“Çap mediasını elektron mediaya qurban vermək olmaz”.

304

Bu gün qəzet və jurnallara maraq azalıb. Hərçənd, çap mediası da yenilənmir, oxucuların diqqətini çəkə bilmir…

Bəs yazar və jurnalistlərin özləri bu barədə nə düşünürlər? Onlar qəzet və jurnal oxuyurlarmı?

Səlim Babullaoğlu (şair, tərcüməçi): “Təbii ki, bu belədir, azalır. Amma hər şey bir az da vərdişlə bağlıdır. Mən oxuyuram. Hər həftə ən azı üç qəzet alıram, Azərbaycan Yazıçılar Birliyinin nəşrlərini oxuyuram, son vaxtlar “Ustad” dərgisini oxumaq imkanım olur, Türkiyədən bəzən “Türk dili” kimi ədəbi dərgi və qəzetlər gəlir, üsətəgəl, hər həftə Moskvada çap olunan “Nezavisimaya qazeta-Exlibris” ədəbiyyat həftəliyini, “Literaturnaya qazeta” qəzetini, “İnostrannaya literatura” jurnalını alıram, oxuyuram”.

Varis (yazıçı): “Bütün dünyada internet kağız mediaya zərbə vurub, bu düzdür. Amma tirajı onsuz da aşağı olan Azərbaycan mediasına bu zərbə öldürücü olub. Baxın, Rusiyada insanlar yenə də köşk qarşısında növbəyə durub alırlar. Türkiyədə günortaya kimi “Hürriyyet”, “Milliyyet” kimi qəzetlər qalmır. ABŞ-da “Nyu-York tayms”ı və “Vaşinqton post”u mətbəə qoxulu kağız variantda almamaq ağlasığmazdır. Özbəkistanda 100 mindən yuxarı tirajı olan “Darakçi” adlı qəzet çıxır. Yəni ki, dünyada on-line medianın kağız mediaya təsiri azdır, bizdə isə öldürücüdür. Qəzet redaksiyalarımıza, görünür, böhrandan çıxmaq üçün nəsə bir novatorluq lazımdır. Mən bir neçə yerli qəzeti vaxtaşırı alıram. Rusiyanın “Kommersant” və “Lit” qəzetinin isə abunəçisiyəm”.

Zahir Əzəmət (şair, jurnalist): “Azərbaycanda çap mediası uzun illərdir ki, ciddi oxucu böhranı yaşayır. İldən-ilə bu böhran daha da dərinləşir. Hətta “bizdə qəzetlərə, jurnallara ehtiyac varmı” kimi suallar da yaranmağa başlayıb. Oxucu böhranı və reklam bazarının mövcud olmaması isə özü-özlüyündə maliyyə sıxıntılarını yaradır. Amma bütün bunlardan əlavə daha vacib bir problem var. Qəzet və jurnallarımız onlayn media ilə rəqabət aparmaq üçün nə edir? Əgər bu gün əldə tutduğum bir qəzetdə dərc olunan informasiya və yazıları artıq dünən internetdə oxumuşuqsa bu qəzeti niyə almalıyam? Bizim qəzetlər format və məzmun dəyişikliyinə niyə getmir və ya gedə bilmir? Qəzetlər oxucuların maraqlarına uyğun bütün problemləri araşdırmaqda sərbəstdilərmi? Yeni dövrün tələblərinə uyğunlaşa bilmək üçün yetərli maddi-texniki bazaya malikdirlərmi? Suallar çoxdur və ciddi müzakirələr tələb edir. Fakt isə faktlığında qalır. Oxucunu yenidən çap mediasına qaytarmaq üçün ciddi maliyyə və böyük layihələr lazımdır. Hazırda bazarda mövcud olan ənənəvi çap mediası təəssüf ki, bunu bacarmayacaq. Yeniləri yaranmalıdır, rəngli formatda, bütün sahələri əhatə edən obyektiv araşdırmaları olan, ən azı 64 səhifəlik, ölkənin bütün regionlarını əhatə edən, müxbir məntəqələri olacaq qəzetləri gözləyək”.

