Çağırılmamış “qonaq”: qorxu və panika

0
601

İndiki zamanda problemi olmayan adam yəqin ki, yoxdur. Xüsusən, sosial qayğılarla üz-üzə olan insanlar daim stress vəziyyətindədirlər. Onlar bu ayın maaşını gələn aya çatdıra bilmək üçün, yumşaq desək, dəridən-qabıqdan çıxırlar. Bu günlərdə Rusiyadan xeyir işdə iştirak etmək üçün vətənimizə gəlmiş bir tanışımı Bakı Avtovağzalından rayona yola saldım. Söhbət əsnasında Saratov şəhərində yaşayan tanışım dedi ki, ruslar təəccüblə onlardan niyə Azərbaycana gedib orada işləmədiklərini soruşurlar: “Saratovda getdiyimiz yerlərdə bizdən haralı olduğumuzu soruşurlar. Biz də deyirik ki, Azərbaycandan gəlmişik, uzun illərdir burada yaşayırıq. Onlar təəccüblə soruşurlar ki, Azərbaycanın hər yanı briliyantdır, niyə qalıb orada işləmirsiniz, burada nə var? Biz də onlara deyirik ki, Azərbaycan bizim qanımızdır, canımızdır, amma orada iş tapmaq, xüsusən kənd yerlərində iş tapıb dolanmaq çətin məsələdir”.

Bəli, müasir dövrümüzdə kimisi şəhərdə, kimisi kənddə, kimisi vətəndə, kimisi qürbətdə çalışıb güzəranını təmin etməyə çalışır. Yazımızın əvvəlində dediyimiz kimi, ailə qayğıları ilə üzləşməyən, sosial məsuliyyət hiss etməyən çox az adam var. Amma insan var, bütün bu işləri stressiz görməyə çalışır, insan da var ki, özünə normadan artıq, yersiz stress yükləyir. Belə insanlar daim qayğıcıl olurlar, qayğı stresi, həyəcanı içərisindədirlər. Türkiyəli həkimlərin apardıqları araşdırmalara görə, bu bir xəstəlikdir. Həkimlərin qənaətinə görə, bu xəstəlikdən əziyyət çəkənləri hər an pis hadisə yaşanacaqmış kimi bir hiss təhdid edir. Türkiyəli həkim Mehmet Yavuz bununla bağlı açıqlama verərkən deyib: “Aşırı dərəcədə qayğı içərisində olanlar mövcud bir problemi beyinlərində şişirib, zehinlərində davamlı olaraq fəlakət senariləri uydururlar və onlara hər an pis bir şey baş verəcək kimi gəlir”.

Aşırı qayğı hissinin gündəlik həyatımızı təsirləndirdiyini bildirən doktor: “Əslində qayğı gündəlik həyatımızda yaşadığımız olaylarda hamımızın qarşılaşdığı bir ruh halıdır. Bu hal aşırı olmadıqca, hər hansı bir narahatlığa, müalicəyə ehtiyac yoxdur. Ancaq yaşamımıza lazımsız təsir edəcək bir səviyyəyə gəlirsə, mütləq bir tədbir görmək lazımdır”. Həkimin dediyinə görə, bu hal insanlarda tez yorulma, özünü toparlaya bilməmə, unutqanlıq hissi, əsəbilik, yuxu pozğunluğu kimi özünü büruzə verir: “Bütün bunlar isə ümumilikdə bir insanın həyatına öz təsirini göstərir və nəticəsi bəzən uğursuzluqlar olur”.

Doktor dediklərinə misallar da çəkir: “Məsələn, əgər uşaq evə gec gəlirsə, “yəqin maşın vurub”, “yəqin ona nə isə ediblər” kimi düşüncələrə qapılır. Yaşanan hər vəziyyətdə həmin şəxslər eyni təpkini göstərirlər”. Araşdırmalar nəticəsində məlum olub ki, bu düşüncə insanlarda yeniyetmə yaşlarından başlayır və zaman keçdikcə ağırlaşır: “Bu vəziyyət boş-boşuna yaranmır. Məsələn, keçmişdə yaşadığımız uğursuzluqlarla da əlaqəsi vardır. Tutaq ki, bir insan keçmişdə yaşadığı kədərli bir hadisənin bənzəri ilə qarşılaşdığı zaman eyni təpkini verir”.

 Xəstəliyin əlamətləri

– Səbəbsiz yerə yaranan qorxu və panika;

– yata bilməmək və buna uyğun olaraq əsəbilik;

– göz bəbəklərində genişlənmə;

– ürək döyüntülərinin artması;

– ağızda quruma və əllərdə titrəmə;

– tez-tez tualetə getmək istəyi;

– davamlı baş ağrısı;

– vücudun müəyyən yerlərində qızarma;

– tərləmə və rəng solğunluğu;

– zehin dağınıqlığı, qısamüddətli yaddaşsızlıq.

Məsləhətlər

– Xəstə xəstəliyinin nə olduğu və səbəbləri mövzusunda məlumatlandırılmalıdır;

– stresi dəf etmək üçün yollar axtarmalıdır;

– qayğıverici durumlara qarşı soyuqqanlı davranmalıdır;

– yersiz qayğıya səbəb olan vəziyyət və hadisələr müəyyənləşdirilməlidir;

– yazmaq qayğıları düşünməkdən də çətin bir işdir. Odur ki, yazdıqda mənfi düşüncələrin yox olması ehtimalı da artır;

– yersiz yerə ruhdan düşməyin, özünüzə inamınız, güvəniniz olsun;

– hər bir insanın daxilində güclü iradə var, sadəcə, onun üzə çıxması üçün hər birimiz cəhd göstərməliyik;

– dini, mənəvi mövzularda maraqlı kitablar oxuyun.

Müsbət düşünün

Unutmayın ki, həmişə həyatın mənfi tərəflərini düşünmək insana fayda verməz. Əksinə, durmadan mənfi düşüncələrlə yaşamaq insanın psixologiyasına zərbə vurmaqla yanaşı, fiziologiyasında da problemlərə səbəb ola bilər.

 Mübarizəyə davam edin

Həyata müsbət baxmaq və ya həyatda müsbət düşüncələrlə yaşamaq üçün, həqiqətən də, əzmə və mübarizəyə ehtiyac var. Odur ki, “ömrünün sonuna qədər birlikdə olacağın şeyi yorulana qədər axtar”. Qoy qarşına çıxan maneələr səni çəkindirməsin. Əksinə, mətinliyini, gücünü daha da artırsın.

 Hədəfsiz olmayın

Mütləq bir hədəfin olsun. Hədəfin uğrunda əlindən gələni et. Həyat bir marafondur. Məqsədinə çatmaq üçün yorulmadan qaç.

 Ruhdan düşmə

Həyatda heç nə asan başa gəlmir. Ona görə də ilk uğursuzluğun səni ruhdan salmasın. Başqa yollardan və ya üsullardan istifadə et. Unutma ki, qırx qapı bağlı olsa da, qırx birinci açıq olacaq.

NİCAT İNTİQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here