Cavabım erməni jürini pərt etdi

561

alpaninfo. com Faiq Balabəylinin  Azərbaycan Milli Konservatoriyasının professoru, musiqiçi Abbasqulu Nəcəfzadə ilə kult.az-ın “İnsan taleyi” layihəsindəki  söhbətini təqdim edir.

 

– Abbasqulu bəy, sizi hər kəs tanıyır, amma tanınmayan tərəfiniz də az deyil…

 

– Çoxuşaqlı ailədə böyümüşəm – 3 bacı, 5 qardaşıq. Hamımız ali təhsil almışıq. Rəhmətlik anam Bibixanımın atası Həmid 1937-ci il repressiya qurbanlarından olub. Atam İsmayıl Cəfəroğlu isə hüquqşünas olub, ali məktəbi bitirdikdən sonra bir neçə ay məhkəmədə müstəntiq işləyib.

 

– Bəs, sizdə musiqiyə maraq necə yarandı?

 

– Atam musiqinin bütün janrlarını, xüsusilə də muğamları çox sevirdi və bizə muğam tərbiyəsi verirdi. Belə ki, bazar günləri saat 14-15 arası radioda muğam dəstgahları verirdilər. Atam musiqiçi qardaşlarımı konsertə qulaq asmağa məcbur edir, şöbələr, guşələr dəyişdikcə suallar verirdi ki, indi hansı şöbə çalınır. Bilmədikdə özü həmin şöbənin adını söyləyirdi, beləcə muğam dinləmək bizim ailənin həyat tərzinə çevrilmişdi.

 

1965-ci ilin yay ayında atam Kislovodskda dincələrkən kamança ifaçısı Habil Əliyevlə tanış olur. Oradaca atam qərara gəlir ki, oğlum Abbasqulunu kamança sinfinə qoymalıyam. Bakıya gəldikdən sonra mənə kiçik ölçülü kamança alır. Sentyabr ayından mən 16 saylı musiqi məktəbində məşhur xanəndə Ramiz Hacıyevin kamança sinfində qeyri-rəsmi təhsil almağa başladım.

 

AzTV-nin nəzdində fəaliyyət göstərən “Qırmızı qərənfil” məktəblilər ansamblının üzvü idim, mütəmadi olaraq telekonsertlər verirdik. Həmyaşıdlarım arasında seçilirdim, həm musiqi məktəbində, həm də 53 saylı orta məktəbdə əlaçı idim. Deməli, 8-ci sinifdə oxuyarkən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq ansablının üzvü idim. “Qırmızı qərənfil” ansamblının repertuarından fərqli olaraq burada mövzu seçimində məhdudiyyət yox idi.

 

– Deyəsən, sənət yollarınızda maneə olmayıb…

 

– Olub. 1973-cü ildə 8-ci sinfi bitirib sənədlərimi Asəf Zeynallı adına indiki Bakı Musiqi Kollecinə verdim və həyatımda ilk haqsızlıqla üzləşdim.

 

Sonuncu, 5-ci imtahanda imla yazmışdım. Bir neçə gündən sonra imladan 2 aldığımı bildirdilər. Texnikuma böyük qardaşım Nəcəflə getmişdim, o, bərk əsəbləşdi: “Bu, necə ola bilər, qardaşım heç vaxt 4 almayıb, indi burada 2 alır?” O vaxt direktor bəstəkar, xalq artisti Vasif Adıgözəlov idi. Nə isə, qardaşım yanına gedər ki, Abbasqulunun yazısını verin görək, hansı sözləri səhv yazıb? V.Adıgözəlov da bildirib: “Bizim yazını göstərməyə ixtiyarımız yoxdur. Gedin, kimə istəyirsiniz, şikayət edin”.

 

– Yəqin, şikayət etdiniz…

 

– Biz məktəbin qapısından çıxanda qardaşımın tanışı olan cavan bir oğlan onu səslədi: “Nəcəf, bir dəqiqə dayan, sözüm var. Özünü yorub şikayət eləmə, bunlar səni inandıracaqlar ki, qardaşın imlanı 2-yə yazıb. Belə edirlər də: “o” yazmısan (o vaxtlar kirill əlifbası işlədilirdi), ortasından bir xətt çəkir, oldu “ö”. Yoxlayan müəllim “ö”nü qırmızı qələmlə pozub üstündə “o” yazır, yaxud “o”ya “quyruq” qoyub edir “a”, sonra “a”nı pozub, üstündə “səhvi” düzəldib “o” yazır. Beləcə, 10-15 dənə “səhv” tapır və “2” ilə qiymətləndirir”.

