Cavanların dərdi

446
(Mirzə Cəlilin “Cavanlara” felyetonu əsasında)

… Həmişə və hər məkanda Vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlara ümid bağlayırdım.

Bir neçə gün öncə bir neçə gəncə dedim: “Həftənin altı gününü öz kəsbi-varınızla məşğul olub, amma tək bircə gününüzü verin mənə. Bəlkə həftədə bircə gün də olsa əl-ələ verək və Allah bədnəzərdən saxlasa, Vətən yolunda, eyib olmasın, bir az xidmət edək. Cavanlar dedilər: “Biz hazırıq”. Mən də müntəzir oldum.

Şənbə günü cavanları gözlədim, amma gəlmədilər. Dedim, bəlkə, bazar günü yığışacaqlar. Bazar günü də gəlmədilər. Və günlərin bir günü çıxdım küçəyə və onları gördüm. Gördüm ki, haman cavanlardır gəzişirlər. Amma nə hacətdə? Gözləri qızarmış halda. Soruşdum:

– Niyə gözləriniz qızarıb?

Cavab verdilər ki, Allahdan gizlin deyil, səndən niyə gizlin olsun ki? Bəs neçə gecədir ki, gözümüzə yuxu getmir, elə bu səbəbdən gecəni yatmamışıq.

Sözün düzü, Vətən yolunda onların gecələr də çalışmalarından çox xoşhal oldum. Odur ki, gənclərin bu açıqlamasına alayı don geyindirməkdən vaz keçmək istədim. Amma heç özüm də bilmədən necə oldusa onlara belə bir sualla müraciət etdim:

– Niyə yatmamısınız? Nə ilə məşğul idiniz?

Biri, daha doğrusu, Emin dedi ki, bəs səhərə kimi internetdə olub, müxtəlif videolara baxıb. Qazancı da, özünün də yarızarafat, yarıgerçək dediyi kimi, yalnız mənəviyyatsızlıq olub. Nüsrət adlı o biri gənc daş atıb başını tutdu ki, bəs “feysbuk” vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan dostları ilə əlaqə saxlayaraq özünə bir iş tapmalarını xahiş edib. Lakin necə gündür ki, hələ də onlardan bir xəbər yoxdur. O isə hələ də onları həsrətlə gözləməkdədir.

Bu yerdə Hüseyn onun sözünü kəsib dilləndi:

– Sözün düzü, biz hamımız elə Nüsrətin günündəyik. Şəxsən mən bu gecə CV hazırlayıb daha iyirmi təşkilata, müəssisəyə təqdim etdim ki, bəlkə, işsizlik azarıma son qoyula. Neyləyim? Hara gedirəmsə, məndən iş təcrübəsi tələb edirlər. Deyirəm, qurbanınız olum, axı mən orta məktəbi qurtaran kimi düz dörd il ali təhsil almışam, sonra əsgərliyə getmişəm, yenicə qayıtmışam. Nə iş təcrübəsi salmısınız? Kimə deyirsən, elə öz dediklərini deyirlər. Vallah, belə getsə, infarkt olacağam.

Qələndər gecə şəhərin küçələrində avtoşluq etdiyini və bu sahə üzrə “biliyini” artırdığını fəxrlə bildirdi. Natiq əlində təsbeh, damağında siqaret, qarşısında çayla hansısa çayxanada səhəri açdığını dedi. Nərgiz adlı qız isə ekran qarşısında oturduğunu və səhərə qədər serialın növbəti bölümünü izlədiyini bildirdi.

Onlarla söhbətdən aydın oldu ki, bu gəncləri birləşdirən tək şey yalnız və yalnız işsizlikdir… Buna rəğmən onlara: “Gəlin bəlkə Vətən naminə bir könüllü tədbir keçirək” deyəndə, cibində siçanlar oynadığını bildirən Emin:

– Buna görə bizə nə qədər verərlər? – sualını mənə ünvanladı. Bununla da onların Vətən məhəbbətlərinin korşaldığını yəqin etdim.

Odur ki, dəxi sözüm qurtardı. Ancaq bu yerdə cavanlardan yenə bir müxtəsər giley-güzar etmək istədim. İstədim bunu deyəm ki, hər bir məmləkətdə millətin ümidvarlığı məhz cavanlar olublar. Yəni hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması hər bir məmləkətin, o cümlədən Azərbaycanın parlaq gələcəyi deməkdir. Amma bizim müqəddəs məmləkətimizdə bəzi məmurların ucbatından işlər elə tərsinə düşüb ki… (Yeri gəlmişkən, bu günlərdə ölkə başçısı onlara xalqın xidmətçisi olmağı bir daha tapşırdı).

Bu da Vətənin bəxtindəndir ki, hansı bir cavanın üzünə baxırsan gözlərini qan çanağı kimi qızarmış görürsən. Dəxi başına nə daş salsın biçarə Vətən? Onunçün də qoca Vətən cavanlara baxanda ağlaya-ağlaya deyir: “Heyif cavanlıq, heyif cavanlıq”. Bəlkə elə bu səbəbdən Vətənin də gözləri mənə qızarmış görünür…

Qvami Məhəbbətoğlu