“Camaatın yaddaşında xanəndə kimi qalmaq istəyirəm”

0
659

Muğam Azərbaycan xalqının mənəvi sərvəti, dünəni, bu günü və gələcəyidir. O, insan psixologiyasının, duyğularının, ruhi yaşantılarının vəhdətini təşkil edir.

 

Etiraf edək ki, əvvəllər muğama gənclərin marağı az idi. Amma Heydər Əlieyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətləri, o cümlədən fondun təşkilatçılığı ilə muğam müsabiqələrinin təşkili ona olan marağı artırdı. Hazırda gənclərimizin muğama marağı çoxalıb. Elə Mingəçevirdə yaşayan gənc istedadlı muğam ifaçısı Elşad Ehtiramoğlu ilə söhbətimiz bu barədədir. Onu da deyim ki, bu gənclə şəhər tədbirlərinin birində keçirilən konsert proqramında tanış oldum. Söhbətdən aydın oldu ki, 27 yaşlı gənc xanəndə əslən Göyçay rayonundandır.

e2-1

– Oxumağa nə vaxtdan başlamısınız və bu sənətə gəlişinizdə kimlərin rolu olub?
– Göyçay şəhərində müsiqi məktəbini bitirmişəm. Onu da deyim ki, əvvəlcə tar sinifində təhsil almışam. Daha sonra isə xanəndəlik sinfində. Təbii ki, bu sahəyə meylim ürəyimin istəyi olub. Nə gizlədim, tar çalanda xalq mahnılarını, muğamlarımızı zümzümə etmək məndə bir vərdişə çevrilmişdi. Odur ki, son anda bu sənət aləmində özümü sınamaq qərarına gəldim. Hə, bir də son illər bu sahəyə olan marağın artması da bu seçimimdə önəmli rol oynayıb. Nə isə, daha sonra Sumqayıt Musiqi Kollecinə daxil oldum. Bir il Təhməz Şirinovun, 3 il isə Xalq Artisti Zabit Nəbizadənin tələbəsi oldum. Kolleci bitirdikdən sonra Yevlax rayonunun Xaldan kənd musiqi məktəbində fəaliyyətə başladım.
– Ailənizdə bu sahənin xiridarı var idi?
– Yox. Amma əmim Məzahir Abbasov və onun oğlu Elvin, həmçinin o biri əmimin uşaqları Sumqayıt şəhərində tardan dərs deyirlər.
– Hansı ifaçıların sənət aləmindən bəhrələnmisiniz?
– Mən Hacıbaba Hüseynov, Alim Qasımov, Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımov kimi sənətkarlarımıza çox qulaq asmışam, onlardan nələrsə götürməyə çalışmışam. Bu mənada deyərdim ki, bu sənət aləminə gəlişimdə onların hər birinin zəhməti var.
– Dediniz ki, musiqi məktəbində çalışırsınız. Ümidverici tələbələriniz var?
– Artıq 6 ildir ki, muğamın sirlərini gənclərə öyrədirəm. Yeri gəlmişkən, 4 tələbəm (Asim, Mənzurə, Niyaz, Lalə) muğam müsabiqəsinin laureatları olub. Onlardan biri – Səmədova Lalə hazırda Bakı şəhərində Xan Şuşuniski adına məktəbdə Qəzənfər Abbasovdan muğam dərsi alır. Onu da deyim ki, onların hər biri ilə fəxr edirəm. Sağ olsunlar… Mənə elə gəlir ki, onlar bu uğurları ilə mənə öz qiymətli hədiyyələrini bəxş ediblər.
ez

– Hərdən sizi müxtəlif tədbirlərdə görmək olur…
– Hə, el şənliklərində, həm də şəhər tədbirlərində çıxışlar edirəm. Özü də “Dostluq” ansamblımla birgə… Televiziya kanallarına da dəvət alıram.
– El şənliklərində də iştirak etdiyinizi dediniz. Toylarda muğamlarımıza kifayət qədər yer verilirmi?
– Sirr deyil ki, indiki toylarda toy mahnılarına, daha şən, oynaq mahnılara üstünlük verilir. Buna rəğmən həmin mahnıların arasında muğamlardan parçalar da ifa edirəm. Amma nə gizlədim, bəzən elə olur ki, iştirak etdiyim bəzi məclislər muğamsız ötüşür. Bir sözlə, bu məsələdə hər şey toy sahibindən, həmçinin məclis əhlinin intellektindən asılı olur.
– Bəs mingəçevirli müsiqiçilər barədə nə deyə bilərsiniz?
– Mingçevirdə yaxşı sənətkarlar var. Oktay Vəliyev, Telman Əliyev, həmçinin İlham müəllim, Qorçi müəllimlə yaxşı münasibətlərim var. Mən onlardan bilmədiklərimi də öyrənməyə çalışıram. Sağ olsunlar, onlar da bildiklərini məndən əsirgəmirlər. Amma hərdən mənə elə gəlir ki, nə qədər öyrənsəm də, yenə heç nə bilmirəm. Odur ki, həmişə deyirəm: biz gənclər öz üzərimizdə çox çalışmalıyıq. Çünki yaxşı bilirəm ki, bu sənətin hamar yolları yoxdur, hər an qarşıma daşlı-kəsəkli yolları çıxa bilər.
– Yəqin ki nə vaxtsa özünüzdən razı qalacaqsınız?
– Mən bu suala Xalq şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə cavab vermək istərdim. O, bir şeirində deyir:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.
Amma bu sənət aləmində nə isə edə bilsəm, özümü çox xoşbəxt sanaram.
– Bəs səsi olmayıb, nəyinsə naminə bu sənətə gəlmək istəyənlərə nə deyərdiniz?
– Sözün düzü, valideynlərinin təkidi ilə bu sənətə gəlmək istəyənlər də olur. Lakin belə məqamlarla qarşılaşanda valideynlərə öz sözümü deyirəm.
– Son vaxtlar müğənillər özləri torylarda tamadalıq edirlər, buna münasibət necədir?
– Düzdür, elə müğənillər var. Mənim fikrimcə, tamadalıq özü başqa bir sənətdir. Lakin mən heç vaxt buna can atmamışam. Çünki mən camaatın yaddaşında xanəndə kimi qalmaq istəyirəm.
Esmira Hidayətova, Mingəçevir