“Camaat çörək dərdindədir, teatr dərdində deyil”

0
500

Esmira Hidayətova, Mingəçevir
Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrının qarşısından ötəndə Azərbaycanın Xalq Artisti, Prezident mükafatçısı, “Bəxt üzüyü” filmindən sonra daha da məşhurlaşan gözəl, sadə bir insanla rastlaşdım. Bu, “Moşu” obrazı ilə tamaşaçının qəlbinə yol tapan Valeh Kərimov idi. O, nəinki “Moşu”, digər rolları ilə də xalqın sevimli aktyoruna çevrilib. İstər-istəməz onu görəndə üzlərdə təbəssüm yaranır. Aktyorla görüşüb, həmsöhbət olduq. Əvvəlcə, Mingəçevirə gəlişinin səbəbini öyrəndik. Məlum oldu ki, bu şəhərin teatrı tərəfindən dəvət alan aktyor, İsi Məlikzadənin “Gəl qohum olaq” əsərinin tamaşasını hazırlamaq üçün buradadır. Onu da xatırladaq ki, Valeh Kərimov yeganə aktyordur ki, 45 il bir teatrda – Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Aktyora elə ilk sualımız Mingəçevirlə bağlı oldu.
– Şəhərimizi bəyəndinizmi?
– Əlbəttə, mən əvvəllər də Mingəçevirdə olmuşdum. Amma çox qalmamışdım deyə bu gözəllikləri görməmişdim. Axşam şəhəri gəzmişəm, yağış da çiləyirdi – sanki göydən nur yağırdı, necə gözəl parkları, necə gözəl küçələri var, heyran edir adamı bu şəhər. Çox vurulmuşam bu şəhərə. Hələ insanlarını demirəm, necə gözəl qonaqpərvər insanlardır. Bir-iki gün qalıb gedirdim. Artıq 15 gündür ki, buradayam. Minnətdaram teatrın rəhbərliyinə ki, məni dəvət ediblər tamaşa hazırlamağa. İsi Məlikzadənin “Gəl qohum olaq” əsərini hazırlamaq üçün bu şəhərdəyəm. Artıq neçə gündür ki, işə başlamışıq, ayın sonuna kimi tamaşanı təhvil verəcəyik (Bildirək ki, tamaşa artıq oynanılıb. Bu müsahibə tamaşa səhnələşdirilməmişdən öncə alınıb – red.).
Teatrın aktyorları çox istedadlıdır, teatrın yaxşı keyfiyyətlərini qoruyub saxlayıblar, indi çətindir onları saxlamaq, amma saxlayıblar. Arzu edərdim ki, tamaşamız yaxşı alınsın, tamaşaçılar gəlib zövq ala bilsinlər. Mən bu tamaşanın quruluşçu rejissoruyam, eyni zamanda ola bilər ki, bir-iki tamaşada aktyor kimi də iştirak etdim.
– Gənclərlə işləmək sizi qane edirmi?
– Mən deyərdim ki, bu teatrda bacarıqlı gənclər var. Bir tamaşada iki heyət işləyir. Aktyorların orta yaşlıları da, gəncləri də çox böyük həvəslə işləyirlər.
– Valeh müəllim, bu sənətə sevib gəlmisiniz?
– Bu sənətə heç kimi güclə gətirmirlər. Amma çox adamı bu sənətdən güclə ayırırlar. Bu sənətə gələn mənim fikrimcə, gərək heç kimdən məsləhət almasın. Əgər o valideyndən məsləhət aldısa, deməli, bu sənətin adamı deyil. Bu sənətə vurulub gəlmək lazımdır. Vəssalam. Hər şeyi qurban verməlisən. Mən desəm ki, o zümrəyə aid olan insanlardanam, məncə, yanılmaram. Vaxtilə atam razı deyildi. Amma mən ondan xəbərsiz getdim bu sənətin arxasınca. Yəni bu sənət elə bir sənətdir ki, gözəl bir qıza vurulub aşiq olduğun kimi, gərək bu sənətə də elə vurulasan və ömrünü ona həsr edəsən. Bax onda tanınarsan da, sevilərsən də. Yoxsa 5 gün burada işləyim, beş gün gedim bazarda alver edim gəlim ki, mən də aktyoram – bu olmaz. Məsələn, adam var deyir ki, 50 il bu sənətdə oldum, bu sənət mənə heç nə vermədi. Belələri, belə demək mümkünsə, sənətə dırnaqarası baxanlardır.
