Ceki Çan – dünya kinosunun əlbəyaxa döyüşlər ustası

0
479

O, Brüs Lidən sonra dünya kinosunun əlbəyaxa döyüş ustalarından biri kimi milyonların rəğbətini qazanıb. O da Brüs Li kimi mənşəcə Honqkonq çinlisidir, eyni zamanda həm də amerikalıdır. O da Brüs Li kimi həm ağlasığmaz tryukları məharətlə yerinə yetirən aktyor-döyüş ustası, həm kinorejisssor, kaskadyor, prodüser, nəhayət, müğənnidir. O bu günə kimi 150-dən artıq filmdə baş rola çəkilib. Çəkildiyi filmlərin harada nümayiş etdirilməsindən asılı olmayaraq, hər yerdə onu məhəbbətlə “bizim Ceki Çan” deyə çağırırlar. Adı da hər dildə özünəməxsus səsləndirilir: Çinlilər ona Çen Lun və ya Çen Hanşen (Honqkonqda anadan olan), ingilislər Ceki Çan, digər xalqlar isə Çan Honsan və ya Fan Şilun deyirlər.

Zirvəyə gedən məşəqqətli yol
Ceki Çan 1954-cü ildə Honqkonqda ən yoxsul ailələrdən birində anadan olub. Onun valideynləri Çində baş verən vətəndaş müharibəsi nəticəsində Honqkonqa sığınan qaçqınlardandır. Əvvəlcə, Cekin valideynləri Çarlz və Lili Çan özlərinin bir tikə çörəyə olan ehtiyaclarını ödəmək üçün Fransanın Honqkonqdakı səfirliyində həyət süpürən və qara qulluqçu idilər. Ancaq onlar bununla özlərini dolandıra bilməyəcəklərini hiss edərək başqa yollar axtarmağa başladılar. Sonralar tale onları uzaq Avstraliyaya aparıb çıxardı…
Amma balaca Cekin tale yolları valideynlərinkindən fərqli oldu. O, əvvəllcə, Nanxua ibtidai məktəbində oxudu. Sonra valideynləri Ceki Honqkonqdakı Çin Opera Tədqiqatları İnstitutunun nəzdindəki məktəbə qoydular. Bu məktəb Cekin gələcək həyat yolunu müəyyən etməsində önəmli rol oynadı. Məktəbdə xüsusi opera artistlərinin yetişdirilməsinə xidmət edən müxtəlif növ gimnastika hərəkətləri dərsi keçirilirdi. Bu da tezliklə Cekin öz bədənini necə idarə etməyi öyrənməsinə imkan verdi. Məktəbdə onun aldığı ən böyük dərslərdən və gələcək həyatında ona şöhrət gətirəcək amillərdən biri də əlbəyaxa Kunq-Fu döyüş üsulunu öyrənməsi oldu. O bu döyüş üsulundan opera səhnəsində o qədər məharətlə istifadə edirdi ki, bu, tezliklə tanınmış rejissorların da diqqətini cəlb etdi. Təsadüfi deyil ki, məhz 8 yaşından sonra onu “Xuanmey-film” operasında kütləvi döyüş səhnələrində çəkməyə başladılar. O bu kütləvi səhnələrdə, adətən, döyüşkən uşaq obrazını yaradır və bununla tamaşaçıların diqqətini özünə cəlb etməyi bacarırdı. Ona görə də tezliklə balaca Ceki tanınmış aktyorlar olan Brüs Li, Sammo Hunq, Yuen Byao, Kori Kvay və digərlərinin iştirakı ilə çəkilən filmlərdə çəkilməyə dəvət etdilər. “Qəzəbli yumruq” filmində Brüs Li, “Yeddi bəxti gətirən” filmində isə o dövrün məşhur kino aktyorları Sammo Hunq, Yuen Byao və digərləri ilə çəkildi. Bütün bunlar isə onun istedadlı kinoaktyor, döyüş ustası kimi yetişməsində mühüm rol oynadı. Ötən əsrin 70-ci illərindən başlayaraq, Çan aparıcı, diqqəti cəlb edən rollarda çəkilməyə başladı. Eyni zamanda o özü də bəzi filmlərin ssenarisinin hazırlanmasında və müxtəlif səhnələrin çəkilməsində iştirak edirdi. O, bu filmlərdəki döyüş səhnələrini komediya janrında verməyə başladı. Bu isə o dövr üçün bir yenilik idi. Bəzi döyüş səhnələrində isə Çan kaskadyorların yerinə birbaşa özü iştirak edirdi. Bu da dəfələrlə onun həyatını təhlükə altında qoymuşdu. Ona görə də onun döyüş səhnələrində iştirak etmək istəyən, demək olar ki, yox idi. Buna baxmayaraq, Çan həyat üçün olduqca təhlükəli döyüş səhnələri olan filmləri çəkməkdə davam edirdi.