Günel Natiq (yazar, jurnalist): “Qəzetlərə maraq həqiqətən azalıb. Artıq oxucular lazımi məlumatları saytlar vasitəsilə əldə edirlər. Saytlar həm operativdir, həm də hər zaman əlçatan yerdədir. Eyni zamanda maddi vəsaitə qənaət etmiş oluruq. Publisistikaya marağın azaldığını deyə bilmərəm, bu sahə ədəbiyyatsevərlərin və mütəxəssislərin həmişə diqqətindədir. Maarifləndirici məqalələrə hava-su kimi ehtiyac var, yaxşı oxucu istənilən halda bu tələbatını ödəyir, istər qəzetlər, istərsə də internet saytları vasitəsilə. Qəzetlərə olan laqeydliyin bir səbəbi də normal qəzet köşklərin olmamasıdır. Mən lazımi bir qəzeti əldə etmək üçün bəzən saatlarla vaxt sərf edirəm, müxtəlif köşklərə müraciət edirəm. Hətta bəzən son çarə kimi nəşriyyatlara üz tuturam. Jurnallar da bərabər səviyyədə paylanmır. Hansısa bir jurnalı əldə etmək üçün şəhər mərkəzinə getməli oluruq, kiçik bir məsələ böyük problemlər yaradır. Mən özüm “Azərbaycan”, “Ulduz”, “Yazı” jurnallarını müntəzəm izləyirəm, bu mətbu nümunələrinin ümumi keyfiyyəti məni qane edir. Amma təəssüf ki, qeyd etdiyim kimi, bu jurnallar da ərazilərə bərabər şəkildə paylanmır, bu da vaxt itkisinə və əsəb gərginliyinə səbəb olur”.

Vilayət Muxtar (jurnalist): “Təbii ki, oxuyuram. Ən azından jurnalist olaraq hər gün çap və elektron medianı oxumaq vacibdir. Gündəmdə olan mövzulardan, baş verən hadisələrdən, siyasilərin fikir və rəylərindən xəbərdar olmaq lazımdır. Amma bu çap mediasının oxunması anlamına gəlmir. Bu gün internet dövrüdür və artıq elektron media çap mediasını böyük ölçüdə üstələyib. Bu gün nəinki qəzet, jurnal, demək olar ki, heç kitabda oxunmur. Görünən odur ki, artıq oxumağa maraq xeyli azalıb və bu templə də davam edir. Hər kəs özünə lazım olan məlumatı internet resurslarından istifadə edərək əldə edir. Bu da çap mediasının məhvinə gətirib çıxarır. Ancaq bu doğru yanaşma deyil. Çap mediasını, kitabları və jurnalları da oxumaq lazımlıdır. Ən azından bu nitqin inkişafına, söz bazasının artmasına yardım edir. Təbii ki, elektron media da lazımlıdır, ancaq çap mediasını elektron mediaya qurban vermək olmaz”.

Ceyhun Rzayev (aparıcı, jurnalist): “Məlumdur ki, internetin inkişafı qəzet oxunmasına böyük təsir göstərib. Artıq insanlar informasiyanı daha asan formada – internetdən almağa üstünlük verirlər. İnternetin qəzetdən əsas üstünlüyü operativlikdədir. Bununla belə mən həftədə 5 dəfə nəşr olunan “Futbol+” qəzetini daim oxuyuram”.

Oğuz Ayvaz (yazar): “Son vaxtlar əlbəttə ki, kağız çapına, qəzetə, jurnala diqqət xeyli azalıb. Burda təbii ki, internetin, sosial medianın üstünlüyü var. İnsanlar qəzet yerinə gündəmin nəbzini “facebookdan” tutur. Özü də qəzetdən də daha tez. Özüm də qəzet çox oxumuram. Zatən medianın içindəyəm. Qəzetin təbiliğatı gərəklidi, amma real mənzərə göstərir ki, qəzetçilik köhnəlir”.

Ruzbeh Məmməd