– Bu sənətə ömrünüzü, gününüzü – 45 ilinizi verdiniz. Bəs bu gün sənətə, sənətçiyə verilən qiymət sizi qane edirmi?
– Düzdür, bu gün “mən sevdiyim sənətlə məşğulam” deyənlər bunun fərqinə varmırlar. Amma sənətdə olan adam da yaxşı yaşamalıdır. Onun aldığı məvacib, heç olmasa, yol pulundan başqa, digər ehtiyaclarını da ödəməlidir. Hər dövrün öz tələbi var. Bu sənətlə məşğul olanlar arasında ailəsini dolandırmaq ucbatından tamadalıq, müğənnilik edənlər də var. Mən onları qınamıram. Teatrlarımızda maaş azdır. Əgər aktyora yaxşı məvacib verilsə, inanın ki, onlar bütün həyatlarını bu sənətə verərlər. Mən arzu edərdim ki, aktyorlarımıza, elə Mingəçevir teatrının aktyorlarına da vaxtında mükafatlar verilsin, fəxri adlar alsınlar, qoy həvəslənsinlər.
– Hansı rollarınız sizin üçün daha əzizdir?
– Aktyor bütün rollarını sevməlidir. Aktyor rolda yaşamalıdır. Əgər rolunu sevməsən, tamaşanı oynaya bilməzsən. Mənim üçün bütün rollarım əzizdir.
– Başqa hansı tamaşalara quruluş vermisiniz?
– Sumqayıt teatrında olarkən çox tamaşalar hazırlamışam. Eyni zamanda müxtəlif illərdə Füzuli teatrında, Dərbənd teatrında, Ağdam teatrında tamaşalar hazırlamışam. İlk dəfə 1973-cü ildə Sumqayıt teatrında S. S. Axundovun “Tamahkar” əsərini tamaşaya qoydum. Həm rejissor, həm də aktyor kimi fəaliyyətim olub.
– Hazırda hər hansı bir teatrla əməkdaşlıq edirsinizmi?
– Xeyr, ancaq Mingəçevir teatrı məni dəvət edib bu tamaşanı hazırlamağa, mən də gəlmişəm və gəldiyimə də məmnunam. Bu gözəl teatrda kim işləmək istəməz ki – həm rəhbərliyi çox yaxşıdır, həm də gözəl kollektivi var. Hər birinə məni dəvət etdikləri üçün minnətdarlığımı bildirirəm.

– “Bəxt üzüyü” filmindən də bir az danışaq.
– “Bəxt üzüyü” əsəri ilk dəfə Sumqayıt teatrına gələndə 1985-ci il idi. Rejissor Yusif Əkbərov dedi ki, bir maraqlı əsər gətirmişəm, gəlin bunu oxuyaq. Əsərlə tanış olduqdan sonra hamını heyran elədi. Səhəri gün rolları elan edəndə gördüm ki, mənə də Moşu rolu düşüb. Hərə öz rolu üzərində işlədi. Afaq xanıma da Söylü rolu verilmişdi. Tamaşa yaxşı alındı. Tamaşanı Sumqayıtda çox uğurla oynadıq. 110 dəfə bu tamaşa oynanıldı. Sonra isə 1991-ci ildə filmini çəkdilər. Həmin filmdə də biz Afaq xanımla öz rollarımızı oynadıq. Artıq 25 il keçib. Beləcə, bu film bizi məşhur etdi.