İkinci dərəcəli rollar şöhrət qazanmasına
mane ola bilmədi
Çanın həyatında ona ilk böyük uğur gətirən film “Sərxoş usta” filmi oldu. Bu filmdə ilk dəfə Çan özü üçün ənənəvi olmayan yazıq Von Fey Xun rolunda oynadı. Komediya janrında çəkilən filmdə Çanın tərəfmüqabili yaşlı nəslə mənsub olan, ancaq kifayət qədər tanınmış aktyor Saymon Yuen adı altında daha çox tanınan Yuen Syu Tyen idi. Onların dueti olduqca gülməli çıxmışdı. O, sonralar mənfi rolları oynamaqdan imtina etməsinə baxmayaraq, kinoya çəkildiyi ilk dövrlərdə bəzən filmlərdə mənfi rolları da oynayıb. Məşhur aktyor “Honqkonqda savaş” filmində (1973) ikinci dərəcəli banda rəhbəri, “Sonsuz sürprizlər” filmində (1975) qadın qatili, “Meteor qatillər” filmində (1976) isə mənfi Ubinya rolunu oynayıb. Əlbəttə, bütün bunlar onun həyatının ilk dövrlərində çəkildiyi filmlərdir. Ancaq sonralar o belə rollarda oynamaqdan imtina etdi. Ceki Çan yaradıcılığının ilk dövrlərində əsasən ikinci dərəcəli rolları ifa edirdi. Bu, sanki onun alın yazısı idi.
1980-ci ildə Ceki Çan daha bir filmdə çəkildi. Bu dəfə o tamaşaçılarla görüşə “Xoşbəxt ulduzlarda” filmi ilə gəldi. Amma yenə də Çan bu filmdə baş rolda deyil, ikinci rolda oynayırdı. Filmdə baş rolda isə aktyor Sammo Hunq çəkilmişdi. Buna baxmayaraq, o yenə də böyük tamaşaçı rəğbətini qazana bildi. Əslində o hansı rolda oynamasından asılı olmayaraq, qeyri-adi, müəyyən qədər gülməli, həm də döyüşə can atması ilə daha çox diqqəti cəlb edirdi. Bu baxımdan tanınmış bir çox kinoşünaslar onu daha çox Çarli Çaplinlə müqayisə edirdilər. Çarli Çaplin üçün rolun böyüyü, kiçiyi olmadığı kimi, Ceki Çan da hansı rolu ifa etməsindən asılı olmayaraq tamaşaçıların sevimlisinə çevrilməyi bacarırdı. Əslində aktyorun böyüklüyü də bunda idi: balaca rolda özünü filmin əsas qəhrəmanı kimi aparmaq və tamaşaçı kütləsinin sevimlisinə çevrilmək. Düzdür, həmin dövrdə Ceki Çan digər yerlisi Brüs Li ilə müqayisədə kölgədə qalırdı və ondan daha az sevilirdi. Amma bütün hallarda o, otən əsrin 70-80-ci illərində ən çox sevilən kinoaktyorlardan biri idi. Bir sözlə hələ həmin dövrdə dünya kinosunda ön rola çıxa və onun liderinə çevrilə bilməyən Çan səbirsizliklə məşhurların kölgəsindən çıxaraq öz ulduzunun tezliklə parlayacağına və özünə şöhrət gətirəcək yeni rolunu oynayacağına ümidlər edirdi. Müvəqqəti olaraq kinolarda baş deyil, ikinci rolda çıxış edən Çan yeni janrlarda özünü sınamaq istəyirdi. Bu məqsədlə 1983-cü ildə Çan “A” layihəsi” filminin çəkilişlərində xüsusi kaskadyorlar qrupu ilə iştirak etdi. Kaskadyorların müxtəlif həyəcan dolu və həyat üçün olduqca təhlükəli görünən tryukları məharətlə ifa etməsi isə filmə daha çox tamaşaçı kütləsinin baxmasına gətirib çıxardı. Əgər filmə adi tamaşaçı gözü ilə baxsaq, onda məhz kaskadyorların ifa etdikləri təhlükəli tryukların diqqəti necə də cəlb etdiyinin şahidi olarıq.