 

– Xeyirxah bir insan tapılmadımı?

 

– Dünya xeyirxah insanlardan xali deyil. 53 saylı məktəbdə 9-cu sinfi bitirib, növbəti ildə də bəxtimi sınamalı oldum. Bu dəfə Ceyhun Cəbrayılov adlı tarzən dostumun təkidi ilə sənədlərimi Sumqayıt Musiqi Texnikumuna verdim. Burada iki xeyirxah gözəl müəllimlə tanış oldum. Musiqi məktəblərinə imtahan qabağı ixtisas üzrə əsərləri ifa etmək üçün ifaçılara fortepiano üzrə müşayiətçi verirlər (ona konsertmeyster deyirlər). Sinifdə məşq edirdik, içəri bir nəfər daxil oldu, repertuarıma qulaq asıb, konsertmeysterə dedi ki, mən bir azdan gələcəyəm, heç yerə getməyin. Sinifdən çıxdı və konsertmeysterdən onun kim olduğunu soruşdum. Dedi ki, bu müəllim Xalq çalğı alətləri şöbəsinin müdiri Mürsəl Həsənovdur. Heç yarım saat ötməmişdi ki, Mürsəl müəllim bir nəfərlə sinfə daxil oldu və imtahanda çalacağım əsərləri ifa etdim. O, üzünü Mürsəl müəllimə çevirib, “Sən bu uşağı nəzarətə götür, sentyabrdan dərslərə gəlməlidir” – deyib sağollaşdı.

 

Bəlli oldu ki, ikinci adam məktəbin direktoru, xalq artisti Bayandur Mehdiyevdir. Konsertmeyster hələ imtahanlar başlamamış tələbə olmağım münasibətilə məni təbrik etdi.

 

– Bütün mərhələlərdə – məktəbli, tələbə, müəllim ikən, daha sonra elmi fəaliyyətlə məşğul olarkən ifaçılığı da paralel aparmısınız. Bunlar sizə maneçilik törətmir ki?

 

– Əksinə, onlar bir-birini tamamlayır. Məktəbli olduqda kütləvi tədbirlərdə solist kimi çıxış edirdim. Sonrakı mərhələlərdə ifaçılıq sənəti ilə təkcə televerilişlərdə, konsertlərdə, qastrol səfərlərində deyil, eləcə də toy-düyünlərdə məşğul olurdum. Bütün bu fəaliyyətimə görə yaxşı qonorar alırdım. Əldə etdiyim gəlirlə ehtiyaclarımı tam ödəyirdim, valideynlərimə də kömək edirdim. Ümumiyyətlə, toy fəaliyyəti ilə 15-16 yaşlarımdan məşğul olmağa başlamışam.

 

– Maddi imkanınız pis olmayıb, deyəsən.

 

– Rəhmətlik atam oğlanlarının hər birinə 18 yaşı tamam olanda maşın hədiyyə edirdi. Mən hələ tələbəlik illərində dərsə SSRİ-nin ən bahalı və yaraşıqlı maşınlarından biri olan QAZ-21-lə gedib-gəlirdim. O vaxtlar ən varlı tələbə idim. Müəllim işləyirdim, gündəlik toya gedirdim. Hər gün toyda bir aylıq maaşım qədər pul qazanırdım. Bir neçə ildən sonra isə QAZ-24 aldım, başımı bəlaya saldım. Bir həftədən sonra məhkəməyə çağırdılar ki, bu qədər pulu harda qazanmısan? Bir neçə gün əvvəl böyük qardaşım Nəcəfin lotereyada udduğu pul dadıma çatdı.

 

– Müxtəlif ansamblların, o cümlədən, bir sıra folklor kollektivlərinin üzvü olmusunuz…

 

– Azərbaycanda ansambl ifaçılığının çox dərin tarixi kökləri var. Dünyada ansamblla bağlı hələlik ən qədim arxeoloji mənbə Azərbaycan ərazisində aşkarlanıb. 1961-1966-cı illərdə ABŞ arxeoloqları İran Azərbaycanının Cığamış ərazisində 7-8 min illik tarixi olan gildən hazırlanmış qab tapıblar. Bu qabın üzərində kiçik ansambl təsvir edilib ki, bu da bəşər tarixində ansamblla bağlı ən böyük kəşf sayılır…

 

– Siz əsasən qədim musiqi alətlərində ifa edirsiniz və onların tarixiliyini öyrənib, öyrədirsiniz. Bu, hansı zərurətdən irəli gəlir?

