Çelkan türkləri (2)

602
Ailə daxilində ana dilində danışmaları müəyyən qədər çelkanlıların öz dillərini qismən də olsa qoruyub saxlamasına imkan verməkdədir. 
Bu həm də çelkanlıların mədəniyyətlərinin, folklorunun qorunmasına, özlərinə xas olan yas-toy, bayram mərasimlərini qismən də olsa mühafizə etməsinə yardım edib. Çelkan türklərinin arasından çıxan ziyalılar ana dili, türk milli mənsubiyyətlərini qoruyub saxlamaqda maraqlı olsalar və bununla bağlı bəzi cəhdlərə baş vursalar da, bu, kifayət deyil. Çünki onların sayı azdır. Böyük bir millətə mənsub olan Çelkan türklərinin günümüzdə azlıqda qalması, azsaylı xalq kimi tarixin səhnəsindən silinməyə məhkum olması isə yalnız onların deyil, həm də bütün türk dünyasının faciəsidir…

 

Adət-ənənə və mərasimləri

Çelkan türkləri özlərinə məxsus adət-ənənələrə və folklora malikdirlər. Çelkan türklərinin həyatını tədqiq edən Potapov onların adət-ənənələri ilə qohum türk etnosları arasında eynilik olduğunu vurğulayır. Amma Potapov çelkanlıların yas mərasimlərində şamanizmin əlamətlərinin çox güclü olduğunu da xüsusi vurğulayır.

O yazır: “Yaşlı adamlarla söhbətdən bizə məlum oldu ki, Oktyabr inqilabına qədər şamanlar ölən çelkanlıların ruhunu yola salmaq mərasimi keçirirdilər. Çelkanlı Takan Pustakaçevin  söylədiyinə görə, ölü dəfn edildikdən 5 və ya 6 il ərzində onun ruhu şamanı narahat edirmiş və ondan onu qırğızların torpağına (Uytu Daş) göndərməyi tələb  edirmiş. Şaman onun ruhunu həmin torpağa yola salmaq üçün xüsusi mərasim (kamla) keçirirmiş. Bundan da məqsəd ölünün ruhuna canlı insanların ruhunun qoşulmasına imkan verməmək idi. Ona görə də bu mərasim zamanı yalnız bubendən (şamanlar üçün xüsusi dəridən hazırlanan qaval) deyil, həm də baltadan istifadə edilirdi” ( L. P. Potapov. Proisxojdenie i formirovanie xakasskiı narodnosti. Abakan 1957. səh 161-168. Hakas xalqlarının mənşəyi və formalaşması).

Bu da onu göstərir ki, vaxtilə qırğızlar arasında yaşayan çelkanlılar öz ölülərini Uytu Daş adlanan yerdə dəfn  ediblər. Hələlik, Uytu Daşın yeri müəyyən edilməyib. Ancaq Potapova görə, bu ərazi Abakan hövzəsində yerləşib. Belə ki, həmin dövrdə qırğızlar Minusinsk və ətrafında Teles çayı hövzəsində ağalıq edirdilər. Minusinskə isə Telesdən yeganə yol ancaq Abakandan keçirdi. Şakşılıkların Teles türkləri ilə qohum olmasını onların arasında nikahın qadağan edilməsində də görmək olar. Şakşılıklılar telesləri özlərinin karındışı ( qardaş, eyni qarından, eyni anadan olanlar) adlandırırdılar. Bu da onların eyni, qohum xalq olduğunu göstərir. Şakşılık adına gəlincə, onun Bayqolum sağ qolu olan Şakşılık çayından alındığı ehtimal edilir. Belə ki, tarixdə türk xalqlarının yaşadıqları ərazinin adı ilə adlandırıldıqları barədə kifayət qədər sübut var. Şakşılıkların Bayqol hövzəsinə gəlmə olduğunu onların ov etmək üçün ərazilərinin az olması da sübut edir. Onlar harada gəldi ov etmək məcburiyyətində idilər. Ona görə də Çalkanık türkləri onlara gülür, “Yer yok teeken” ( yerləri yoxdur avaralanırlar”) deyirdilər. Teleslərlə şakşılıkların eyni soydan olmasını sonuncuların toy adət-ənənələrində də görmək olar. Teleslərdə olduğu kimi, şakşılıklarda da toy zamanı yeni evlənənlər üçün ayrıca müvəqqəti ev tikir və onu seoliti adlandırırlar. Belə bir ənənə yalnız bu iki xalqa aiddir və  bölgənin digər xalqlarında yoxdur. Əgər Çelkan soyuna daxil olan Şakşılıkın (Radlova görə Yakşı) Teles türkləri ilə eyni soydan olması mübahisə doğurmursa, Çalkanık türkləri haqqında bunu söyləmək olmaz. Çalkanıklılar arasında nəsildən-nəslə keçən rəvayətə görə, vaxtilə Çalqanok və Kuzenok adlı iki qardaş olub. Onlardan biri Çalqonok Qu (Lebed), Kuzenok isə Biy( Bəy) çayı ətrafında məskunlaşıb. Kuzendən Kuzen, Çalqonoqdan isə Çalkandu və ya Çalqanık soyu əmələ gəlib. Bu iki soyun qohum olmasını onlar arasında nikaha girmənin qadağan edilməsi də bir daha sübut edir.

