Cənnətdəki ilk ad günləri məzarları yanında qeyd edildi

139

 

Mingəçevirdən olan iki şəhidin cənnətdəki ilk ad günləri məzarları yanında qeyd edildi.

Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri, Qulamlı Ülvi Şahin oğlu, digəri isə Nicat Cahangir oğlu Hacıyevdir. Bu gün hər iki şəhidin cənnətdəki ilk doğum günləridir. Bu münasibətlə keçirilən tədbirdə ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidlərin ailələrinə baş saglığı verib.  Şəhidlərin oxuduqları məktəbin şagirdləri onların xatirəsini şeirlərlə yad ediblər.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Qulamlı Ülvi  “Vətən uğrunda”  medalı ilə təltif edilmişdir. Qəhrəmanımız yaşasaydı, bu gün  27 yaşı tamam olacaqdı. Ülvi Mingəçevir 13 saylı məktəbin məzunu olub.

Nicat Hacıyev  1989 –cu il mayın 24 də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli   şəhərini işğal etməsindən sonra ailəsi ilə birgə Mingəçevir  şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir  şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nişanlı idi.  Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan   işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi   zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də şəhid olub.

Qeyd edək ki, şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, şəhər rəhbərləri şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər

Şəhidlərimiz daim Azərbaycan xalqının yaddaşında qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir