Çay… özü də “Vağzalı” ilə

0
658

Kim nə deyir desin, çayxanalar sehrli məkanlardır.

Bu məkanların bəzilərində çay içə-içə nərd, domino oynayanlara da rast gəlmək mümkündür (Amma nə gizlədim, indiyədək heç bir çayxanada şahmat oynayan görməmişəm. Görünür, biz nədənsə dərindən fikirləşmək istəmirik). Yox, mən bu yazıda həmin məkanları qaldırıb dağın başına qoymaq fikrində deyiləm. Məqsədim alayıdır. Yəni öz “məslək”imə uyğun bir neçə kəlmə ərz etmək istəyirəm.

… Mənim bir tanışım var. Adı Kamrandır. Rayonların birində bir xudmani çayxanası var ki, elə gündəlik tələbatını da oranın gəliri hesabına qarşılayır. İndiyədək onun dilindən bir kərə şikayət-filan eşitməmişəm. Ona dəyib-dolaşan olanda da səsini çıxarmır. Sadəcə: “Allahım, sən məni nahaqdan incidənləri islah elə” deməklə kifayətlənir. İnsafən, bu kişinin hər gün kifayət qədər müştərisi olur. Bunun da sirri, mən bilən, dədə-babadan qalmış samovarı, təmizliyə riayət etməsi, bir də şirin dilidir.

Bəli, onun çayxanasında da çay şəkər və limonla, bəzən də müştərinin zövqüncə mürəbbə, şokolad, fındıq, badam, kişmişlə birgə təqdim olunur. Lakin o, müştərilərinə ağlına gələn qiyməti oxumur. Kim nə versə, “Allah bərəkət versin” deyir. Yox, onun çayxanasının özəl bir adı da yoxdur. Yəni o, bəziləri kimi öz çayxanasına “Mirvari”, “Lalə”, “Super”, “Avanqard”, “Aristokrat”, “Barselona”, “Real Madrid”, “BJK”, “Viva”, “VİP” kimi adlar verməyib. Bununla da özünün yüksək “mədəniyyət”ə sahib olduğunu nümayiş etdirmir. Sadəcə, hamı bu məkanı elə “Kamranın çayxanası” kimi tanıyır.

Bəli, bu günlərdə rayona gedərkən yenə yolumu saldım Kamranın çayxanasına. Xoş-beşdən sonra Kamran dedi:

– Müəllim, çoxdandır görünmürsən, qoy işlərimi rahlayım, səninlə bir qədər dərdləşmək istəyirəm. Sən əlimə düşəndə elə bil dünyanı mənə verirlər. Hə, bilirəm, yazı-pozu adamısan, narahat olma, bu dəfə də səni əliboş yola salmayacağam. Sənə bu yaxınlarda başıma gəlmiş elə bir həyat hekayəti danışacağam ki, özün də “afərin” deyəcəksən. Qələmə alsan da sağ ol, almasan da… Amma öz aramızdır, keçən dəfə danışdıqlarımdan bir kəlmə belə yazmadın a…

O bu sözləri deyib, məndən bir neçə stol aralıda oturmuş müştərilərinə yaxınlaşdı. Mən bir stəkan çayı yenicə içib qurtarmışdım ki, o mənə tərəf gəldi və boş stulların birində əyləşərək, “hə, onu deyirdim axı” – deyib sözə başladı:

– Bu günlərdə bir müştəri gəlmişdi. Baxdım gördüm ki, bu yerlərin adamı deyil. Odur ki, ona necə deyərlər, özəl qulluq etmək fikrinə düşdüm. Kaş düşməyəydim. Heç belə edən deyildim ha… Yəni mən həmişə müştərinin dilindən sifariş qəbul etmişəm. Neynim, adamı şeytan yoldan çıxaranda çıxarır da… Uzun sözün qısası, soruşdum ki, sizə çayı nə ilə təqdim edim, yəni şəkərləmi, yoxsa yanında mürəbbə də olsun? Başına döndüyüm müştəri məni başdan-ayağa süzüb birdən-birə dilləndi: “Vağzalı” ilə”. Sözün düzü, uzun illər bu sahədə çalışsam da, ilk dəfə idi ki, belə bir müştəri, üstəlik, belə bir sifarişlə rastlaşırdım. Öz-özümə dedim: “Əcəba, olmaya, bu gənc müştəri mənimlə məzələnmək fikrinə düşüb?” Özümü güclə saxladım. Növbəti dəfə də ondan “Vağzalı” ilə” cavabını eşidəndə mat-məəttəl qaldım.

Çayçı Kamran onun söhbətinə maraqla qulaq asdığımı görüb, məni çox intizarda qoymamaq məqsədi ilə dedi:

– Qardaş, onun sifarişini elə yerinə yetirdim ki, heç ruhu da incimədi. Hə, onu deyirdim axı… Otağıma keçib bir qədər götür-qoy etdim. Az sonra “Evrika” deyib elə qışqırdım ki… Yenə uzun sözün qısası, çaydanı, içərisinə limon salınmış bir stəkanı, həmçinin cib telefonumu podnoslardan birinə yerləşdirib həmin müştəriyə tərəf götürüldüm.

Bu yerdə özümü saxlaya bilmədim:

– Cib telefonunu?

– Rəhmətliyin nəvəsi, səbrin olsun da, hə, hə, cib telefonumu… Müştəriyə yaxınlaşan kimi telefonumun “play”ini basıb, həzin “Vağzalı”nı səsləndirdim. Bir anda bütün müştərilər mənə tərəf boylandılar. Mən isə heç bir şey olmamış kimi mənə “Vağzalı” ilə çay” sifarişini verənə dedim:

– Bu da sənə çay, özü də “Vağzalı” ilə…

Söhbətin bu yerində o qədər güldüm ki, daha çayçı Kamranın nə dediklərini eşitmədim.

Qvami Məhəbbətoğlu