Çelkan türkləri (3)

Çelkan türklərinin istər yaşayış tərzlərində, istərsə də adi, gündəlik həyatlarında digər türk etnoslarını xatırladan çoxlu sayda qohum elementlər var.
Onların  adət-ənənələrindən tutmuş folkloruna, geyimlərinə, davranışlarına kimi hamısı eynidir və qohum türk etnoslarında olduğundan fərqlənmir. Çelkan türklərinin əksər hissəsi xristianlığı qəbul etməsinə baxmayaraq, şamanizm ruhu onlarda kifayət qədər güclüdür. Tarixçi alim Potapovun da qeyd etdiyi kimi, şamanizm Çelkan türklərinin ruhundadır.

Ruslar tərəfindən assimilyasiyaya məruz qalmamış ucqar ərazilərdə yaşayan Çelkan türkləri indinin özündə belə pislikləri, şər qüvvələri qovmaq, qorxulu xəstəliklərdən müalicə olunmaq üçün şamanlara müraciət edirlər.

 

Assimilyasiya və miqrasiya faciəsi

SSRİ dövründə Moskva tərəfindən vahid sovet xalqı formalaşdırmaq siyasəti yeridildiyindən çelkanlıların assimilyasiyası prosesi sürətlə davam etdi. Rusların assimilyasiya və xristianlaşdırma, həmçinin milli etnikləri daim təzyiqlər altında saxlama siyasəti Çelkan türklərinin sayında sürətlə azalmaya gətirib çıxarıb. Xüsusilə, SSRİ dövründə çelkanlıların doğma yurd-yuvalarından zorla Sibirin müxtəlif bölgələrinə ən ağır işləri görmək üçün göndərilməsi onların təbii artımının ən aşağı həddə düşməsinə yol açdı. Əgər 1926-cı ildə Çelkan türklərində artım səviyyəsi hər 100 nəfərə 13-14 nəfər düşürdüsə, günümüzdə bu artım 6,3 faiz təşkil edir. Çelkanlılar arasında təbii artımın azalmasına əsas səbəblərdən biri də ötən əsrin 20-30-cu illərində onların zorla oturaq həyata keçirilməyə məcbur edilməsi ilə bağlıdır. Oturaq həyata keçirilməsi Çelkan türklərinin ənənəvi yaşayış həyatlarının dəyişməsinə, onlar arasında miqrasiya proseslərinin artmasına gətirib çıxardı. Ötən əsrin 30-60-cı illərində miqrasiya prosesləri Lebed çayı və onun qolları ( Atle, Sadre, Türüzən, Kırqızan) ətrafında yaşayan və “kezek” ( kazak, gəzək) adlanan çelkanlılar arasında daha geniş vüsət almışdı. Bayqol (Baygöl) çayı ətrafında yaşayan çelkanlılar arasında isə miqrasiya prosesləri bir o qədər də geniş yayılmadı. Miqrasiya prosesləri, öz növbəsində, çelkanlıların digər millətlər arasında assimilyasiyasına yol açdı və bu onların sayının sürətlə azalmasına gətirib çıxardı.

Halbuki assimilyasiyaya məruz qalmasaydılar, bu gün Çelkan türklərinin sayı təxminən 450-600 min nəfər olası idi. SSRİ dağılandan 9 il sonra – 2000-ci il mart ayının 24-də Rusiya Federasiyası hökumətinin qəbul etdiyi 255 saylı qətnamə ilə Altayda və Sibirdə yaşayan digər azsaylı türk xalqları kimi, çelkanlılar da azsaylı xalqlar sırasına aid ediliblər. 2002-ci ildə keçirilən siyahıyaalma zamanı Rusiya Federasiyası ərazisində 855 çelkanlının yaşadığı məlum olub. Onlardan 830 nəfəri Altay Respublikasında yaşayır. Qeyd edək ki, bu rəqəm bir qədər inandırıcı görünmür. Belə ki, Altay Respublilkasında 1997-ci ildə keçirilən siyahıyaalma zamanı təkcə Turoçak rayonunda 1689 Çelkan türkünün yaşadığı məlum olmuşdu.

Günümüzdə Çelkan türkləri əsasən Altay Respublikasının Turoçak rayonunda, Lebed çayının və onun qolu olan Bayqolun ətrafında, Kurmaç-Bayqol, Suranaş, Malıy (kiçik, balaca), Çibeçen və İtkuç kəndlərində yaşayırlar.

Amma yenə də ürək ağrısı ilə qeyd edək ki, assimilyasiya prosesi nəticəsində Sibirdə, Altayda və digər bu ərazilərə qonşu olan  əyalətlərdə yaşayan, azsaylı türk xalqlarının faciəsi davam edir…

