“Cənub Qaz Dəhlizi” Avropada əsas enerji layihəsidir

430

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi qitənin əsas enerji layihəsidir. Bu barədə İtaliyanın “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marco Alvera bildirib.

“Avropada əsas enerji layihəsi “Cənubi Qaz Dəhlizi”dir və onun müxtəlif bazarlara çıxma imkanı var”, – deyə Marco Alvera qitədə qazın gələcəyi və problemlər mövzusunda müzakirələr zamanı qeyd edib.

Onun sözlərinə görə, qitədə daxili qaz hasilatı azalıb, bu da idxalın artmasına səbəb olacaq: “2005-ci ildə biz qaz çatışmazlığından danışırdıq. Bu gün bolluq vəziyyəti yaranıb”.

“Snam” “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin 20 faizlik səhmdarıdır.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və TAP layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

“Cənub Qaz Dəhlizi” layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 12,3 milyard ABŞ dolları məbləğində vəsaitdən bu il sentyabrın 15-dək 7,6 milyard dollarlıq hissəsi, yəni təxminən 62 faizi icra edilib. Bu il isə “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard dollaradək investisiya qoyulub. azərtac