“Çalışırıq ki, naliyyətlərimiz davamlı olsun”

1293

Bu gün regionlarda təhsil sahəsində öz sözünü demiş şəhərlərdən biri Mingəçevirdir desək, yanılmarıq. Bu nur şəhərində yeni təhsil ocaqlarının istifadəyə verilməsi, məktəblərin əsaslı təmir olunması, şagirdlərin ali məktəblərə qəbul faizi, müəllimlərin fəxri ad almaları buna sübutdur.
Bu məktəblər arasındaTəbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydir. Məlumat üçün bildirək ki, 1990-cı ildə İstedadlı uşaqlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyətə başlayan təhsil ocağı əldə etdiyi uğurlara görə cəmi bir il sonra lisey statusu alıb. Bu gündə bu lisey naliyyətləri nailiyyət dalınca sıralayır. Liseyin direktoru Aida İsmayılova bizimlə söhbətində dedi ki, kollektivimiz həmişə təhsilin inkişaf etdirilməsi sahəsində qəbul edilmiş dövlət sənədlərində göstərilənləri layiqincə həyata keçirməyə çalışır: “Elə bizim uğurları da bu kimi amillərdə axtarmaq lazımdır”.
Aida xanım ötən tədris ilinin nəticələrindən söz açdı. Bildirdi ki, ötən tədris ilində liseyin 55 nəfər məzunu olub: “Onlardan iki nəfəri liseyi qızıl medalla başa vurub. Qızıl medal alan Cəbrayılova Aytac Atif qızı 686 bal toplayaraq ali məktəbə qəbul olunub. O, artıq Prezident təqaüdünə da layiq görülüb. Həsənova Xavər İlqar qızı isə 650 bal toplayıb. Ümumiyyətlə, XI sinifi bitirərək attestat alanların 98%-i (52 nəfər) ali məktəblərə sənəd təqdim edib, onlardan 51 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adına layiq görülüb. Bu isə sənəd verənlərin 96% ni təşkil edir və 2015-ci ilə müqayisədə 11% çoxdur. Bu il 22 nəfər 500-600 intervalında, 8 nəfər 600-dən yuxarı bal toplayıb. 300-500 intervalında bal toplayanların sayı da çoxalıb”.
Müəllimlərin naliyyətlərini də dilə gətirən direktor vurğuladı ki, ingilis dili müəlliməsi Mələknisə İsmayılova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub, kimya müəllimi Mustafa Əhmədov ölkə təhsilindəki xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adı və döş nişanı ilə təltif edilib. Daha sonra fənn olimpiadalarında əldə olunan uğurlardan söz açan və bunların davamlı olacağını əminliklə qeyd edən Aida xanımın dediklərindən başa düşdük ki, liseyin nailiyyətləri saymaqla qurtarmaz. Aida İsmayılova bildirdi ki, bu uğurlar onları əsla arxayın salmır: “Çalışırıq ki, naliyyətlərimiz davamlı olsun. Bu ildən respublika və dünya miqyaslı bütün fənn olimpiadalarına qatılmaq niyyətindəyik. İnanıram ki, yenə də yeni uğurlara imza atmağı bacaracağıq.
Aida xanıma: “Bəs hansı nöqsanlardan söz açmaq istərdiniz” sualı ilə də müraciət etdik. Belə bir sualı gözləmədiyini, amma bayaqdan bəri onlardan da danışmaq istədiyini etiraf edən direktor dedi: “Nə gizlədim, buraxılış imtahanlarında IX sinif şagirdlərindən 2 nəfərin qeyri-müvəffəq qiymət alması bizi çox məyus etdi. Onu da deyim ki, hələ də öz işini kurikulumun tələblərinə uyğun qurmağa az meyilli olan, köhnə, ənənəvi təlim üsullarından əl çəkməyən müəllimlərimiz də var. Məqsədimiz bu kimi halları aradan qaldırmaqdır. Güman edirəm ki, bu tədris ilində təhsildə idarəetməyə valideyinlərin və ictimayyəti cəlb etməklə, fənn kurikulumlarının tətbiqi sahəsində mövcud olan nöqsanları aradan qaldıra biləcəyik. Yeri gəlmişkən onu da deyim ki, hər bir valideynin liseyimizlə mütəmadi əlaqə saxlaması bizi çox sevindirir.

Esmira Hidayətova