 

– Hər hansı çalğı alətini öyrənərkən ilkin olaraq onun yaranma tarixi araşdırılmalıdır. Bu zaman xalqımızın həmin dövrdəki yaşam tərzini də öyrənməliyik. Daha sonra çalğı alətinin adının etimologiyası, morfologiyası, ifaçılıq xüsusiyyətləri, tanınmış ifaçıları və s. elmi şəkildə araşdırılır. Bu alətlər tarixi, arxeoloji, ədəbi, linqvistik, etnoqrafik mənbələrdə, miniatür rəsm əsərlərində izlənilir. Məhz bu faktların əsasında çalğı alətlərimizə sahib çıxırıq, onların kimliyini veririk, xalqımıza məxsusluğunu təsdiqləyirik. Azərbaycan ərazisində kifayət qədər belə faktlar var. Xoşbəxt nəslin övladlarıyıq ki, ulularımız otaylı-butaylı ölkəmizin müxtəlif bölgələrində belə nişanələr, izlər qoymuş, alimlərimiz də onları tədqiq edib üzə çıxarırlar.

 

Çalğı alətlərimizin tədqiqində bir sıra boşluqları, təhrifləri görüb bu sahədə araşdırmalar aparmaq qərarına gəldim.

 

– Siz həm də bir neçə musiqi alətində ifa edirsiniz. Hansı daha doğmadır?

 

– Bu alətləri bir-birindən ayırmaq mənə görə “əti dırnaqdan ayırmaq” kimidir. Valideyn hər bir övladını çox sevdiyi kimi, mənim də topladığım alətlərə sevgim bərabər bölüşüb. Etiraf edim ki, bütün alətlərin “açar”ı kamança olub.

– Bu qədim alətləri necə tapırsınız, araşdırmalar necə gedir? Olubmu ki, təsadüf nəticəsində hansısa musiqi alətini kəşf edəsiniz?

– Bir sıra alətlər var ki, başqa xalqlar bu gün də öz musiqi mədəniyyətlərində onlardan geniş istifadə edirlər: musiqar, gərənay (boru), davul, tənbur və s. Bu alətlərin kimliyi, “pasportu” isə xalqımıza aiddir. Mən zarafatca bunlara “mühacir” alətlər deyirəm. Səfərlərdə olarkən onları alıb ölkəmizə gətirmişəm. Bir neçə unudulmuş alət isə mənim layihəm əsasında bərpa olunub.

 

– Elmi yaradıcılığınızdan da bəhs edin, bu, oxucularımız üçün maraqlı olardı.

 

– Uzun müddət musiqi mədəniyyətimizin və folklorumuzun müxtəlif sahələri – muğam, aşıq musiqisi, çalğı alətləri, meyxana janrı, rəqs sənəti ilə məşğul olmuşam. Mövzusu həmin sahələri əhatə edən 14 kitabım, 12 tədris proqramım, 150-dən artıq elmi məqaləm çap olunub.

 

– Necə oldu ki, ifaçılıqdan elmə, araşdırmaya gəldiniz? Ola bilərmi ki, musiqi ifaçısı kimi məşhur olmadınız deyə, elmə baş vurdunuz?

 

– Adətən belə hallar olur, məsələn, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əvəz Rəhmətov, professor Vaqif Əbdülqasımov və başqa tarzənlər, kamança çalan, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq İmrani və b. elmə gəldikdən sonra ifaçılıq sənətinə “son” dedilər. Onlar ifaçı kimi məşhur olmadılar. Mənim yaradıcılığımda bu məqamlar bir az fərqlidir.

 

– Qədim musiqi alətlərini tapmaqla millətin daha da qədimliyini isbatlamaq mümkündürmü?

 

– Təbii ki, Azərbaycanda musiqi mədəniyyəti e.ə. XVIII-XV əsrlərlə ölçülür. Antik dövrə aid edilən, üzərində çalğı alətləri vəsf olunan arxeoloji maddi mədəniyyət nümunələri, qayaüstü və miniatür rəsmlərdəki çalğı alətlərinin təsviri və s. qaynaqlar ölkəmizin qədim tarixə malik olduğunu isbatlayan faktlardır. Dünya elmi Azərbaycan ərazisinin ilkin yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

 

– Məlumdur ki, mənfur qonşularımız təkcə torpaqlarımıza deyil, həm də musiqimizə, incəsənətimizə əl uzadır, siz onlarla çoxmu qarşılaşmısınız və alətlərimizi özümüzünküləşdirə bilmisiniz?

