“Cənab Daçiçin səfərindən sonra irəliləyişin olacağını gözləyirəm”

494

“ATƏT-in fəaliyyətdə olan sədrindən xahiş etdim ki, İrəvanda olarkən azərbaycanlı girovların məsələsinə toxunsun. Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldular: “Azərbaycan münaqişənin həlli ilə bağlı son sənədlər üzərində tam şəkildə işləməyə hazırdır. Gözləyirik ki, İrəvanda keçirilən görüşlərdə bu məsələ yerindən tərpənəcək”.

E. Məmmədyarov Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözlədiyini vurğulayıb.

Nazir bildirib ki, artıq məsələni yerindən tərpətmək vaxtı yetişib: “Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq”.

ATƏT sədri: “Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik”

“Bura Avropanın sabitliyi üçün əhəmiyyətli regiondur”. Bunu isə AT?T-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu deyib: “Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar.

Erməni həmkarımla görüşdə bir sıra təşəbbüslər irəli sürəcəyəm. Hesab edirəm ki, Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik”.

İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracağını deyib. “Nazir Elmar Məmmədyarovun həmin şəxslərin azad olunması barədə təklifini ermənistanlı həmkarıma çatdıracağam. Onunla danışıqların nəticəsini isə Azərbaycanlı həmkarıma bildirəcəyəm”, – deyə ATƏT sədri qeyd edib.