“Cəmiyyətimizdə hamının şikayət etdiyi problemlərin kökündə cahillik durur”

0
315

Mütaliənin az olması cəmiyyətimizin əsas problemlərindəndir. Bəs gənclərin mütaliə ilə az məşğul olmaları hansı problemlərə gətirib çıxara bilər? Kitabın insanlar arasında daha çox təbliğ olunması üçün hansı addımları atmalıyıq? “Kitabsevərlər” hərəkatının həmtəsisçisi Səbuhi Şahmursoy deyir ki, kitab əsrlərdir hərtərəfli informasiya mənbəyidir: “Heç müasir texnologiyalar da əsas etibarilə kitab fenomenini üstələyə bilmir. Bunu bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Həqiqətən də, kitab oxumayan cəmiyyətlər inkişaf anlayışından məhrumdurlar. Bu gün hələ də inkişaf etməkdə davam edən Avropa və Amerika ölkələri “beyin sıçrayışı”nı mütaliəyə borcludurlar. İndi cəmiyyətimizdə hamımızın şikayət etdiyi çatışmayan məsələlərin kökündə birmənalı olaraq cahillik durur. Həm də bu cahillik, necə deyərlər, XXI əsrin məxsusi cahilliyi olduğuna görə heç də gücsüz deyil”.

Müsahibimizin sözlərinə görə, əgər biz həqiqi mənada sivil və demokratik dəyərlərlə işləyən cəmiyyətdə yaşamaq istəyiriksə, kitab oxumalıyıq: “Dünyaya mədəni və bəşəriyyət üçün perspektivli bir toplum kimi inteqrasiya etmək istəyiriksə, təhsilin və ümumilikdə mütaliənin əhəmiyyətini anlamalıyıq. Əks halda, biz nəinki dünyaya, heç özümüzə də səmərəli ola bilmərik”.

Müsahibimizə görə, faydasız işlərə böyük zaman sərf edən gənclərin “kitab oxumağa vaxtım yoxdur” deməsi inandırıcı görünmür: “Gənclərin alternativ məşğuliyyətlərini istiqamətləndirməyə böyük ehtiyac var. Mən həmişə bu yanaşma ilə razı olmuşam ki, gənclərin kitab oxuması daha faydalıdır, çünki bu nəsil istər bir toplum, istərsə də dövlətçilik üçün potensial əhəmiyyətə sahibdir. Naqis dünyagörüşünü aradan qaldırmaq üçün bəzən sərt addımlar atılmalıdır. Biz kütlə olaraq kitabdan çox uzaqlaşmışıq. Doğrudur, mütaliə etmək şəxsi seçimdir, lakin bunu bir “dəmir qayda” halında dəbə salmaq lazımdır. Məncə, öncə şəxsi inkişafın mümkünlüyü izah olunmalıdır”.

S. Şahmursoy düşünür ki, XXI əsrin məxsusi cəhalətilə mübarizə olduqca çətindir: “Əslində, Sovet İttifaqı Azərbaycanında əhali arasındakı mütaliə vərdişi göstəriciləri kifayət qədər qənaətbəxş idi. Bu prinsip təməl kimi götürülərək tarixi ardıcıllıq zəmanət altına alınmalı idi. Lakin çox təəssüf ki, o dövrdə kitab dükanlarının qarşısında növbəyə düzülən insanlar müstəqillik dönəmində hansı səbəblərdənsə bu vərdişləri yeni nəslə ötürə bilmədilər. Nəticədə zəruri tədris kitabları xaricində istənilən ədəbiyyatdan xəbərsiz böyüyən bir gənclik yarandı. Hətta kitab və ya mütaliəçilik vərdişi bu arzuolunmaz dalğanın bir ironiya mənbəyinə çevrildi. Etiraf etməliyik ki, bu gün cəmiyyətimizdə bununla mübarizə aparmaq kifayət qədər qəliz bir məsələdir”.

Kitab təbliğatı ilə bağlı hansı tədbirlər görülməlidir?