 

Təsərrüfat

Çelkan türkləri yaşadıqları şəraitə uyğun olaraq əkinçilik, heyvandarlıq, ovçuluqla məşğul olurdular. Əkinçilik Çelkan türklərində əl əməyinə əsaslanırdı və daha çox primitiv üsullarla həyata keçirilirdi. Bu zaman onlar əsas əkin aləti kimi toxa  və kərkidən istifadə edirdilər. Adətən, çelkanlılar dağların cənub yamaclarını balta və ya yanğın vasitəsi ilə təmizləyir və onu əkin (kıra) üçün yararlı hala salırdılar. Torpağa gübrə verilmirdi və hər iki ildən bir əkin yeri dəyişdirilirdi.

May ayının əvvəllərində havalar nisbətən isinəndə əkin başlayırdı. Əsasən arva (arpa), puqdey (buğda), taran (darı) və arış (çovdar) əkirdilər. Texniki bitkilərdən isə kətan (kudulqe) və çətənə (kendır) əkirdilər. Yeri gəlmişkən, qeyd edək ki, çelkanlıların əkin üçün istifadə etdikləri buğda (puqdey), arpa (arva) bu gün də bütün türk xalqlarında eyni mənada işlədilməkdədir. İ. A. Seleznevə görə, bu adlar hətta prototürklərdə də eynidir. Məhsulu, adətən, avqust ayında toplayırdılar. Əkin zamanı əsasən oraqdan istifadə edilirdi. Kətan və kətənəyə gəlincə, çelkanlılar onları kökündən çıxarırdılar. Yığılan məhsulu emal etdikdən sonra ondan un və yarma (şarık) hazırlayırdılar.  Texniki bitkilərdən olan kətan və kətənədən isə onlar kətan parça hazırlanmasında istifadə edirdilər.

Çelkanlılar heyvandarlıqla da  məşğul olurdular. Əsasən at, qoyun, keçi və inək saxlayırdılar. Keçinin və qoyunun yunundan keçə hazırlayırdılar. Bundan əlavə qoyun yunundan corab, əlcək, isti alt və üst paltarları toxuyur və onu milli ornamentlərlə bəzəyirdilər.  Amma soyuq hava şərati və əkin sahələrinin az olması səbəbindən çelkanlılar heyvandarlıqla daha çox məşğul ola bilmirdilər. Soyuq hava şəraitinə yalnız atlar davam gətirirdi.  Çelkanlılarda ovçuluq əsas yerlərdən birini tuturdu. Ən çox ayı (ayu), maral (saqın), dağ keçisi, dovşan, samur  və digər çöl heyvanlarını, o cümlədən vəhşi çöl quşlarını ovlayırdılar. Payız-oktyabr ayında başlayır və noyabrın ortalarında başa çatırdı. Sonra qış ovu başlayırdı. Ova kollektiv və ya tək-tək gedirdilər. Bundan əlavə, çelkanlılar balıqçılıqla da məşğul olurdular. 19-cu əsrdən başlayaraq, çelkanlılar arasında arıçılıq da inkişaf etdirilməyə başladı. 20-ci əsrin əvvəllərində isə onlar arasında bağçılıq da yayıldı.

Çelkanlılar mətbəxdə ət və süd məhsullarından geniş istifadə ediblər. Ət və süddən müxtəlif milli yeməklər uqre, motko, tupaş hazırlayırdılar. Xəmir xörəkləri əsasən un, yarma və yulafdan hazırlanırdı. Bu yeməklər çelkanlılarda çox yüksək səviyyədə hazırlanırdı və ondan dadan doymaq bilmirdi.

Çelkanlılarda yaşayış evlər yeraltı (qazma) və yerüstü (yayla) olurdu. Evlər əsasən düzbucaqlı və konusvari olurdu. Geyimləri Qərbi Sibirdə yaşayan digər xalqlarınkından fərqlənmirdi. Ayaqqabıları Qərbi Sibir xalqlarına (ar odok, kon odok, çarık) və Orta Asiya  ( başmaq) ənənəsinə uyğun olurdu.