Çelkan türkləri (1)

584
Adları türkün qırmızı kitabına düşən, tarixin siyasi səhnəsindən yox olub getmək təhlükəsi ilə üzləşən türk xalqlarından biri də Rusiyanın əsarəti altında inləyən Çelkan türkləridir.
Çelkan türkləri Altayda yaşayan ən qədim türk etnoslarından biri hesab edilir. Şimal Altaylarına aid edilən Çelkan türkləri özlərini çalkandu (şalkandu) və ya kuu-kiji ( tərcümədə qu kişi, qu adam) adlandırırlar. Çelkanlılar iki qohum tayfa birləşməsindən, şalkanık və şaqşılıkdan ibarətdirlər. Çelkan türkləri keçmişdə həmçinin Lebedin tatarları adı altında tanınıblar.

Çelkan türkləri haqqında yazılı məlumata ilk dəfə 17-ci əsrə aid edilən Rusiya mənbələrində rast gəlinir. Mənbələrdə çelkanlıların yaşadıqları ərazi Şelkan və ya Şelkanskaya volost (nahiyə) adlanır. 1642-ci ildə çelkanlıların bir hissəsi altaylılar yaşayan Teles torpağına (Teles gölü ətrafına) və Sayan dağları ətrafına köç etdilər. Biya (bəy) çayı ətrafında yaşayan çelkanlılar isə həmin dövrdə Kondomski nahiyəsinin ( volos, qəzanın tərkibinə daxil olan ərazi idarəetmə forması) tərkibinə daxil edildilər. Hazırda çelkanlıların yaşadıqları əsas ərazi Altay Respublikasının Turoçak rayonu hesab edilir.

 

Çelkan türklərinin tarixi

Ümumiyyətlə, türk tayfalarının böyük əksəriyyətinin Altayda yaşaması elmi baxımdan hər hansı bir mübahisə doğurmur. Altayda yaşayan türk soylarının, demək olar ki, hamısı məskunlaşdıqları ərazilərin adları ilə özlərini adlandırmışlar. Altayda yaşayan türk xalqlarının etnik tərkibini araşdıran türkoloq alim N. A. Aristov onlar arasında lebedinlilərin, “kuu-kiji”lərin (Lebed çayı kişiləri) və  So adlı kumandin seokunun (soy) adlarını çəkir. Çini  idarə edən  sülalələrə aid salnəmələrə (Çjou-şu, Bey-şi  və Suy-şu ), həmçinin qədim türk əfsanələrinə əsaslanan Aristov Lebed və Biy çayları ətrafında So dövlətinin olduğunu və qədim türklərin də buradan əmələ gəldiyini yazır. O özünü So adlandıran Kumandin soyunun  da həmin  ərazidə yaşadığını müəyyənləşdirib. Əfsanəyə görə, şaman oğlu, So adlanan ərazinin sahibi Qu quşuna çevrilib. Ona görə də Altayda yaşayan türk xalqlarının çoxu, o cümlədən çelkanlılar özlərini “kuu-kiji”-qu adamları (hərfi tərcümədə qu kişiləri-kijiləri) adlandırırlar. Sovet dövrü tarixi ədəbiyyatında bu əfsanə qəbul edilib. Ancaq ona bəzi əlavələr edilib və əfsanə çelkanlılarla deyil, Qular (Xuular) soyundan olan tuvalılarla əlaqələndirilib. Bütün bunlara baxmayaraq ,çelkanlıların və digər türk soylarının So ilə birbaşa və ya müxtəlif qohumluq münasibətləri çərçivəsində əlaqələrinin olduğu istisna edilmir.

Qeyd etdiyimiz kimi, çelkanlılar haqqında ilk dəfə rus yazılı mənbələrində 17-ci əsrdə, daha dəqiq desək, 1665-ci ildə rast gəlinir. Həmin dövrə aid sənəddə deyilir ki, rus kazakları Fyodorv və Putimets Teles torpağına və Şelkana göndərilib. Həmin yerdə olan kazaklar məlumat veriblər ki, Şelkal (n) volostu (nahiyəsi) 20 adamdan ibarətdir və orada bu qədər də adamdan vergi kimi sobol(samur) dərisi götürilüb.