– Mən nəinki mənfur qonşularımıza, dünyanın istənilən aliminə bir sıra çalğı alətlərinin (litofonlu qavaldaş, davul, ksilofonun “əcdadı” – əlvah, zurna, balaban, arfanın prototipi olan çəng, ud və s.) vətəni Azərbaycan olduğunu sübut etməyə hazıram. Bəzən simpozium və konfranslarda buna nail də olmuşam. 1986-cı ildə İrəvanda gənclərin I Zaqafqaziya müsabiqəsində ud, saz, kamança, ney, balaban, tütək və zurna alətlərində bəstələdiyim “Təbrizi” adlı kompozisiya ilə çıxış edirdim. Müsabiqənin qaliblərinə ziyafət verirdilər, ordakı çıxışımdan sonra münsiflər heyətinin milliyyətcə erməni olan sədri dedi: “Azərbaycanlı balası qədim erməni alətlərində çox gözəl ifa etdi”.

Əsəbi halda soruşdum: “Bu alətlərin hansı sizindir?” Cavabı: “Hamısı”.

Aramızdakı müzakirə hər kəsin marağına səbəb oldu və diqqətlər bizə yönəldi.

– Məsələn, birinin adını söyləyin.

– Elə əlində tutduğun duduk.

– Bu, duduk deyil, balabandır.

– Biz qədim alətimizə duduk deyirik, bizdən götürüb adını da balaban qoymusunuz.

– Yaxşı, zəhmət olmasa, dudukun etimoloji izahını verin.

– Bu “duyet” (üfləmək) sözündəndir, ona görə “duduk” deyiblər.

– Axı, “duyet” rus sözüdür, ruslarda da belə alət yoxdur.

Mənim bu sözümdən sonra erməni çıxılmaz vəziyyətə düşüb əsəbi halda dedi:

– Bunun nə dəxli var ki, duduk nə deməkdir? Xalqımız belə adlandırıb da. Ruslar çörəyə “xleb” deyir, dava etməlisən ki, bunun sözaçımı nədir?

– Türklərdə “xleb”ə “çörək”, yaxud “əkmək” deyirlər. Bu nemət də insanın yaşayışı üçün əsas qidalardan sayılır, çörək buğdadan hazırlandığından və buğda torpaqda əkib-becərildiyindən – çevir+ək, əkmək sözlərindən yaranıb. Balaban isə iki türk sözündən törəyib: bala və ban. Bala – kiçik, ban isə səs, ün anlamında olub, həzin səsli alət deməkdir. O ki qaldı sizin balabana duduk deməyinizin də səbəbi rus sözü deyil, bu da türkcədir. “Kitabi-Dədə Qorqud” dastanında düdük alətinin adına rast gəlirik, bunun da istər quruluşu, istər tembri, istərsə də səsoyadıcısına görə balabana heç bir aidiyyəti yoxdur. Düdük tütəyin prototipidir, quşları ovlayarkən onda yalançı quş səsləri çıxarıblar və aləti düdük adlandırıblar. Bəzi yalançı insanlara təhqiramiz şəkildə bu səbəbdən düdük deyirlər. Fitli səsoyadıcısı olduğundan Türkiyədə futbol matçlarında şərhçinin “hakim düdüyü çalıyor” ifadəsini tez-tez eşidirik. İdman yarışlarında hakimlərin sizin dediyiniz “duduk”, yəni balaban çalan görmüsünüzmü?

Mənim bu cavabımdan sonra hər kəs gülüşdü, erməni jüri yaman pərt olmuşdu, daha heç nə danışmadı. Digər qonaqlar mənə suallar yağdırmağa başladılar. Ud, saz, kamança, ney, tütək və zurna alətlərinin sözaçımı ilə maraqlandılar, mən əsaslandırılmış cavabları verdim. Azərbaycandan İrəvana bizimlə bərabər o vaxtlar çox gənc olan siyasi elmlər doktoru, professor Rövşən Mustafayev (1960-2009) də jurnalist kimi getmişdi. Çıxışımdan çox təsirlənmişdi. O, Bakıya qayıtdıqdan sonra “Azərbaycan gəncləri” qəzetinin böyük bir səhifəsini mənim çıxışıma həsr etmişdi.

– Çox istərdim ki, sənətdə və elmdə başınıza gələn maraqlı olayların xatirələrini oxucularımızla bölüşəsiniz.

– İfaçılıq fəaliyyətimdə maraqlı hadisələr çox olub. Baba Mahmudoğlunun canlı efirdə boynuna lampanın kiçik məftilinin qırılıb düşməsi və bunu büruzə verməməsi, ifasını davam etdirməsi əsl sənət fədakarlığı idi. Bu hadisə hər dəfə yadıma düşəndə Baba müəllimin boynundakı yara gözümün önünə gəlir və ürəyim ağrıyır.

