“Cəmiyyəti olduğu kimi göstərib, eybəcərliyi üzə çıxarmalıyıq”

0
507

İki ay əvvəl Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunan Xəzər Gəncəli ilə yaxından tanış olduq. Hazırda gərgin məşqlər keçən, yeni tamaşa hazırlayan rejissor imkan tapıb suallarımızı cavablandırdı. Müsahibimiz XIX əsr rus realist ədəbiyyatının yaradıcılarından olan N. V. Qoqolun məşhur “Müfəttiş” əsəri üzərində işlədiyini, ciddi səylə tamaşanı hazırladığını bildirdi: “Yanvar ayının 20-dən məşqlərə başlamışıq. Klassik pyesdir. 1936-cı ildən səhnələşdirilən, müxtəlif ölkələrdə, ayrı-ayrı dillərdə tamaşaya qoyulan bu əsər hələ də öz aktuallığını itirməyib. Aprelin sonlarında təhvil verəcəyimiz “Müfəttiş”in mənfi qəhrəmanları vasitəsilə tamaşaçılara həqiqəti üzə çıxarmağa, iblisə qalib gəlməyə yardımçı olmağa çalışacağıq.”
Xəzər Gəncəli 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Respublikanın görkəmli teatr rejissoru, SSR Xalq artisti Mehdi Məmmədovdan, eyni zamanda Nəsir Sadıqzadədən və Ədalət Ziyadxanovdan öyrəndiklərinə əsasən, rejissorluq və aktyorluq sənətinin sirlərinə yiyələnib. İş fəaliyyətinə müəllimliklə başlayıb. Eyni zamanda 1981-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən tədris teatrında rejissor kimi fəaliyyət göstərib. Eyni vaxtda 5 il aktyorluq edib. 1997-ci ildə ustadı Mehdi Məmmədovdan sonra ikinci şəxs olaraq, rejissorluq sənəti üzrə “Rejissor və pyes”i mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2004-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Mərmərə Universitetinə dəvət alan Xəzər Gəncəli tam on il orada rejissor və aktyorluq sənətini tədris edib. Eyni zamanda bir neçə tamaşa da hazırlayıb. 2011-ci ildə İstanbulda “Yönetmen ve oyun” adlı kitabı dərc olunub. Göstərdiyi fəaliyyətinə görə fəxri fərmanlara, diplomlara layiq görülüb.
– Türkiyədə çalışmaq mənim üçün böyük bir sınaq oldu. Türkiyə dramaturgiyasının əsası türk yazarı İbrahim Şinasinin 1860-cı ildə qələmə aldığı “Şair evlənməsi” əsəri ilə qoyulub. Mən isə Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni məşhur” pyesini həmin yazıçıdan on il əvvəl, 1850-ci ildə yazdığını bildirdim. Təəssüf ki, türkiyəlilərin Azərbaycan ədəbiyyatının C. Məmmədquluzadə, H. Cavid, Ə. Haqverdiyev kimi klassiklərindən xəbərləri yoxdur. Mən isə İstanbulda çalışdığım müddətdə öhdəmə düşən vəzifəmdən istifadə edərək, ilk pyesimizi türkcəyə tərcümə edərək, “Yıxılasan, Paris” adı ilə, Məstəli şah rolunu özüm oynamaqla səhnələşdirdim. Tamaşa anşlaqla qarşılandı. Mərmərə Universitetində çalışdığım dövrdə türk yazarları Turğut Özakmanın “Töre”, Tuncay Güzeloğlunun “Dosye”, Cahid Atayın “Pusquda” əsərlərini və Qoqolun “Müfəttiş”indən hissələr tamaşaya qoyuldu. Teatrın, rejissorun baş vəzifəsi öz tamaşaçısına həyatda bilmədiyi, daha çox bilməkdən qaçdığı həqiqətləri göstərmək, onu maarifləndirməkdir. Gözəl tamaşa insanı mənən təmizləməli və düşündürməlidir. Gülüş hər zaman lazımdır, lakin həmin gülüşün mənalı olması lazımdır. Aktyor və rejissor səhnədə mövcud cəmiyyəti olduğu kimi göstərib, eybəcərliyi üzə çıxarmalıdır ki, tamaşaçı səhnədə gördüklərindən nəticə əldə edə bilsin. Çünki ictimai mühit insanı tərbiyə edir.
– Teatrın fəaliyyəti istiqamətində hansı yeniliklər tətbiq olunacaq?
– Teatrın daha da inkişafı üçün qəbul olunan xüsusi proqramlar, həmçinin nazirliyin təklifləri nəzərə alınaraq, bölgə teatrını daha da inkişaf etdirmək istəyirik. Düzdür, bu teatrda bacarıqlı gənclər çoxdur. Onları daha yaxşı yetişdirmək üçün birinci növbədə aktual, yaşadığımız dövrün həm məişət, həm də ictimai problemlərini göstərən kamil əsərləri seçmək və hazırlamalıyıq. Bu əsərlər müasir də ola bilər, klassik də. Məncə, aktyorların daha da yaxşı yetişməyi də məhz belə əsərlərdə olur.
– Bəs gənc kadrlarla iş hansı istiqamətdə qurulur?
– Teatrda “Ümid” adlı studiya yaradılıb. Bu studiyada bacarığı olan, istedadlı gəncləri 18 yaşdan yuxarı qız və oğlanları bir yerə toplamışıq. Teatrın aktyorları tərəfindən onlara aktyor sənəti, səhnə danışığı, teatr tarixi, səhnə plastikası tədris olunur. Onu da deyim ki, teatrda gənclərin daha çox olması gənc enerji deməkdir. Bölgələrdə fəaliyyət göstərən aktyorlar üçün də bu, çox maraqlı təcrübədir. Mən də çalışacam ki, gənclərə daha çox yer verim.
– Teatrda hansısa problemlərlə üzləşirsinizmi?
– Hələ ki yox. Teatr müasir standartlara cavab verən bir teatrdır, bu da həm tamaşanın keyfiyyətinə müsbət təsir edir, həm də tamaşaçı axını deməkdir. Yəni bir sıra teatrlarda tamaşaçı qıtlığı olduğu halda, Mingəçevir teatrında bu müşahidə olunmur. Bütün tamaşalara tamaşaçı gəlir, bu da bizə bir stimul verir ki, daha yaxşı tamaşalar hazırlayaq.
– Deməli, bütün kollektiv gücünü yeni-yeni uğurlar əldə etməyə yönəldib?
– Bəli, bu gün Mingəçevir Dövlət Dram Teatrı klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət edir. Bu teatrın binası öz gözəlliyi, möhtəşəmliyi ilə şəhərə bir gözəllik bəxş edir. Mingəçevir teatrı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən öndə gedən teatrlar siyahısına salınıb. Mən də bir rejissor olaraq, bu ənənəni davam etdirmək üçün var gücümlə çalışacam. Biz də sizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Esmira Hidayətova Mingəçevir