1861-ci ildə bölgəyə səyahət  edən tədqiqatçı türkoloq alim V. V. Radlov etnoqrafik ədəbiyyatda çelkanlıları ayrıca qrup kimi göstərib. Radlov yazırdı ki, çelkanlılar dil baxımından kumandinlilərdən, demək olar ki, fərqlənmirlər və özlərini kuu-kiji(qu kışı) adlandırırlar. Onlar Yakşı və Çalqan seoklarına -soylarına bölünürlər. Bölgədə tədqiqat aparan türkoloq alim Potapov  da Radlovun bu yazdıqlarını təsdiq edib. O yazır ki, həqiqətən də, çelkanlılar iki soya -Çalkanık və Şakşı ( Şakşılık və ya Yakşılık) soylarına bölünürlər. Bu soyların öz daxillərində nikah bağlamaları qadağan edilmişdi. Bundan əlavə, hər iki soy özləri ilə qohum olan qonşu xalqlarla, o cümlədən Tuba soylarından olan Kuzen və Altay soylarından olan teleslərlə nikaha girə bilməzdilər. Bu da onların həmin tayfalarla qan qohumluğundan irəli gəlirdi. Çelkan türklərinin digər qolu olan Şakşılıka gəlincə, burada məsələ bir qədər fərqlidir. Belə ki, şakşılıklarda nəsildən-nəslə ötürülən rəvayətlərə görə, onlar əvvəllər Teles gölü ətrafında yaşayıblar. O vaxt Şakşılık soyu kırk tunukdan (40 tüstü, 40 yurt, 40 ev) ibarət imişlər. Burada yaşayan şakşılıklar qonşuluqda Yenisey və onun qolu Abakan ətrafında məskunlaşan qırğızların ( qara qırğızlar) atlarını oğurlamağa başlayıblar. Bunu görən qırğızlar şakşılıkların üzərinə hücum edərək, onların  hamısını məhv edirlər. Onlardan yalnız iki nəfəri sağ-salamat qurtarır. Sağ qalanlardan biri  həmin vaxt Lebed(Qu)  çayının üst axarlarında nişanlısı ilə görüşürmüş. Guya Şakşılık soyu ondan törəyib və onlar tədricən Bayqolun sağ qolu olan Klık çayı hövzəsində məskunlaşıblar. Qırğızların  əlindən möcüzə nəticəsində qurtara bilən digər bir oğlandan əmələ gələnlər isə Lebed çayının sağ qolu olan Sadr sahilində məskunlaşıblar Bu rəvayət bölgədə 17-18-ci əsrdə baş verən hadisələri xatırladır. Belə ki, bölgədə baş verən hadisələr nəticəsində qırğızlar Yenisey ətrafını 1703-cü ildə tərk edərək, Çunqariyaya köç etməyə məcbur ediliblər. Qeyd edək ki, qırğızların Altayın şimalında yaşayan qohum xalqlar üzərinə tez-tez basqın etmələri 17-ci əsrə aid olan rus yazılı mənbələrində də əksini tapıb. Qırğızlar həmin hücumlar zamanı əsir aldıqları insanları öz ölkələrinə aparır və onlardan qul kimi istifadə edirdilər. Bu faktı Potapov da təsdiq edir.

17-ci əsrin əvvəlləri, 18-ci əsrin ortalarında çelkanlıların həyatında daha bir önəmli hadisə baş verdi. Bu da cənubda yaşayan çelkanlıların ayrı-ayrı qruplarınun (teles-şakşıl), Lebed çayı ətrafına axını və nəticədə orada yaşayan kuzen soylarının bu əraziləri tərk etməsi oldu. Bu da, öz növbəsində, bölgədə yaşayan Şolqan və Şakşıl soyları arasında inteqrasiya (qohumluq, qız alıb-vermə) proseslərini gücləndirdi. Nəticədə Şolqan və ya Çalkandu adlandırılan türk etnosu formalaşdı.

Bu inteqrasiya yeni bir dialektin yaranmasına təkan verdi. Bundan əlavə, Şolqan və Şakşılın vahid etnosun yaradılmasında iştirak etmələri onların antropologiyasına da təsir göstərdi.

 

Dil

Çelkan türkləri əsasən Altay dilləri qrupunun şimal qoluna aid edilən ( uyğur-oğuz) Çelkan dialektində danışırlar. Çelkan türklərinin dilinin öyrənilməsində türkoloq alim V. V. Radlovun xidmətləri böyükdür. O, 1869-1871-ci illərdə Altaya səyahət edərək, burada yerli xalqların danışdıqları dilləri və dialektlərini öyrənib. Onun bununla bağlı yazdıqları günümüzdə belə, bölgədə yaşayan yalnız çelkanlıların deyil, həm də digər azsaylı türk xalqlarının dilinin, tarixinin, mədəniyyətlərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb etməkdədir. Çelkanlıların və digər türk xalqlarının yaşadıqları ərazilərin toponomikası O. T. Molçanov tərəfindən öyrənilmiş və tədqiq edilmişdir. O bununla əlaqədar “Strukturnıe tipi tyurkskix toponimov Qornoqo Altaya” (Saratov, 1982. Dağlıq Altayın türk toponimlərinin struktur tipləri)  və “Toponomiçeskie slovare Qornoqo Altaya” (Qorno-Altaysk,1979. Dağlıq Altayın toponomiya lüğəti)) elmi əsərlərini yazmış və bu çərçivədə Çelkan türklərinin dillərinin, mədəniyyətlərinin öyrənilməsi sahəsinə də əvəzsiz xidmətlər göstərmişdir. Rusların assimilyasiya və xristianlaşdırma siyasəti nəticəsində, həmçinin öz əlifbalarının olmaması səbəbindən Çelkan türklərinin övladları rus dilində  təhsil almağa məcbur olmuşlar. Ona görə də Çelkan türklərinin hamısı rus dilində təmiz danışırlar. Onlar yalnız ailə daxilində Çelkan türk dialektində danışırlar.

Əziz Mustafa