“Cənubi Qafqaz iqtisadiyyatında ölkəmizin payı 78,6%-ə yüksəlib”

533
“Son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilmiş, onlardan 104-ü tam icra olunmuş, digərləri icra olunmaqdadır”. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “İnkişafın 10 ili: 2004-2014” adlı konfransda çıxışı zamanı deyib.
Ş.Mustafayev qeyd edib ki, bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf təmin olunmuş, ÜDM 3 dəfə artmış, artıq 6 ildən çoxdur ki, dünyada davam edən və siyasi, iqtisadi, sosial kataklizmlərlə müşaiyət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, nəzərdə tutulmuş bütün işlər yerinə yetirilmişdir: “Hətta son zamanlar bəzi region ölkələrində yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz “bu mürəkkəb regionda bir sabitlik adasıdır və təbii ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir”.

Sözsüz ki, Azərbaycanın davamlı iqtisadi inkişafında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir”.

 ”Ölkəmiz enerji idxalatçısından  ixracatçıya çevrilib”

Onun sözlərinə görə, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələrin istifadəyə verilməsi nəticəsində bu gün ölkəmiz nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “Bu strategiyanın davamı olaraq Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, yeni əsrin kontraktı adlandırılan Şahdəniz-2 layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir. Prezident İlham Əliyevin müdrik siyasətinin ən mühüm nəticələrindən biri Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsidir. 10 il ərzində 20 elektrik stansiyasının inşa olunması, 2300 meqavattdan artıq yeni generasiya gücünün yaradılması, enerji infrastrukturunun yenilənməsi nəticəsində daxili tələbat tam təmin olunmuş, ölkəmiz enerji idxalatçısından ixracatçıya çevrilmişdir”.

ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 59%-ə çatıb

 

Ş.Mustafayev bildirib ki, son 10 ildə ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olmuşdur. Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam etməkdədir: “Ümumilikdə, görülmüş irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlamış, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 2,2 dəfə, o cümlədən tikinti materiallarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artmış, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatmışdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan verəcəkdir”.

Son 10 ildə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb

 

”Ötən müddət ərzində 24 500 sahibkarlıq subyektinə 1,5 mlrd. manat güzəştli kredit verilmiş, onların xarici əlaqələrinin genişləndirilməsi üçün 1300-ə yaxın biznes forum sərgi və digər tədbirlər keçirilmiş, dövlət qurumları tərəfindən 451 xidmətin elektron qaydada göstərilməsinə başlanmışdır”,-deyən Ş.Mustafayev bildirib ki, görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmlş, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlamışdır: “Nəticədə 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 82,5%-ə çatmışdır. Siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50%-ni təşkil edirdisə, bu gün ölkəmizin payı 78.6%-ə yüksəlmişdir.

Son 10 ildə ölkəmizin xarici ticarət coğrafiyası genişlənmiş və tərəfdaş ölkələrin sayı 149-a yüksəlmişdir. Bununla yanaşı xarici ticarətin strukturunda müsbət keyfiyyət dəyişiklikləri baş vermiş, ixrac olunan malların çeşidi 73 faiz, qeyri-neft ixracı 4.7 dəfə artmışdır. Ümumilikdə, xarici ticarət dövriyyəsi 6.6 dəfə, ixrac 9.3 dəfə, idxal isə 4.1 dəfə artmışdır”.

Təsadüfi deyil ki, son 10 il ərzində dövlət büdcəsinin sosial yönümlü xərcləri 8,1 dəfə, əhalinin gəlirləri 6.1 dəfə, orta aylıq əmək haqqı 4.6 dəfə, pensiyaların orta aylıq məbləği 7.3 dəfə, yaşayış minimumu və ehtiyac meyarının məbləği 3 dəfədən çox artmışdır. Yoxsulluq səviyyəsi təxminən 7.8 dəfə azalaraq 5%-ə enmiş, 1.3 milyondan artıq yeni iş yeri açılmış, işsizlik səviyyəsi 2 dəfəyədək azaldılaraq 5.1%-ə enmişdir. Bütün çadır düşərgələri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər üçün 87 yeni qəsəbə salınmış, 42 min məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir. “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur. Azərbaycan artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir. Hesabatda “Makroiqtisadi mühit” göstəricisi üzrə ölkəmiz dünyada 9-cu, “inflyasiya” üzrə 1-ci, “ümumi milli yığımın ÜDM-ə nisbəti”nə görə 9-cu, “dövlət borcunun ÜDM-ə” nisbətinə görə 12-ci yerə layiq görülmüşdür. Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, BMT-nin İnsan İnkişafı ilə bağlı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmiş, “İnsan İnkişafı” hesabatında ölkəmiz 187 ölkə arasında 76-cı olmuşdur”.