Cəmşid Əmirovun “Qara Volqa”sı cazibədarlığını itirmir

379

Bu gün yazıçı Cəmşid Əmirovun anadan olmasından 99 il ötür (O, 1982-ci ilin dekabr ayının 29-da dünyasını dəyişib). Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayan C.Əmirov “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və digər məşhur detektiv əsərlərin müəllifidir. Onu da deyək ki, o illərdə bu kitabları hamı sevə-sevə mütaliə edərdi.

Tanınmış nasir (o, uzun müddət Penitensiar Xidmətdə çalışıb), Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Yerfinin (Həsənli) sözlərinə görə, Cəmşid Əmirov Azərbaycan detektiv ədəbiyyatının banisidir: “Bir sıra mətbuat orqanlarında çalışmış, İkinci Dünya müharibəsində Sovet ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexiya, Slovakiya, Avstriya və Çin ölkələrində olmuş Cəmşid Əmirov sadə yazıçı həyatı yaşayıb. Cəmşid Əmirov elə də çox əsərlər qələmə almayıb. Sağlığında “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” adlı cəmi dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanıb. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni sirli oğru aləmindən, milisin oğrularla mübarizəsindən bəhs edən “Qara Volqa”dır. Onu da deyim ki, sovet dövründə bu kitab çapından az sonra qadağan olunub, kitabxanalardan, evlərdən yığışdırılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Nəhayət, müstəqillik dövründən sonra “Qara Volqa” yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verilib. Yazıçı 1966-cı ildə “Azərbaycanfilm”də çəkilmiş “İstintaq davam edir” (rejissor Əlisəttar Atakişiyev) adlı bədii filmin ssenarisini də yazıb. 1994-cü ildə onun əsəri əsasında “Qara Volqa” da ekranlaşdırılıb. Elşən Məmmədovun ərsəyə gətirdiyi bu ekran əsərinin ssenarisini Nəriman Əbdülrəhmanlı yazıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub”.

Rövşən müəllimin fikrincə, xatırlanmağa layiq bir çox yazıçılar kimi Cəmşid Əmirov da nədənsə unudulanlar sırasındadır. Lakin inanıram ki, ilk dedektiv nasirimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən layiqincə qiymətləndiriləcək.

O daha sonra dedi: “Cəmşid Əmirovdan sonra onlarla yazıçı bu janrda qalaq-qalaq povestlər, romanlar yazıb. Bununla belə “Qara Volqa” bünövrə olmaq etibarı ilə cazibədarlığını itirmir. Müasir detektiv əsərlərdən heç də geri qalmır, hələ ki, öz fəxri yerini, dərəcəsini qoruyub saxlayır”.

Qvami