Toylardakı maraqlı hadisələr haqqında “Balabançı Həsən dayının gülməcələri” adlı əsərimdə bunların bir qismini vermişəm, maraqlananlar əsərin elektron versiyasını əldə edib oxuya bilərlər.

Mən heç bir tədbirə təkcə bir alətlə getmirəm, ən azı yanımda 4-5 alət olmalıdır. ABŞ-da İndiana Universitetində “Azərbaycan çalğı alətləri” mövzusunda çıxış edirdim, ingilis dilini çox zəif bildiyimdən tərcüməçi vasitəsi ilə çıxış edir, əsas sözümü isə 10-a yaxın müxtəlif üsullarla səsləndirilən çalğı alətində ifamla bildirirdim. Təsəvvür edin, Avropa aləti olan skripkada bir melodiya ifa edir, arxasınca həmin musiqini Azərbaycanın qədim nəfəs aləti zurnada çalırdım. Tamaşaçı çox təəccüblə baxır, alətləri dəyişdikcə məni alqışlayırdılar. Sonra hər bir alət haqqında sual verir və mən cavablandırırdım. Yaşlı bir professor “nə əcəb ingilis dilini bilməyirsiniz” sualını verdikdə, tərcüməçi özü sualı cavablandırdı və onu çox alqışladılar. Soruşdum ki, sən nə dedin? Cavabı belə oldu: “Dedim ki, Abbasqulu Nəcəfzadə 80-dən artıq çalğı alətinin “dil”ini bilir. Bir adam 2-3 çalğı alətinin “dil”ini öyrənə bilər. Bu qədər alətin hər birini öz “dil”ində bizə çatdırdı. Bunlar məncə ingilis dilini əvəz edə bilər”.

Əslində professorun sözündə həqiqət var, ingilis dilini hər bir alim mükəmməl bilməlidir. Mən fransız və fars dillərində müəyyən qədər fikrimi izah edirəm.

– Uğurlarınız boldur, tanınırsız. Deyin, heç bədxahlarınız olubmu?

– Bədxahların sayı-hesabı yoxdur. Hər addımda adama badalaq vermək istəyirlər. İstər elmdə, istər ifaçılıq sənətində, istərsə də pedaqoji fəaliyyətdə “ayaqdan çəkən” çox olur. Mən bunlara fikir vermirəm, öz yolumu davam edirəm. Amma dünyada yaxşı insanlar daha çoxdur, bu da həyatda insanda nikbinlik yaradır. Ulu Tanrının mənim qarşıma çıxardığı şəxslər haqqında əvvəlki suallarda qismən cavab vermişəm. Hələlik mənimçün sonuncu olan bir alimin də adını xüsusi qeyd etmək istəyirəm – Ali Attestasiya Komissiyasının Baş elmi katibi, aparat rəhbəri, texniка üzrə elmlər doktoru, professor Arif Quliyev. Arif müəllimin qəbulunda oldum, problemimi söylədim və məsələ müsbət həllini tapdı. Bu geniş ürəkli alimlə qısa söhbət zamanı onun musiqişünaslıq sahəsindəki biliyinə heyran qaldım. Azərbaycan elminin keşiyində duran əsl belə ziyalılarımızın varlığıyla böyük qürur duyuram. Oxucu fikirlərimi düzgün qəbul etsin, düşüncələrim ona görə deyil ki, problemimi həll etdi, həll olunmasaydı belə Arif müəllimin arifliyinə vuruldum. Nə yaxşı ki, 60 yaşımda 85 yaşlı bu alimin əlini sıxmaq mənə nəsib oldu.

– İndilərdə nə işlə məşğulsunuz?

– Qarşıda 60 illiyim qeyd olunmalıdır. Bu münasibətlə tədqiqatçı, ifaçı, pedaqoq, bir sıra sanballı əsərlərin müəllifi Əhsən Rəhmanlı həyat və yaradıcılığımla bağlı monoqrafiya hazırlayır. Mənim bir fəaliyyətim də bəstəkarlıqdır. Bəstələdiyim 60-a yaxın melodiyalarımı notlaşdırıb toplu halında nəşr etdirmək istəyirəm. Artıq müəllifi olduğum 4 mahnım notlaşdırılıb və işıq üzü görüb. Boş vaxtlarımda nəvələrim – Məryəm və Aidə ilə babalığın ləzzətini alıram. Məzuniyyətdə olduğumdan nəvələrlə daha çox məşğul olmağa vaxt tapıram.