Çelkan türklərinin həyatı

Çelkan türklərinin günümüzdəki problemləri, onların gündəlik həyatı günümüzdə belə bir çox səyahət həvəskarının, o cümlədən araşdırmaçıların diqqətini cəlb etməkdə davam edir. Bununla əlaqədar bir neçən il bundan əvvəl Çelkan kəndlərinə səyahət edən Sergey Baxtin yazır: “Etnik baxımdan Altaylar qədər zəngin və rəngarəng bir ərazi tapmaq qeyri-mümkündür. Altayların ucsuz-bucaqsız çöllərində çoxlu sayda dini və təsərrüfat həyatı baxımından fərqli olan xalqlar, etnoslar yaşayırlar. Bu baxımdan Çelkan türklərinin yaşadıqları Şimali Altay barədə çoxlarımız ciddi məlumatlara malik deyilik. Bunu nəzərə alaraq, yayda Altay Respublikasının şimalında yerləşən Turoçak rayonuna səyahətə çıxmağı qərara aldıq. Əsas məqsədimizdə burada yaşyan Çelkan türklərinin günümüzdəki həyatını bir daha öyrənmək, onların problemləri, gündəlik həyat tərzləri, məişətləri, sosial-mədəni, ictimai vəziyyətləri ilə yaxından tanış olmaq idi. Çelkan türkləri yaşayan Şimali Altaya səfər etməzdən əvvəl istər-istəməz etnoqrafik lüğəti vərəqləməli oldum. Ensiklopediyada Çelkan türklərinin Şimali Altayın Kurmaç-Bayqol, Suranaş, Mayskoye, Çuyka, Biyka və digər yaşayış məntəqələrində yaşadıqları qeyd edilib. Bununla belə, əksər tədqiqatçılar Çelkan türklərinin İoqaç, Artıbaş və Turoçak yaşayış məntəqələrində yaşadıqlarını da qeyd edirlər. Əslində mən başqa bir mənzərənin də şahidi oldum. Məsələn, Çelkan türklərinin mərkəzi hesab edilən Turoçak rayonunda 400-dən çox çelkanlı yaşayır. İoqaç və Artıbaşda da onlarla çelkanlı yaşamaqdadır.

Çelkanlıların yaşadıqları və onların özünəməxsus şəkildə paytaxtı funksiyasını həyata keçirən Kurmaç-Bayqola gedən yol isə çətin və təhlükəli hesab edilən dağ aşırımlarından keçir. Kənd yüksək dağlıq ərazidə yerləşdiyindən ora ilin digər fəsillərində getmək olduqca təhlükəlidir. SSRİ dövründə çelkanlılar altaylılar adlandırılırdı. Bizim son tədqiqatlarımıza görə, çelkanlıların sayı 1112 nəfər təşkil edir. 2002-ci ildə keçirilən siyahıyaalmaya görə, bütün Rusiya ərazisində 855 çelkanlı yaşayırdı. Onların da 830 nəfəri Altay Respublikasının payına düşür. Çelkanlılar yaşayan ərazilərə səyahətimiz zamanı biz müəyyən etdik ki, onlar Turoçak rayonunun bütün yaşayış məntəqələrində yaşayırlar. Amma hər yerdə azlıqdadırlar. Belə ki, çelkanlılar rusların (oxu: ruslaşmış və dinlərini dəyişmiş çelkanlıların), tubalıların, kumandinlilərin yaşadıqları ərazilərdə az sayda təmsil olunublar. Məsələn, Kebezen kəndində çelkanlılar burada yaşayan bütün əhalinin 6,6 faizini təşkil edirər. Çelkanlıların sayca çoxluq təşkil etdikləri rayonlar və yaşayış məntəqələri isə əsasən Lebed çayı boyunca yerləşir. Belə ki, çelkanlılar Turoçak, Kurmaç-Bayqol, Surnaşa, Çuyka və Biyka yaşayış məntəqələrində say etibarı ilə daha böyük çoxluğa malikdirlər. Lebed çayı boyu yerləşən ərazilərdə yaşadıqları üçün çelkanlıları hətta Lebed ( qu quşları) adlandırırlar. Günümüzdə çelkanlılar yaşayan ərazilər əsasən tayqa meşəlikləridir. Vaxtı ilə onlar bundan tayqada ov etmək və digər təsərrüfat fəaliyyətləri üçün istifadə edirdilərsə, hazırda vəziyyət dəyişib. İlk növbədə, çelkanlılar tayqadakı koma tipli evlərini ağacdan inşa edilən daha rahat evlərlə əvəz ediblər. Buna paralel olaraq, çelkanlılar üçün ənənəvi olan ovçuluq, balıqçılıq, yabanı meyvə və giləmeyvələri toplamaq, heyvandarlıq və bağçılıqla məşğul olmaq ənələri yavaş-yavaş yaddan çıxmaqdadır. Buna da səbəb kənd mağazalarında gündəlik yaşayış üçün lazım olan bütün ərzaq məhsullarının satılmasıdır.

Dini, mənəvi baxımdan da çelkanlıların həyatında müəyyən dəyişikliklər baş verib. Artıq siz kəndlərdə, demək olar, şamana rast gələ bilməzsiniz. Bununla belə, onlar köhnə adət-ənənələrini qoruyub saxlamağa cəhd edirlər. Biz çelkanlılar yaşayan ərazilərə səyahətimiz zamanı azsaylı xalqların beynəlxalq gününə həsr edilən bayram şənliklərində iştirak etdik. Teles çayının olduqca gözəl və mənzərəli sahillərində keçirilən bu şənliklərdə biz çelkanlıların öz adət-ənənələrini nə qədər qoruyub saxlamağa çalışdıqlarının bir daha şahidi olduq. Biz bayram şənliklərində çelkan yeməklərinin dadına baxdıq, onların ifasında xalq mahnılarına qulaq asdıq. Diqqətimizi cəlb edən bir önəmli məsələ də bayram şənliklərində yalnız qocaların deyil, cavanların da həvəslə iştirak etmələri oldu. Onlar öz aralarında əsasən ana dillərində danışırdılar. Əgər onlar ana dillərində danışıqlarını qoruyub saxlaya bilsələr və onu yaşatmaqda davam etsələr, onda onların gələcəyi də olacaq”.

(Sergey Baxtin: Poezdka k Çelkantsam, ıhttp://altai-mountains.ru/tour_orders/?idnews=949 05.09.2012)

ƏZIZ MUSTAFA