatları var, amma səviyyəli deyil. “Valletta” özü 20-dən çox ölkə çempionu adına yiyələnib. Bu isə həmin ölkədə çempionatın hansı səviyyədə olduğunu açıq şəkildə göstərir. Bütün bunlara baxmayaraq, “Qarabağ”a rahatlaşmaq olmaz. Düzdür, bu, bizim fikirlərimizdir. Hamımız istəyirik ki, “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə düşsün. Ona görə də heç kim rahatlaşmamalıdır. Bizim dəyərləndirməmiz o mənanı kəsb etmir ki, hər şey həll olunub. Amma yenə də deyə bilərik ki, Ağdam təmsilçisi “Valletta” səddini keçə biləcək. Ötən mövsüm digər təmsilçimiz “Xəzər Lənkəran” da Avropa Liqasında Malta klubu ilə düşmüşdü. Elə həmin komandanın da oyunu göstərirdi ki, Maltada güclü çempionat yoxdur. Bir sözlə, rəqib elə də güclü komanda deyil.

– Avropa Liqasında “İnter” və “Qəbələ” ilk təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. “Bankirlər”in bəxtinə “Tiraspol” düşdü. Sizcə, Moldova təmsilçisi ilə oyunlarda Bakı klubu nə edə bilər?

– “Tiraspol” – “İnter” cütlüyü barədə onu deyə bilərəm ki, təmsilçimiz bu mərhələni adlaya biləcək. Çünki Moldovada da güclü çempionat yoxdur. Azərbaycan Premyer Liqası onların çempionatından səviyyəcə üstündür. Ona görə də inanıram ki, “İnter” bu mərhələni çətinlik çəkmədən adlayacaq.

– Bu mövsüm avrokuboklarda debut edəcək “Qəbələ” isə Azərbaycan futbolsevərlərinə heç də yad olmayan “Şiroki Briyek”lə qarşılaşacaq. Bu cütlük barədə fikirləriniz necədir?

– Mən “Qəbələ” barədə dəqiq fikir səsləndirə bilmərəm. Çünki yeni sistemlə bağlı çox məlumatım yoxdur. Nəinki mən, çoxları “Qəbələ”dəki yeni sistemin necə olacağını bilmir. Bilirsiniz ki, “Qəbələ” hazırlıqlara həddindən artıq gec start verdi. Bundan başqa məşqçi problemləri var idi və bu məsələ hələ yeni həllini tapıb. İlk oyuna artıq çox az vaxt qalıb. Bu qısa müddət ərzində deyə bilmərəm ki, yeni baş məşqçi komandanı necə hazırlayacaq. Ona bu işdə uğurlar arzu edirəm. Bircə onu dəqiq deyə bilərəm ki, bu komandaya bələd olmadığım üçün dəqiq fikir səsləndirə bilmərəm. Çünki bilmirəm kimlər gedib və yeni gələnlər necə olacaqlar. Amma hamımız ümid edirik ki, “Qəbələ”  “Şiroki Briyek”i keçər.

– Şimal klubu UEFA-ya sifariş etdiyi futbolçuların adlarını artıq açıqlayıb və həmin siyahıda cəmi 16 futbolçuya yer verilib. Bu riskli addım deyil? Xüsusən də, avrokuboklarda debütant olan komanda üçün…

– Bayaq bu barədə qeyd etdim. Son günlərə kimi bilinmirdi ki, komandanın baş məşqçisi kim olacaq. Hər məşqçi də gəldiyi zaman özü ilə yeni futbolçular gətirir. Belə olanda komandadan ayrılan futbolçular olur. Buna görə də 3-4 gündə kimi gəldi iştirak ərizəsinə daxil etmək də düzgün deyil. Avrokubok üçün güclü heyətin olmalıdır. İlk növbədə futbolçunun hazır olub-olmadığına baxmaq lazımdır. Və ya məşqçi onu bəyənəcək, yoxsa yox. Məncə, elə bu məsələləri nəzərə alıb 16 futbolçunun adını sifariş ərizəsinə daxil ediblər. Çünki bu futbolçuları tanıyırdı. Muntyanu yəqin ki, yeni futbolçular da gətirəcək. İnşallah, birinci mərhələni keçsələr, ikinci mərhələdəki oyunlar üçün yeni transferlər olar.

– “Neftçi” isə mübarizəyə ikinci mərhələdən qoşulacaq. Rəqib isə “Koper” – “Çelik” cütlüyünün qalibi olacaq. “Flaqman”ın şansları barədə düşüncələriniz necədir? Yenidən “Skenderbeu” sürprizi yaşanmaz ki?

– Yox, keçə bilər. Bilirsiniz necədir, bizim komandalardan hər hansı biri rəqibinə uduzsa, bunu faciə halına gətirmək lazım deyil. Elə çempionatlar var ki, bizim liqa onlardan zəifdir. Amma bəziləri ilə də bərabər səviyyədəyik. Çempionatları çox zəif olanları isə demirəm. Ona görə də Allah eləməsin, bir uğursuzluq olsa, bunu şişirtməyək. Çünki etiraf edək ki, bizim çempionat elə də yüksək səviyyədə deyil ki, bütün rəqiblərə yuxarıdan aşağı baxaq. Futboldur, bu işdə udmaq üçün çalışmaq lazımdır. Düzdür, bəzi klublar var ki, onları maddi baxımdan çox üstələyirik. Ancaq pul hər şeyi həll etmir.

– Ümumi mənada azarkeşlər avrokuboklarda oynayan hər klubumuzun heç olmasa bir mərhələ keçməsini gözləyir. Bu fikirlə razısınızmı?

– Mən sizə deyim də. Əminəm ki, “Qarabağ” bu mərhələni keçəcək. Növbəti mərhələdə çıxış edəcək klubların siyahısına da baxmışam. “Qarabağ” onların hər hansı birini də keçmək iqtidarındadır. Çünki həmin mərhələdə də elə də yüksək səviyyəli komandalar olmayacaq. 2-3 fərqlənən klub var, amma onlar da “Qarabağ”dan çox güclü deyillər. Mənə elə gəlir ki, Avropa Liqasında çıxış edəcək “İnter”, “Qəbələ” və “Neftçi” də mərhələ adlaya biləcəklər.