Amerika kino bazarı hədəf alınır
Ceki Çan da həmin dövrdə dünyanın ən məşhur kinoaktyorları kimi Amerika bazarına can atır, orada özünə yeni bir şöhrət qazanmaq istəyirdi. 1980-ci illərin əvvəllərində Çan, əvvəlcə, “Böyük döyüş”, sonra isə digər filmləri ilə Amerika bazarında uğur qazanmaq istədi.
Amma bu yolla o istədiyi nəticəni əldə edə bilmədi: Bunun da sadə bir səbəbi var idi. Həmin dövrdə Amerika kinosunda Silvestr Stallone kimi nəhənglər vardı və Çan onların yanında Amerika tamaşaçısı üçün cılız aktyor təsirini bağışlayırdı. Bununla belə, o, həmin dövrdə Amerikanın tanınmış kinorejissorlarının diqqətini özünə cəlb edə bilmişdi. Amerikaya gəlişi ilə o məşhur kinoaktyor Silvestr Stallone ilə tanış ola və dostlaşa bilmişdi. Bunun da nəticəsində ötən əsrin 90-cı illərində Stallone öz dostuna iki dəfə müxtəlif filmlərdə şər qüvvə rolunda oynamağı təklif etdi. Stallone ona, əvvəlcə, “Dağıdıcı” filmində cinayətkar Saymon Feniks rolunu oynamağı təklif etdi. Ancaq Çan Hollivudun şər rollar oynayan aktyorlar siyahısına düşəcəyindən ehtiyat edərək, bu roldan imtina etdi. Onun imtina etdiyi bu rolu isə digər Hollivud aktyoru Uesli Snayps oynadı. Bundan az sonra Stallone çinli dostuna bu dəfə “Ölümcül silah-4” filmində cinayətkar rolunu oynamağı təklif etdi. Yenə də Stalloneinin israrlarına baxmayaraq, Çan növbəti dəfə mənfi obrazı canlandırmaqdan imtina etdi. Əslində Çanı buna görə qınamaq da olmazdı. Çünki onun oynadığı rollar daha çox komik və döyüş rolları idi və yalnız belə səhnələrə çəkiləndə özünü rahat hiss edirdi. Cinayətkar obrazında isə o tamaşaçını özünə güldürə, qeyri-adi maneraları ilə onların diqqətini cəlb edə bilməyəcəkdi. Üstəlik, təbiət etibarilə Ceki Çan daha çox mülayim adam idi. Buna baxmayaraq, Amerikada Ceki Çanın qeyri-adi maneraya malik olan aktyor kimi qiymətləndirdilər.

1994-cü ildə ABŞ-ın MTV telekanalı Ceki Çana həyatında ən böyük mükafatı “Kinematoqrafiya sahəsində uğurlara görə” mükafatını verdi. MTV-nin bu mükafatı Amerikada daha çox tamaşaçı kütləsini və rejissorların diqqətinin Ceki Çana cəlb edilməsində önəmli rol oynadı.
Bunun ardınca 1995-ci ildə Çan, nəhayət ki, ABŞ-ın kinobazarını fəth etmək istəyinə nail ola bildi. Məhz həmin ildə onun çəkildiyi “Broneksdə savaş” filmi Amerikada böyük maraqla qarşılandı. Bu filmdə Çan, Çoy Yun Fat rolunu məharətlə ifa etdi. Bunun ardınca “Birinci zərbə”, “İldırımöldürən”, “Şanxayda günyarı olanda” filmləri də Çanı ABŞ tamaşaçılarının sevimlisinə çevirdi. Buna paralel olaraq, o, həmin dövrdə “Ceki Çanın macəraları” multserialları ilə də tamaşaçı rəğbətini qazandı. Özü də Çan hər serialdan sonra canlı yayımda tamaşaçıların suallarına cavab verirdi. Bu isə həm Amerika, həm də dünya tamaşaçıları üçün bir yenilik demək idi. Canlı yayımlarda tamaşaçı suallarına birbaşa cavab vermək onun həm özünün, həm də çəkildiyi və çəkdiyi filmlərin daha çox sevilməsinə yol açdı.
Çanın ailə həyatı da özünəməxsus olub. Məşhur kino aktyoru 1983-cü ildə əslən Tayvandan olan aktrisa Lin Fentzyao (Lam Funqyu) ilə ailə həyatı qurub. Hər halda Çan özünün tərcümeyi-halında belə yazıb. Amma aktyorun həyatını tədqiq edən kinoşünaslar onun Lin Fentzyao ilə 1982-ci il dekabr ayının 1-də ailə həyatı qurduğunu yazırlar. Bu izdivacdan Çanın Çen Tszumin adlı oğlu dünyaya gəlib. Bundan əlavə, aktyorun nikahdan kənar yaşadığı Eleyn U Tsili adlı aktrisadan 1999-cu ildə Etta U Çjolin adlı qızı anadan olub.

