“Cəmiyyətin inkişafına mənfi təsir edƏ biləcək bütün verilişlər bağlanmalıdır”

550

Nərmin Haqverdiyeva
1Son günlər televiziya kanallarımızda yayımlanan şou xarakterli, Azərbaycanın milli-mənəvi dəyərlərinə xas olmayan bəzi verilişlərin yayımının dayandırılması xəbərini yəqin ki, eşitməyən yoxdur. Bəzilərinin ürəyincə olan bu qərar bəzilərini məyus etmiş ola bilər. Milli Teleradio Şurasının yaydığı məlumatda qeyd olunur ki, həmin verilişlərin bağlanmasına səbəb kimi əsasən cəmiyyətin inkişafına mənfi təsir göstərməsi, insanların psixologiyasına birbaşa təsir etməsidir: “Sözdə insanların problemlərini həll etmək məqsədilə yaradılan bəzi verilişlərdə ailədaxili münaqişələr şişirdilərək böyüdülür, reytinq xatirinə günlərlə efirdə 9 milyon əhalinin qarşısında müzakirə olunur. Bu tip verilişlər insanların psixologiyasına o qədər təsir edir ki, insanlar ailə problemlərini, məhrəmini cəmiyyətin qarşısında açıb danışmaqdan çəkinmirlər. Bütün bunları nəzərə alaraq, bu, çox yerində bir qərar olub”.
Bəs, görəsən, televiziya verilişləri haqqında ziyalılar nə düşünürlər?

“Ekran qarşısında göz yaşı
tökmək bizə lazım deyil”
Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün Əməkdar jurnalist Məzahir Süleymanzadə ilə əlaqə saxladıq. Müsahibə zamanı M. Süleymanzadə bildirdi ki, mən də başqaları kimi tamaşaçıyam: “Məlumdur ki, günümüz televiziyasız keçmir. Mən də bəzən öz iradəmdən asılı olmayaraq, bəzi televiziya verilişlərinə baxmağa məcbur oluram: bəzən ailə üzvlərim baxdıqda, bəzən də kanalları çevirdikdə. Ancaq indiyə kimi həmin o bağlanan verilişlərin heç birinə sonuna kimi baxmamışam. Bəzən kanalları çevirəndə 5-10 dəqiqəlik diqqət yetirmişəm. Bu zaman onlar haqqında məndə müəyyən fikirlər yaranıb. Mən düşünürəm ki, belə verilişlər Azərbaycanın teleməkanını zəbt etməməlidir. Daha çox maarifləndirici, cəmiyyətə bilgi, savad verən, insanları ruhlandıran, nikbin əhvali-ruhiyyə verən verilişlər yayımlanmalıdır. Bu gün ekran qarşısında oturub belə verilişlərə baxaraq ağlamaq, göz yaşı tökmək bizə, ölkəmizə lazım deyil. İnsanların başını belə hisslərlə qatmaq olmaz. Bizim onsuz da problemlərimiz, dərdlərimiz çoxdur. Əlbəttə, mən heç bir verilişin bağlanmasının tərəfdarı deyiləm. Ancaq mənə elə gəlir ki, xalqın böyük bir hissəsi bu qərarın lehinədir. Onlar da istəyirlər ki, efirimizdəki bu toylar, çal-çağırlar yığışdırılsın. Mən düşünürəm ki, hazırda kanallarımızda yayımlanan kulinariya verilişləri də bağlanmalıdır. Hər bir kanal səhərdən-günortaya kimi yemək bişirməyə başlayır. Bütün bunlar da tamaşaçıya heç nə vermir. Televiziyada çalışan jurnalistlər mənim həmkarlarımdır, onların hər birinə uğurlar arzulayıram. Onlara deyirəm ki, bu verilişlərin bağlanmasından inciməsinlər. Çünki tarix elə bir məqama gəlib çatır ki, televiziya verilişlərinə qiymət vermək lazımdır. Həmin o qiyməti pultun düymələrini basmaqla, reytinq toplamaqla vermək də mümkün deyil. Bu qiyməti ancaq xalq, xalqın savadlı, uzaqgörən ziyalıları verirlər. Onların da fikri budur ki, verilişlərin istiqamətini bir qədər dəyişsinlər. Elə buna görə də mən bu qərarı normal qəbul edirəm”.

“Bu islahatlar, bu tədbirlər
davam etməlidir”
Millət vəkili Fəzail İbrahimli isə düşünür ki, müəyyən məsələlər var ki, onların daima yeni islahatlara ehtiyacı var: “Verilişlərin bağlanması ilə bağlı deyə bilərəm ki, münasib bilinib bağlanıb. Bağlanan verilişlərin əvəzinə də yeni verilişlər açılacaq. Televiziya verilişlərinin qayəsində Azərbaycan əxlaqı, milli mentalitetimiz, milli-mənəvi dəyərlərimiz durmalıdır. Bu dəyərləri pozan, bu dəyərlərdən kənara çıxan hər bir verilişə qarşı birmənalı münasibət olmalıdır. Cəmiyyətin inkişafına mənfi təsir edə biləcək bütün verilişlər bağlanmalıdır. Bu ya hər hansı bir rəsmiyyət tərəfindən, ya da televiziya rəhbərliyi tərəfindən edilməlidir. Mən hesab edirəm ki, bu islahatlar, bu tədbirlər davam etməlidir”.