Cavidin jesti, Blatterin qəsdi və yaxud bir oyun haqqında iki qeyd

559

Cənubi Kiprin Limassoldakı “Antonis Papadopulos” stadionunda UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) matçının son dəqiqələrində “Qəbələ”nin kapitanı Cavid Hüseynovun penaltini qola çevirəndən sonra etdiyi jest gündəmi hələ də zəbt etməkdədir. Cavidin bu xoşagəlməz jestinə haqq qazandıranlar da var, buna görə onu topa tutanlar da…
Əvvəlcə, gəlin baxaq görək belə bir hərəkətə Cavidi nələr, kimlər vadar etdi? Bəlkə, belə bir hərəkət etməyi Cavid oyunun əvvəlindən qarşısına məqsəd qoymuşdu? Əsla yox. Bəlkə, 1:0 hesabı ilə geridə qaldıqlarına görə hirslənib belə bir jest etdi? Əsla, yox. Bəlkə, çılğınlığı? Bəlkə, özündənrazılığı? Xeyr, xeyr və yenə də xeyir!!! Bəs hansı səbəbdən o, buna yol verdi, başqa sözlə desək, öz hisslərinə hakim ola bilmədi? Bu saat ərz eləyim.
Mənə elə gəlir ki, həmin oyunu başdan-başa izləyənlər kiprli azarkeşlərin dövlət atributumuzın, daha doğrusu, bayrağımızın başına nələr gətirdiklərini açıq-aydın gördülər. Üstəlik, bundan ürəkləri soyumayan azarkeşlər meydançanın bizim oyunçular olan hissəsinə də müxtəlif əşyalar yağdırdılar. Söz yox ki, bütün bunlar Cavidi özündən çıxartdı və o da belə bir jestlə hisslərini ifadə etdi. Heç şübhəsiz ki, bu məsələdə Cavidin vətənpərvərlik hissləri üstün gəldi və nəticədə o xoşagəlməz hərəkətə yol verdi. Amma mənə elə gəlir ki, Cavid həmin jestinə qədər vurduğu qolla onların cavablarını vermişdi. Bu mənada onun həmin jesti, təbii ki, olduqca yersiz idi. Amma edibsə, onu daha bu qədər danlamaq doğru deyil axı? Hər yazıda onu sürüməli deyilik axı? Mənim fikrimcə, oyunu idarə edən baş həkim, ukraynalı Sergey Boykonun, həm də köməkçilərinin diqqəti gərginlik yaşanan yerə yönəldiyindən onlar Cavidin jestini görmədilər (Elə bu hadisənin özü stadionda nələrin yaşandığını bir daha təsdiqləyir). Görsəydilər, heç şübhəsi ki, Cavid hakim cəzasından qurtula bilməyəcəkdi. Nəticədə “Qəbələ”nin, əgər belə demək mümkünsə, onurğa sümüyü qırılacaqdı.
Deyilənlərə görə, öz azarkeşlərinin xoşagəlməz hərəkətlərini ört-basdır etmək məqsədilə “Apollon” artıq Cavid Hüseynovdan UEFA-ya şikayət edib. İndi hamı UEFA-nın jestini, daha doğrusu, qərarını səbirsizliklə gözləyir. Bu yerdə “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” misalı yadıma düşdü. Amma şəxsən mən UEFA kimi bir qurumun belə bir oğrunun dediklər ilə oturub-duracağına o qədər də əmin deyiləm. Hə, yadıma düşmüşkən, “Apollon” həmin oyunun baş hakimi, ukraynalı Sergey Boykonun matçın əlavə vaxtında penalti təyin etməsindən də narazı qalıb. (Üstəlik, ərz ediblər ki, oyunu idarə edənlər “Qə¬bə¬lə”nin baş məşq¬çi¬si Ro¬man Qri¬qor¬çu¬kun həm¬yer¬li¬lə¬ridirlər. Elə bu səbəbdən həmin hakimlər “Qəbələ”yə əl tutublar). Gərək hakim penalti təyin edəndə onlarla məsləhətləşməli imiş. Deyəsən, UEFA kiprlilərin bu ikinci narazılığının nəzərə alıb axı… Mən bunu sözgəlişi demirəm. Əlimdə faktım var. Həmin fakt da ondan ibarətdir ki, UE¬FA avqustun 6-da Bakıda keçiriləcək “Qəbələ”-“Apollon” cavab matçının taleyini Portuqaliyadan olan hakimlərə (Duarte Nunu Pererya Qomesə, Luiş Andre Ferreyra Pin¬tu Kampuşa, Venansio Manuel Raposo Batista Tomeyə, Brunu Migel Duarte Payxaoya) etibar edilib. Bunu da dolayısı yolla Platininin “Apollon”a jesti, bizə isə qəsdi adlandımaq olar. Allah köməyimiz olsun.

Qvami Məhəbbətoğlu