Yaradıcılıq üslubu
Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Brüs Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Brüs Linin çoşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına yardım edirlər. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan çəkdiyi və oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə geniş yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kinomüğənni olduğunu tamaşaçıya çatdırmaqdır.

Tryuk ustası
Çan, adətən, çəkildiyi və çəkdiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib. Bununla belə, bəzi hallarda o özü də kaskadyorların yardımından istifadə etmək məcburiyyəti qarşısında qalıb. Məsələn, “Smokinq” filmindəki tryukları onun yerinə yeddi kaskadyor ifa edib.
Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlif dərəcələrdə bədən xəsarəti alıb. O buna görə dünyanın tanınmış sığorta kompaniyaları tərəfindən sığortalanmışdı. Amma bəzən o, kinoda tamaşaçının diqqətini cəlb etməyən ağır zədələr alırdı. Buna görə isə sığorta şirkətləri Çana küli miqdarda pul ödəmək məcburiyyəti qarşısında qalmışdılar. Bu səbəbdən də adı sığorta şirkətləri tərəfindən “qara siyahı”ya salınmışdı. Onu tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Çan ən ağır zədəni isə 1986-cı ildə “Allahların uğurları” adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan Çanın kəllə sümükləri sınmışdı və uzun müddət o müalicə olunmaq məcburiyyəti qarşısında qalmışdı. Buna baxmayaraq, o, sonralar da təhlükəli tryukları ifa etməkdə davam edirdi. Bununla belə, 2005-ci ildən başlayaraq, o, daha təhlükəli tryukları ifa etmir.
Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honqkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.

Ləqəbləri
Çan da dünyanın məşhur kinoaktyorları kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq, 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao ( ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları Çanı inşaat meydançasında işləyən fəhlə Cekin adı ilə balaca Ceki çağırmağa başladılar və bu ad da onun tərcüməyi-halına əbədilik olaraq həkk olundu. Yeri gəlmişkən, onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Ceki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Vellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.

Yüksək qonorar
Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorarlar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi “Broneksd savaş” filminə görə 4 milyon, “Şanxayda günyarı” filminə” görə 5 milyon, 2001-ci ildə “Ças Pik2”yə görə 15 milyon, 2007-ci ildə yenə də “Ças Pik3”ə görə 15 milyon, 2008-ci ildə “Qadağan olunmuş çarlıq” filminə görə 5,89 milyon, 2010-cu ildə “Karate oğlan” filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.

Pop müğənni
Çan həmin dövrdə yalnız rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənni kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnısından ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində, həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səsləndirilən mahnıların çoxunu onun özü bəstələyib. O : “Döyüş mənim həyatımdır Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm”, -deyir.
Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır.

Xeyriyyəçi Çan
Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədi ilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honqkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan YUNİSEF və iki beynəlxlaq uşaq təşkilatının hesabına 4,14 milyon Honqkonq dolları köçürüb.
Ceki Çan həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına maddi yardım edib.
Ceki Çan, bununla bağlı keçirilən xeyriyyə tədbirində iştirak edərək, zərərçəkənlərə 3,3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: “Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın”.
Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə “ölüb” deyə xəbər çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır.

Əziz Mustafa