– 50 ilə yaxındır ki, səhnədəsiniz, yaş üstünə yaş gəldikcə hansı hissləri keçirirsiniz?
– Hər yaşın öz gözəlliyi var. Allah hər kəsə yaxşı ömür qismət eləsin ki, yaşlılıq illərini də görsün. Vallah, sənətə başımız elə qarışdı ki, heç bilmədik yaş haradan gəldi, hara getdi. Bu günümüzə çox şükür.
– Sənət dostlarınızla görüşürsünüzmü, bir çox sənətkarlarla tərəf müqabili olmusunuz, hansı tərəf müqabilinizlə işləmək asan olub?
– Əlbəttə, tamaşalarda tərəf-müqabilim olan Afaq xanımla indi də görüşürük. O, Sumqayıt teatrına 1975-ci ildə gəldi. 1989-a qədər bir yerdə işlədik. Onunla çox tamaşalarda tərəf-müqabili olmuşuq. Mənim üçün bütün aktyorlarla tərəf-müqabili olmaq xoşdur. Teatr və kino aləmində bütün sənət dostlarım hörmətimi saxlayır. Ən əsas da xalqın sevgisidir. Bax, elə bu gün burada sizinlə söhbət edirik, görün mənimlə görüşmək üçün nə qədər tamaşaçı yığılıb. Bax bizi yaşadan da elə budur. Biz sənət adamları bilirik ki, hansı çətinliklərlə, hansı əziyyətlərlə bu səviyyəyə gəlib çıxmışıq. Bizə də xalq sevgisi, işlədiyimiz teatrda diqqət olanda, əlbəttə ki, bundan daha da ruhlanırıq.
– Valeh müəllim, kinoda göründüyünüzdən daha fərqlisiniz.
– Neyləyim, beləyəm də. Sadə olmayıb neyləyim ki. Mənə bir dəfə bir professor yaxınlaşıb dedi ki, “ə Moşu, bu sənsən? Ə mən elə bilirdim ki, bunu kənddən tutub gətiriblər”. Professor heyrətini bildirmək üçün dedi ki, sən demə, bu əməlli-başlı adam imiş ki. Yəni roldur, səhnədir, hər cür rola giririk. Sənətimiz budur…
– Bugünkü seriallar barədə fikrinizi bilmək istərdik. Seriallara dəvət almısınızmı?
– Mən açığı, seriallara baxmıram, nə də rol almamışam. Mən hər şeyi konkret etmək istəyirəm. Söhbətimizi də konkret etmək istəyirəm, hətta çay içməyimi də. Məndə o hövsələ nə gəzir ki, oturum 10 gün gözləyim ki, bunun axırı necə olacaq. Biz sovet dönəmində öyrənmişdik ki, kino başlayırdı və 1 saat 45 dəqiqəyə qurtarırdı.
– Bu gün nədənsə tamaşaçı teatrdan uzaqlaşıb. Bunu nə ilə əlaqələndirirsiniz?
– İnsanın qəlbi sevinəndə, könlü şad olanda oxuyur, oynayır. İndi səhər tezdən camaat bazara, dükana qaçır ki, axşam uşağa necə çörək aparım? Bu adam necə teatr, kino fikirləşsin? Əvvəllər 8 saat iş rejimi vardı. Adam işləyirdi, axşamlar da boş olurdu, vaxtını kinoya, teatra sərf edirdi. İndi o imkan yoxdur. Problem odur ki, camaatın qayğısı çoxdur. Yəqin ki, bu da düzələr.
– “Xoşbaxtlıx”a hələ də qafiyə tapa bilməyən Moşu müəllim üçün xoşbəxtlik nədir?
– Xoşbəxtlik anlarla, dəqiqələrlə ölçülür, əbədi deyil. Sadə, kasıb olmaq olar, amma gərək üzündən-gözündən gülüş əskik olmasın.