Müsahibimiz düşünür ki, rəsmi və qeyri-rəsmi qurumlar təkcə kitabların çapı ilə məşğul olmamalı, həm də təbliğat fəaliyyətlərini formalaşdırmalıdırlar. Kəmiyyət etibarilə az olan belə qurumlar hər bir fürsətdən yararlanmalı və insanları mütaliəyə həvəsləndirmək üçün müxtəlif təbliğat vasitələrindən istafadə etməlidirlər. Bu mənada böyük məsuliyyət yerli nəşriyyatların üzərinə düşür. Bu, həm də onların məlum bizneslərinə balanslı rəqabət tempi gətirər. Sosial şəbəkələrdə də, az da olsa, bu tip təbliğat maşını işləyir. Dostlarımızla birgə sosial şəbəkədə təsis etdiyimiz “Kitabsevərlər” qrup və səhifəsi, realda isə Kitabsevərlər Hərəkatı 2 ildən artıqdır ki, sırf kitab təbliğatçılığı və maarifçiliklə bağlı fəaliyyət göstərir. Bu hərəkatda müxtəlif yönlü işlərin görülməsi və tədbirlərin keçirilməsini bir çox insanlar tamamilə təmənnasız edirlər, heç bir qurumdan və təşkilatdan yardım almadan, əksinə, öz şəxsi vəsaitlərini xərcləməklə edirlər. Əsasən gənclərdən ibarət olan bu maarifpərvər insanların məqsədi öz kitab sevgisini başqasına aşılamaq və cəmiyyətimizi kitablı görməkdən ibarətdir. Məncə, yaşadığımız cəmiyyətdə daha çox bu cür həqiqi könüllülərə ehtiyac var. Mütaliə statistikalarına həsəd apardığımız qonşu Türkiyə və Gürcüstan da bu cür “özfəaliyyət” mərhələsini keçiblər. Onlar da zamanla maarifpərvər insanlar və fədakar müəllimlərin əməyindən yararlanıblar. Əlbəttə ki, dövlətin də sözügedən fəaliyyət qruplarına dəstəyinin olması daha böyük nailiyyətlərə yetişmək demək olardı. Nə olursa-olsun, istənilən cəmiyyət kitabla, elm və biliklə nicat tapacaqdır. Bunu heç vaxt unutmamalıyıq”.

“Əvvəl evin içi, sonra çölü”

Mövzu ilə bağlı gənc yazıçı Cavid Qədirli də öz fikirlərini bizimlə bölüşdü: “Açığını desəm, mənim üçün kitab oxumamaq” ifadəsi absurd anlayışdır. Pafosdan tamamilə uzaq olaraq qeyd etməliyəm ki, kitab, daha doğrusu, ədəbiyyat həyatın özüdür. Əlbəttə, kitab olmadan da yaşamaq olar. Amma fərqli insanları, fərqli həyatları qavramaq baxımından bədii ədəbiyyat əvəzedilməz vasitədir”.

Müsahibimizə görə, kitab hadisələrə, insanlara bir yox, bir neçə baxış bucağından yanaşmağı öyrədir: “Analiz qabiliyyətini inkişaf etdirir, söz bazasını artırır. Ən əsası dünyagörüşünü genişləndirir. Bundan başqa, mütaliə vaxtı səmərəli və maraqlı keçirmək üçün əvəzsiz vasitədir. Kitab oxumayan şəxs bütün bunlardan məhrumdur”.

Müsahibimizin fikrincə, kitab təbliğatını aparmaq üçün özümüzdən başlamalıyıq: “Əvvəl evin içi, sonra çölü. Müəyyən qədər baza formalaşdırmalı, analiz qabiliyyətini inkişaf etdirməliyik ki, təbliğatı qarşı tərəfi qane edəcək səviyyədə apara bilək”.

C. Qədirli: “Əlbəttə, mütaliəsizliyə qarşıyam, amma bir adamı kitab oxumadığına görə “dara” çəkmək gülünc olar. Bundan əlavə, kitaba film, kompyuter oyunları, müxtəlif sosial şəbəkələr, teleradio proqramları kimi “rəqiblər” də mövcuddur. Sadaladıqlarım daha yüngül “qida”, daha asan əyləncə vasitələridir və gənclər daha çox bunlara üz tuturlar. Bir məsələni də qeyd edim ki, insanı mütaliəyə lap körpə yaşlarından alışdırmaq lazımdır. Amma di gəl ki, uşaqlarına kitab alan neçə valideyn tanıyırsız?”

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva